Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Media / 8 ailə ölüm təhlükəsi ilə üz-üzə… – VİDEO

8 ailə ölüm təhlükəsi ilə üz-üzə… – VİDEO

Narazı sakinlər: “11 ildir ki, kirayədə yaşayırıq, çünki evimizi vermirlər” 
Yasamal rayonu, Salatın Əsgərova küçəsi 74 ünvanında yaşayan 8 ailənin vəziyyəti acınacaqlıdır. Qeyd etdiyimiz ünvanda olan evlər qəzalı haldadır. Burada yaşamaq çox təhlükəlidir. 
Evlərin bir hissəsi uçub. Bəzilərinin isə zirzəmisi, tavanı çöküb. Buradakı insanlar üçün ölümlə yaşamaq arasında bircə addım məsafə var. Addımı səhv atdınsa, çökən evin əşyaları kimi torpaq altında qala bilərsən.
Musavat.com saytına müraciət edən sakinlərin sözlərinə görə, bu vəziyyət illərdir ki, davam edir. Narazı və çarəsiz qalan sakinlər müxtəlif rəsmi qurumlara, aidiyyəti orqanlara müraciətlər ediblər. Lakin onların sözünü dinləyən olmayıb.
“11 il öncə bu evdən çıxmalı olduq. Kirayə ev tutmuşuq. Çünki hər gün ev daha da çökürdü. BŞİH-i demişdi ki, bizə ev veriləcək, amma verilmədi. Həyətimin düz yanında tikinti gedirdi, o da evlərin dağılmasına təkan verdi. İndi bina tikilib, istifadəyə verilib. Camaat yaşayır, amma biz yaşaya bilmirik. Nə qədər kirayədə qalmaq olar?” – bu sözləri evi tamamı ilə dağılan Aida Quluyeva deyib.
A.Quluyevanın sözlərinə görə, artıq kirayə pulunu da verə bilmirlər: “Ev çökəcək deyə buradan çıxmışdıq. Bir dəfə xəbər gəldi ki, ev uçub. Pianom, əşyalarım qaldı, torpağın altında… Yoldaşım ağır xəstədir, 3 dəfə infarkt keçirib. Dərmanlarına pul çatdıra bilmirəm. Körpə nəvələrim də var.
Kirayə pulunu vermək üçün çətinlik çəkirik. Yemirik, içmirik ki, kirayənin pulunu ödəyə bilək. Heç kim kömək etmir. Nə edək? Başqa ölkənin vətəndaşlığına keçək? Bilmirəm, nə edim? Bu illər ərzində 35 min manata yaxın pulumuz kirayələrə gedib. O qədər pulum tam şəkildə əlimdə olsaydı, ev alardım. İstəyim sadəcə evdir. Hansı ki, qanunla verilməlidir.
Sadəcə, hamısı məsələdən boyun qaçırır. Bütün qurumlar şikayətimizi evimizin düz yanında ucaldılan binanı tikən şirkətə yönəldir. “Səadət” MTK adlı tikinti şirkəti vaxtı ilə binanı tikərkən BŞİH-lə bizi evlə təmin edəcəyi ilə bağlı anlaşıb. Amma anlaşmanı yerinə yetirmir”.
Yelizaveta Mahmudova deyir ki, qızının yaşadığı evi söküblər: “Ev 1857-ci ildə bud daşından hörüldüyü üçün istismar müddətini başa vurub. Bunu nəzərə alıb, 2008-ci ildə evin tavanını və bir otağını təmir etdirmək qərarına gəldik. İstəyirdim ki, qızım uşaqları ilə birgə həmin otaqda yaşasın. Bununla bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsindən və Bakı Şəhər İcra Hakimiyyətindən razılıq məktubu aldıq. Evin təmir-bərpası üçün lazım olan tikinti materiallarını və digər şeyləri alıb, işə başladıq. Bir müddətdən sonra gəldilər və evimi sökdülər. Məhkəməyə müraciət etdik. Yasamal rayon Məhkəməsində qərar bizim lehimizə verilsə də, Ali Məhkəmə həmin qərarı ləğv etdi və sənədlərimizi ləğv etdilər. Evin yerində qonşuluqdakı binanın mühafizəsi üçün köşk tikdilər”.
Sakinlərin tək istəyi insan kimi normal evdə yaşamaqdır. Onların vətəndaş olaraq, buna tam haqları çatır.

Həmçinin oxuyun

Uzun iş günü insulta səbəb olur

Əgər insan uzun müddət istirahətsiz işləyirsə, onun insult riski artır. Bunu alimlər deyiblər. Uzun müddətli …

Bir cavab yazın