Cümə , Aprel 26 2024
Ana səhifə / Manşet / QATİL TUTULDU, QALDI XOŞQƏDƏMİN “HƏBSİ”…

QATİL TUTULDU, QALDI XOŞQƏDƏMİN “HƏBSİ”…

Bir neçə gündür ki, Tovuzda 10 yaşlı Nərminin dəhşətli şəkildə öldürülməsilə bağlı gedən ictimai müzakirələi izləyirəm. Öldürülən uşağın cəsədinin qalıqları tapılıb. Qətldə şübhəli bilinən şəxs saxlanılıb, hadisə ilə bağlı zəruri istintaq hərəkətləri aparılır. Bəs nə qaldı? Qaldı 4 ay əvvəl itən və sonra qətlə yetirilən qızın mövzusunu ictimailəşdirən jurnalist Xoşqədəm Hidayətqızının “həbs” olunması…

Bu qərarı həmkarımızın barəsində hansısa məhkəmə və ya istintaq orqanı çıxarmayıb. Xoşqədəmin tutulmasını, hətta öldürülməsini belə tələb edənlər “samosud” edərək belə qərara gələnlərdi. Əsas arqumentləri nədir? “Qatil Xoşqədəmin verilişini izləyirmiş”. Buna görə jurnalistin hər hansı bir günahı və ya təqsiri varmı? Dəqiq bilirəm ki, Xoşqədəmin izləyiciləri arasında cəzaçəkmə müəsissələrinin məhkumları da az deyil. Həmin kateqoriya insanlara verilişin hansı təsirləri buraxdığını biz proqnozlaşdıra bilərikmi?

Bəlkə də verilişi izləyən hansısa məhkum, azadlığa çıxanda təkrar cinayət törədəcək və ya islah olub, normal həyat yoluna qədəm qoyacaq. KİV-lərdə yayımlanan materiallar məzmun baxımından dövlətin qanunlarını pozmamalıdır, onun kimə hansı psixoloji təsir göstərəcəyinə isə müəllif və ya jurnalist məsuliyyət daşımır. Bu mövzuda mənimlə mübahisə edənlər də tapıla bilər. İddia edə bilərlər ki, birdən efirə gedən veriliş əxlaqi normalara zidd olarsa, necə? Xoşqədəm Hidayətqızının verilişi əxlaqsılığı, zorakılığı təbliğ etmir.

Belə olsaydı, indiyə qədər barəsində şikayət edilib, fəaliyyətinə xitam verilərdi. Ən maraqlısı odur ki, Xoşqədəmə qarşı ən aqresif formada çıxış edənlərin böyük əksəriyyəti onun verilişinin izləyiciləridir. Bunu əminliklə deyirəm. Çünki vaxtilə həmin verilişə ekspert kimi qatıldığıma görə, məni tənqid edənlərin, sonra verilişin prodüserlərinə “bizi ora niyə ekspert kimi çağırmırsınız?” kimi yazdıqları mesajları da görmüşəm. Bunu yazanlar arasında hazırda Xoşqədəmin qanına susayan tanınmış jurnalistlər də az deyildi.

Hidayətqızının jurnalist fəaliyyəti, efirdə özünü aparması tənqid və təhlil oluna bilər. Bu, normaldır. Ən güclü və şedevr sayılan əsərlər belə, ədəbi tənqidə məruz qalırsa, Xoşqədəmin fəaliyyəti niyə olmasın? Həmkarımızın müəllifi olduğu verilişin əsas profili itən adamları axtarmaqla bağlıdır. Verilişin mətbəxtinə azdan-çoxdan bələd olan adam kimi deyə bilərəm ki, Xoşqədəm Hidayətqızı müzakirəyə çıxardığı məsələlərlə bağlı heç kimdən “mənim doğmamı öldürüblər, xahiş edirik həmin cinayətin üsütünü açın” məzmununda ərizə qəbul etmir. Nə də həmin veriliş vasitəsilə qətlə yetirildiyi sübuta yetirilən şəxslər belə müraciətlə onun yanına gəlmir.

Verilişlə bağlı baş verən bütün səs-küylü proseslər eyni ardıcıllıqla davam edib. Adamların doğmaları itib, polisə müraciət ediblər, tapılmayıb. Məcbur qalıb “Səni axtarıram”a pənah aparıblar ki, bəlkə ictimailəşməyin bir nəticəsi ola. Bu, heç də o anlama gəlmir ki, polis yaxşı işləmir və ya Xoşqədəm hüquq-mühafizə orqanlarının səlahiyyətini mənimsəyir. Ölkəmiz ölüm halları ilə bağlı ağır və ya xüsusilə ağır cinayətlərin üstünün açılmasına görə, MDB məkanında lider yerlərdən birini tutur. Həmin cinayətlərin heç də hamısı televerilişlərin köməyi ilə açılmır. Polisə belə cinayətlərin açılmasında informasia dəstəyi lazımdır və bu qanunla qadağan edilmir. Belə olsaydı , hüquq-mühafizə orqanları agentura şəbəkəsi ilə işi tamamilə ləğv edərdilər.

Hər hansı cinayət işinin üstünün açılmasın “Səni axtarıram”ın rolu olubsa, buna görə Xoşqədəm Hidayətqızına minnətdarlıq bildirilməlidir. Edilib də, özü də ən yüksək ranqda-nazirlər səviyyəsində. Salyanda bir ailənin 5 üzvünün qətlinin üstünün 4 ildən sonra açılmasında jurnalistin və onun aparıcısı olduğu verilişin rolu danılmazdır. Onda biz həmkarlar olaraq, hansımız Xoşqədəmə minnətdarlığımızı bildirdik? Bu, uğur deyildi? Məgər biz yalnız fürsətçil olub, ancaq ittiham etməyə imkan yarananda insanın üzərinə hücum çəkməliyik?

Sonuncu hadisə ilə bağlı iradlardan biri də budur ki, Xoşqədən qatilə müraciətində “əməkdaşlıq” təklif edib. Bu, əməkdaşlıq deyil. Axı, Xoşqədəm hardan biləydi ki, 10 yaşlı qız məhz qatilin əlindədir? Həmin verilişin tarixində hallar olub ki, azyaşlını oğurlayıb evlənmək və ya zorlamaq niyətilə əllərində saxlayıblar. Polisə və digər qurumlara da şikayətlər edilib, yalnızv məsələ ictimailəşəndən sonra , gətirib gələcək qurbanları valideynlərinə təhvil veriblər.

Paylaşdığım videolardan biri azyaşlı qızın rəqs müəllimi tərəfindən oğurlanamsı ilə bağlıdır. Həmin prosesi də Xoşqədəm xanım sona qədər araşdırdı və rəqs müəllimi azyaşlını öz valideynlərinə qaytarmağa məcbur oldu. Onda da, Xoşqədəm xanım cinayəti edən müəllimə efirdən müraciət edirdi. Nəticə, fərqli oldu. Təbiidir ki, atdığı addım müəllimi məsuliyyətdən uzaq etmədi. Əmin olaq ki, Xoşqədəm Hidayətqızının çağrışında kiçik də olsa yanlışlıq olubsa, bu, Nərminin öldürülməsi üçün deyil, xilası üçün edilib.

Çoxu bunu bilə-bilə Xoşqədəmin üstünə gedir. Tənqidçilər yox, ittihamçılar arasında qəribə personaları görürəm. Açıq seksual səhnələri təbliğ etdiyinə görə verilişi bağlanan aparıcıdan tutmuş, erməni müğənniyə instaqramda “Bravo” yazıb, ictimai qınağı eşidəndən sonra şərhini silən xalq artistinə, indiyə qədər jurnalistika sahəsində toz olub, Xoşqədəmin yanından belə keçə bilməyən bəzi həmkarlarımıza kimi. Bax, belələrini ittihamçı qismində görəndə, həsəd, paxıllığın gizlədilə bilmədiyinə şübhə yeri qalmır. Uzun müddətdir ki, “Səni axtarıram”ın verilişlərində ekspert kimi iştirak etmirəm. Yazdıqlarım verilişin ekspertinin rakursundan olan dəyərləndirmə kimi qəbul olunmasın.

Tam kənar bir izləyici olaraq fikirlərimi bölüşürəm. Təxminən 2 il həmin verilişdə ekspert kimi iştirakçı olmasaydım, bəlkə mən də qaragüruha qoşulub Xoşqədəmin dar ağacından asılmasını tələb edənlərdən olardım (?) İndi bunu edə bilmərəm. Vicdanım imkan verməz. Çünki mən Oğuz rayonundan olan Yolçu adlı bir oğlanın Qazaxıstanlı bir iş adamı hamilə xanımı aldadaraq Bakıya gətirib öldürdüyü və sonra qarət etməsi ilə bağlı cinayətin üstünün də həmin verilişdə necə açıldığının şahidiyəm. Yolçudan da qızın doğmaları şikayət etmişdi. Qatil polisə gedib izahat verib, qızın aereportdan ondan ayrıldığını demişdi. Sonra qızın doğmaları verilişə müraciət etmişdilər.

Məsələ ictimailəşəndən sonra, dəhşətli qətlin üstü açıldı. Siyahını uzada da bilərəm. Xüsusilə də həmkarlarımız bilməlidir ki, aparılan jurnalist araşdırması hansısa cinayətin üstünün açılamsına yardım edirsə, ona görə media mənsubuna münnətdarlıq bildirilməlidir, onu tənqidə və bəzən təhqirlərə tuş etməməliyik. Xoşqədəm Hidayətqızının əməlində Nərminin öldürülməsi ilə bağlı heç bir cinayət motivi görmürəm. Bunu istənilən adamla müzakirə etməyə hazıram.

Əgər Xoşqədəmi görmək sizi belə əsəbləşdirirsə, Nərmin cinayəti ilə bağlı əlinizdə tutduğunuz arqumentləri boş buraxın, çünki əsassızdırlar. Bacara bilirsinizsə, verilişinə baxmayın, bu yolla Xoşqədəmi iqnor edin. Verilişin reytinqi onu deməyə əsas verir ki, bunu bacaran deyilsiniz, çünki çoxunuz həmin verilişin izləyicisiniz. Gəlin, bir az insaflı olaq…

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …