Ana səhifə / Media / Azərbaycan məmuru ilə jurnalisti arasında elə də çox fərq qalmayıb…

Azərbaycan məmuru ilə jurnalisti arasında elə də çox fərq qalmayıb…

30 ildən çoxdur ki, Azərbaycan mətbuatını yaxından izləyirəm. Neçə dəfələrlə oxumuşam; xərçəngin müalicəsi tapıldı, şəkərə son, maaşlar artdı və s. Amma hər il yüz minlərlə insan xərçəngdən, şəkərdən ölür. “Maaşlar artdı” başlıqlı xəbərləri oxuyanda görürsən ki, söhbət başqa ölkədən gedir.

Yaxud da “filan müğəninin bikinidə göründü”, “filankəs ana oldu”…

Artıq insanlar tik-tokda “meymunlarla” daha çox vaxt keçirdiyindən televizorlara və saytlara vaxt ayırmır. Bilirsinz niyə? Çünki media güvənini itirib. Srağagün Əli Həsənovu təbrik edənlər, dünən Əflatun Amaşovu təbrik edirdilər, dünən Əflatunu təbrik edənlər bu gün bir başqasını təbrik edirlər. Nə sragagün, nə dünən, nə bu gün edilən təbriklər haqq veriləsi təbriklər deyil. Çünki o təbriklərin arxasında çirkin istəklər və maraqların işıltıları görünür.

Baxın, bu gün sahibsiz mətbuat, yəni azad mətbuat yoxdur. Mətbu orqanlar ya dövlət tərəfindən, ya da dövlətdən milyonlar oğurlayan məmurlar tərəfindən maliyyələşir. Bir məmurun yaxtası, bahalı maşınları, sevgililəri, atı, iti, pişiyi vardısa, mütləq bir və ya bir neçə saxladığı jurnalisti də var.

Peşəkar jurnalistlərimiz yoxdur və ya azdır, desəm dilim yanar. Var, kifayət qədərdir. Amma yazılarını görmürük.

Tanınmış jurnalist Məmmədəli Qəribli Media Agentliyini tənqid edən status paylaşıb. Açığı bu adam qurd ürəyi yeyib; hara daş atdığının fərqindəsənmi… Adamı parçalayarlar!
Cavabı da oxudum. Bu hələ ən zəif xəbərdarlıqdı.

Qəribli qardaş, indi həqiqəti yazmaq olmaz, zamanı deyil.

Azərbaycanda məktəblər yüksək səviyyədə tikilib? Tikilib. Hər cür avadanlıqlar var? Var. Müəllimlər necə? Var. Amma təhsilin anasını ağladıblar.

Ən müasir xəstəxanalar varmı? Var. Ən yüksək texnologiya necə? O da var. Amma TƏBİB, Oqtay Şirəliyevin atasına rəhmət oxutdurur.

İnzibati idarələr ən yüksək səviyyədə təmir olunubmu? Olunub. Məmurlar ən lüks avtomobildə gəzirlərmi? Gəzirlər. Vətəndaşa xidmət isə sıfırdır

Saytlara hər cür şərait yaradılıbmı? Yaradılıb. Peşəkar jurnalist varmı? Var. Mətbuat varmı? Bu çox çətin sual oldu, vaxtımı saxlayıram.

Məsələn, “Azərqaz” hər gün vətəndaşın cibinə girir, mətbuat ondan yazmır, “Azərqaz”ın gözdən pərdə asan görüşlərini tirajlayır.

“Azərişıq” limitlə camaatın başına oyun açır, mətbuat isə rəhbərliyin görüşlərini yayımlayır.

Mobil rabitə şirkətləri vətəndaşı qəpik-qəpik soyur, mətbuat onun reklamını verir.

Jurnalistika təkcə üslubu, vergülü, qoşmanı, ədatı, abzası və s. bilməklə bitmir. Jurnalist xalqın nəbzini də bilməlidir. Məsələn, mən yüz dəfə yazsam, kəndimiz yoxsulluqdan boşalıb ona reaksiya verən olmaz, amma Elçin Şıxlı bir dəfə yazsa reaksiya olar. Amma yazmır..

Gömrükdə sahibkarların dərisini soyurlar, mən yazsam, deyəcəklər kimin adamıdı? Heç kimin…

Deyəcəklər ”fikir verməyin, boş şeydir” .

Anar Niftəliyev yazsa, aləm qarışar. Amma yazmaz…

Məmmədəli Qəribliyə yazılan cavabda peşəkar üslub hiss etdim. Amma nə yazıq ki, bu üslüb xalq problemlərinin işıqlanması üçün istifadə edilmir. Həmin istedadlar məmurları, deputatları, rəisləri, siyasətçiləri qorumaq üçün məsul ediliblər. Başqa işlərə zamanları yoxdur. Uzun sözün qısası, Azərbaycan məmuru ilə jurnalisti arasında elə də çox fərq qalmayıb.

Talıb ƏHƏDOV, jurnalist

Azinforum.az

Həmçinin oxuyun

“Mətbuat Azadlığı İndeksi” açıqlandı: Azərbaycan 13 pillə geriləyib

Sərhədsiz Reportyorlar Təşkilatı (Reporters Without Borders -RWB) 2024-cü il üçün “Dünya Mətbuat Azadlığı İndeksi” (“World …