Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Türkmən qazı Azərbaycan üzərindən Qərbə aparılacaqmı?

Türkmən qazı Azərbaycan üzərindən Qərbə aparılacaqmı?

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Bakı səfəri zamanı bir çox ikitərəfli və beynəlxalq mövzulara toxunulub. Görüşün yekununa əsasən bəzi müqavilələr də imzalanıb. Amma maraqlıdır ki, iki ölkənin rəhbəri arasında keçirilən görüşdə Türkmənistan qazının Azərbaycan üzərindən Qərbə ixracı mövzusuna toxunulması barədə bir kəlmə belə deyilmir. Sadəcə, iki ölkənin baş nazirlərinin müavinləri arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı barədə anlaşma memorandumu  imzalandığı xəbəri var. Ekspertlər isə güman edirlər ki, türkmən qazının Azərbaycan vasitəsilə Qərbə ixracı gündəmdə qalmaqda davam edir. Onların fikrincə, danışıqlar hələ yekun mərhələdən çox uzaq olduğundan, tərəflər açıqlama vermək istəmirlər.

“Türkmənistan qazının Qərb marşrutu, yəni, Xəzər dənizi vasitəsilə Avropa bazarına çıxarılması artıq 20 ildən çoxdur ki, gündəmdədir. 1996-cı ildə Türkmənistan ilə Türkiyə 30 milyard kubmetr qazın alqı-satqısına dair müqavilə imzalayıb və bu məsələ o zaman gündəmə gəlib. Sonra isə bu mövzu zaman-zaman gündəmə gətirilib”.

Bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, digər tərəfdən, ötən əsrin ikinci yarısında “Nabukko” layihəsi gündəmə gələndə sözügedən məsələ yenidən qızışıb: “İndi də bu məsələnin gündəmə gəlməsi Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun 2007-ci ildə prezident seçilməsindən sonra verdiyi bəyanatlarla əlaqədardır. Yəni, 2007-ci ilin mart ayında Qurbanqulu Berdiməhəmmədov ilk dəfə səsləndirib ki, Türkmənistan çoxşaxəli ixracın tərəfdarıdır və bunlardan biri Qərb marşrutudur. Ondan sonra mütəmadi olaraq bu cür bəyanatlar səsləndirilir”.

Onun fikrincə, hazırkı dövrdə bu məsələnin həyata keçib-keçməməsindən asılı olmayaraq bu marşrut gündəmdədir: “Türkmənistan həmin marşrutu öz bəyanatları ilə gündəmdə saxlayır. Digər tərəfdən, Avropa İttifaqı 2005-ci ildən sonra şaxələndirmə siyasətini gündəmə gətirəndən sonra Türkmənistan qazını özünün alternativ mənbələrdən alacağı qaz kimi görür. Necə ki, Azərbaycan qazını da bu mənbə kimi qeyd edirdi. Azərbaycan qazı artıq reallaşmaq üzrədir və 2020-ci ildən Avropa bazarına daxil olacaq”.

İ.Şabanın sözlərinə görə, Türkmənistan qazının Avropa bazarına çıxması bir sıra şərtlərdən asılıdır: “Bu, kommersiya baxımından sərfəli, oraya investisiya qoyan şirkətlər olmalı və bunun üçün hüquqi və təhlükəsizlik şəraiti olmalıdır. Yəni, hüquqi deyəndə Xəzərin statusu və bundan doğan məsələlər şirkətlərə o layihələri icra etməyə hər hansı bir maneçilik törətməməlidir”.

Ekspertin qənaətincə, türkmən qazının Avropa bazarına çıxarılması heç də sadə məsələ deyil: “Bəzilərinə elə gəlir ki, türkmən qazını “Cənub Qaz Dəhlizi”nə birləşdirmək 300 kilometrdir. Bu, belə deyil. Türkmən qazını Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki qaz terminalına gətirmək üçün heç olmazsa, 450 kilometr boru kəməri çəkmək lazımdır. 300 kilometr iki sahil arasında hava xəttidir. Ancaq boru kəmərini müxtəlif sahələrdən əyri çəkmək lazımdır ki, onun təhlükəsizlik məsələləri var. Bundan başqa, Türkmənistan şərq-qərb boru kəməri çəkib, ancaq onun buraxılış gücü Avropa bazarlarına kifayət edəcək səviyyədə deyil. Yəni, ona investisiya qoyulmalıdır”.

Onun fikrincə, burada rəqabətə davamlılıq, kommersiya məsələləri var: “Qazın nəqli neftin nəqlindən təqribən 2,3 dəfə bahadır. Hazırda qazın qiyməti 2014-cü illə müqayisədə 2 dəfə ucuzdur. Bazarda heç də münbit şərait yoxdur. Hələ yaxın perspektivdə bunlar görünmür. Çünki bazarda kifayət qədər qaz var və onun qiymətinin artımında da bir perspektiv yoxdur. Amma heç kim bunu gündəmdən çıxartmır və bu, nə vaxtsa reallaşacaq”.

Mövzunu Sputnik Azərbaycan-a dəyərləndirən “Atlas” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, burada əsas problem, yəni, sözdə Xəzərin statusu ilə bağlıdır: “Amma düşünürəm ki, bu, elə də ciddi problem sayılmamalıdır. Çünki onsuz da bəzi sahil dövlətləri öz sərhədlərini müəyyənləşdiriblər. Məsələn, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Rusiya, Qazaxıstan-Rusiya. Azərbaycan Türkmənistan ilə bu sərhədləri müəyyənləşdirsə, çox asanlıqla Xəzərin dibi ilə boru xəttini çəkə bilərlər”.

Politoloqun sözlərinə görə, ekologiya ilə bağlı müəyyən suallar varsa, onlara da cavab tapmaq olar: “Necə ki, Rusiya Şimal və Qara dənizinin dibi ilə boru xətləri çəkir və bütün ekoloji məsələləri diqqətə alır. Eləcə də Rusiyaya, İrana və Qazaxıstana təminat vermək olar ki, Azərbaycan ilə Türkmənistan arasında çəkiləcək boru xətti də bütün ekoloji şərtlərə cavab verəcək. Bu məsələni də həll etmək mümkündür”.

Onun qənaətincə, türkmən qazının Xəzərin dibi ilə Azərbaycan üzərindən Avropa bazarına çıxarılması həm şaxələndirmə baxımından Türkmənistan üçün, həm də Avropa üçün xeyirdir: “Gələcəkdə mümkündür ki, TAP və TANAP layihələrinə İsrail və İraq da qoşulsun. Bu da Avropaya çatdırılan qazın həcmini artıracaq. Bunun Azərbaycan üçün maliyyə üstünlüyü elə də böyük deyil, əsas olaraq Azərbaycanın siyasi rolu artacaq. Əgər türkmən qazı Azərbaycandan nəql olunacaqsa, deməli, Avropaya daha çox qaz çatdırılacaq. Bu da Azərbaycanın bölgədəki rolu artıracaq”.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın