Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Kriminal / Son 12 ildə Azərbaycanda 222 körpü və yol ötürücüsü tikilib – STATİSTİKA

Son 12 ildə Azərbaycanda 222 körpü və yol ötürücüsü tikilib – STATİSTİKA

Azərbaycanda 2004-2016-cı illərdə yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 8332 kilometrə çatıb, 222 yeni körpü və yol ötürücüsü tikilib.

APA-nın məlumatına görə, bunu “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov “Xalq” qəzetində dərc olunan “Heydər Əliyev iqtisadiyyatın inkişafında yol infrastrukturunun roluna yüksək qiymət verirdi” başlıqlı məqaləsində yazıb.

S. Məmmədov qeyd edib ki, ölkənin ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 2003-cü ildə 18754 kilometr təşkil edibsə, 2013-cü ildə 19000 kilometrə çatdırılıb. Bunun da 17529 kilometri “Azəravtoyol” ASC-nin balansındadır. Son 13 il ərzində avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3014 müxtəlif təyinatlı nəqliyyat vasitəsi, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb, ümumi gücü saatda 2240 tondan çox olan 33 asfalt-beton zavodu işə salınıb.

“Azəravtoyol” ASC-nin sədri nəzərə çatdırıb ki, əvvəlki üç ildə tikintisinə başlanılmış kəndlərarası avtomobil yollarının tikintisinin başa çatdırılması, habelə Bakı şəhəri və qəsəbələrində avtomobil yollarının tikintisi və yenidən qurulmasının davam etdirilməsi 2016-cı ildən başlayaraq “Azəravtoyol” ASC-yə həvalə edilib. Ötən il “Azəravtoyol” ASC kollektivi tərəfindən uzunluğu 880 kilometr təşkil edən ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və ya təmir olunub. Həmin yolların 323,5 kilometri respublika, 463,6 kilometri yerli əhəmiyyətli, 92,9 kilometri isə Bakı şəhərinin yolları olub.

Eyni zamanda dünya əhəmiyyətli İpək Yolu layihəsinin Azərbaycan ərazisi boyunca Bakıdan Gürcüstan sərhədinədək 513 kilometrlik hissəsində işlər davam etdirilib. Magistralın texniki vəziyyətinin öyrənilməsi və yenidən qurulması üçün tələb olunan maliyyə mənbələri həll olunub, eyni zamanda, 2-ci texniki dərəcəli, iki hərəkət zolaqlı hissələrinin 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğunlaşdırılması işlərinin çox hissəsi yerinə yetirilib. Dünya Bankının vəsaiti hesabına maliyyələşdirilən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması layihəsi 2016-cı ildə başa çatdırılıb. Ötən il həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 87,8 kilometrlik Kürdəmir-Ucar-Yevlax hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi üzrə işlər də sona çatdırılıb. Gəncə regionunda dörd körpünün tikintisi də xarici investisiya hesabına həyata keçirilir. Asiya İnkişaf Bankı ilə bağlanmış kredit sazişinə əsasən reallaşdırılan layihə çərçivəsində Ağstafa rayonu ərazisində Ağstafa-Poylu-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunda üç, yerli əhəmiyyətli Poylu-Düzqışlaq-Qazax avtomobil yolunda isə bir körpü inşa olunur. Layihənin cari ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur.

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış borc sazişi əsasında həyata keçirilən 154,4 kilometr Mingəçevir-stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində işlər də davam etdirilir. Tikinti işlərinin ilk mərhələsi çərçivəsində yenidən qurulan 16,45 kilometrlik Mingəçevir-stansiya Mingəçevir hissəsi artıq istifadəyə verilib. Yolun Qarağacı-Bəhrəmtəpə (26-137,9 kilometr) və 26 kilometrlik Aran-Qarağacı hissələrinin tikintisinin isə 2018-ci ildə tamamlanacağı gözlənilir. Şimal-Cənub avtonəqliyyat dəhlizi son illər reallaşdırılan mühüm infrastruktur layihələrindən sayılır: “Bu baxımdan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu layihəsi xüsusi əhəmiyyət daşıyır. Dünya Bankı və Asiya İnkişaf Bankının kreditləri hesabına maliyyələşdirilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 54,4 kilometr hissəsinin tikintisi, Salyan şəhərində Kür çayı və Lənkərənçay üzərindəki körpülərin tikintisi başa çatdırılıb. Yolun 149,5 kilometr hissəsinin inşası isə bu il tamamlanacaq”.

S. Məmmədov qeyd edib ki, ötən il Bakı şəhərinin Binəqədi, Nizami, Yasamal, Xətai, Nərimanov, Nəsimi, Xəzər, Sabunçu, Suraxanı, Qaradağ və Səbail rayonlarında 48 adda prospekt və küçə yenidən qurulub və təmir olunub, həmçinin 4 ədəd piyada keçidi tikilib, 1-i isə təmir edilib. Bundan əlavə, il ərzində Bakı şəhərinin bütün inzibati rayonları üzrə 289,6 min kvadratmetr sahədə cari təmir işləri yerinə yetirilib. Paytaxtda yol infrastrukturunun yenidən qurulması istiqamətində işlər hazırda sürətlə davam etdirilir: “Prezidentin yerli istehsalın daha da genişləndirilməsi istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən, “Azəravtoyol” ASC yolların tikintisi, yenidən qurulması və təmiri zamanı yalnız yerli tikinti materiallarından istifadə edir”.

Həmçinin oxuyun

Azərbaycanlı müğənni Moskvada həbs olundu – Ev yandırdı (FOTO)

Moskvada azərbaycanlı müğənni Rizvan Əliyev həbs olunub. Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan müğənni  …

Bir cavab yazın