Bazar , Avqust 25 2019
Ana səhifə / Kriminal / “Şahdəniz” qazı Avropaya vaxtında çatacaq – TƏHLİL

“Şahdəniz” qazı Avropaya vaxtında çatacaq – TƏHLİL

Dünən Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclası keçirildi. Bu toplantıların hər il eyni vaxtda keçirilməsinin təkcə layihənin gerçəkləşdirilməsi istiqamətində görülən işlər baxımından deyil, həm də ümumən Avropa İttifaqı (Aİ) ilə ölkəmizin münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyəti var.

Məlumdur ki, Aİ üçün enerji təchizatında təhlükəsizliyin təmin edilməsi artıq, xeyli müddətdir prioritet sayılır. Bu isə qeyd olunan sahədə çoxlu sayda mənbələrə – şaxələndirilmiş vəziyyətə nail olmağı tələb edir ki, bu baxımdan, zəngin neft-qaz resurslarına malik Azərbaycana böyük ehtiyac var. Bu gün ölkəmizin təsdiq olunan qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetr təşkil edir. Bunun isə təkcə 1,2 trilyonu “Şahdəniz” yatağında yerləşir.
“Şahdəniz” dünyanın ən nəhəng qaz yataqlarından biridir. Odur ki, bu yatağın işlənməsi Aİ ilə Azərbaycan arasında münasibətlərdə mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə desək, enerji təhlükəsizliyi məsələsi hər iki tərəf arasında əməkdaşlığın mühüm tərkib hissəsini təşkil edir. Bəs, bu sahədə işlər necə gedir? Avropanın təbii qazla təminatında yaxın gələcəkdə mühüm rol oynayacaq Azərbaycanın imkanlarından istifadə istiqamətində həyata keçirilən tədbirlər real olaraq nə yerdədir? Hər şey nəzərdə tutulduğu kimi icra olunurmu?
Əvvəla, qısa tarixi ekskursiya edərək, qeyd edim ki, Azərbaycan təbii qaz ixrac etməyə ilk dəfə 10 il bundan qabaq – 2007-ci ildə başlamışdır. Məhz qeyd olunan ildə Azərbaycan-Gürcüstan-Türkiyə istiqamətində “Bakı-Tbilisi-Ərzurum” qaz boru kəmərinin istifadəyə verilməsi ilə Türkiyəyə mavi yanacaq ixrac olunmağa başlandı. İlk qaz müqaviləsi isə “Şahdəniz” yatağı üzrə bundan xeyli əvvəl – 1996-cı ilin 4 iyununda imzalanmışdı. Müqavilənin tərəflər arasında pay bölgüsü belə idi: BP – operator (28,8%), TPAO (19%), Petronas (15,5%), ARDNŞ (10%), LUKoil (10%), Nico (10%) və Sgc Upstream (6,7%).

Düzdür, o vaxt Avropada enerji təhlükəsizliyi məsələsi hələ gündəmdə deyildi. Ümumiyyətlə, hər hansı yeni qaz layihəsi rentabelli sayılmırdı. Amma Azərbaycan bu sahədə ilk addım atmaqla gələcəkdə böyük qaz ixracçısı kimi tanınan ölkələr sırasına qoşulmaq istədiyini ortaya qoydu.
“Şahdəniz” yatağı Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Burada ilk qaz 1996-cı ilin 4 iyun tarixində imzalanan sazişə əsasən qurulan platformadan qazılmış quyu üzrə 2006-cı ilin noyabrında hasil edilib.
Lakin bu, 1-ci mərhələyə aid işlərin nəticəsi idi. Belə ki, bu mərhələdə hasilatın ildə maksimum 8,6 milyard kubmetr, kondensatın isə gündə 50.000 barrel olacağı gözlənilirdi. Qeyd edək ki, hasil olunan sözügedən bu mavi yanacaq 2006-cı ildən yalnız Azərbaycanın, Gürcüstanın və Türkiyənin ehtiyacları üçün sərf edilir.
Sözügedən yatağın tammiqyaslı işlənməsi isə 2-ci mərhələyə aiddir. Belə ki, bu mərhələdə ildə ilkin olaraq, əlavə 16 milyard kubmetr qaz hasil ediləcək. Məhz bu səbəbdən də “Şahdəniz” dunyanın ən böyük qaz layihələrindən sayılır. 2-ci mərhələdən çıxarılacaq 16 milyard kubmetr qazın 6 milyardı yenə Türkiyəyə, 10 milyardı isə Avropaya nəql ediləcək.
Qeyd edim ki, “Şahdəniz-2”-yə stimul yaradan əsas hadisə əslində, 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanan strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu olub. 2012-ci ildə Türkiyə ilə Azərbaycan arasında TANAP – Trans-Anadolu Boru Kəmərinin çəkilməsinə dair tarixi sazişin imzalanması isə 2013-cü ildə “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair yekun qərara gəlmək üçün əsas yaratdı.
Beləliklə də, ardınca – 2014-cü ildə Cənubi Qafqaz Boru Kəməri (GQBK) ilə bağlı Bakıda təməlqoyma mərasimi keçirildi ki, 2015-ci ildə isə Türkiyənin Qars vilayətində TANAP-ın özülü atıldı. GQBK-nın təməlinin qoyulması TANAP üçün əsas yaratdısa, sonuncu da Trans-Adriatik Boru Kəmərini – TAP-ı qaçılmaz etdi.
Ümumiyyətlə, bütün bunları ümumi bir “çətir” altında – “Cənub Qaz Dəhlizi” adı altında birləşdirsək hazırda sayca 4 layihə icra olunmaqdadır. Bunlar “Şahdəniz-2”, GQBK, TANAP və TAP-dır. Hansı ki, bütün bu işlərə ümumilikdə 45 milyard ABŞ dolları həcmində vəsait xərclənəcək.
Qeyd edim ki, işlər bir sıra həm subyektiv, həm də obyektiv maneələrə rəğmən, çox sürətlə gedir. Məsələn, keçən il, yəni 2016-cı ildə sözügedən istiqamətlərdə aparılan bütün işlər daha güclü, sürətli və genişmiqyaslı xarakter daşıyıb. Əvvəla, “Cənub Qaz Dəhlizi” vasitəsilə bir növ yeni beynəlxalq əməkdaşlıq forması yaradıldığı artıq, sübuta yetirilmiş oldu. Belə ki, “Cənub Qaz Dəhlizi” hazırda sayca 7 ölkəni – Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanı birləşdirir ki, daha 3 Balkan ölkəsi – Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya da növbəti mərhələdə bu sıraya qoşulacaqlar. Beləliklə də, Azərbaycan qazı gələcəkdə daha çox ölkələrə ixrac olunacaq.
Bundan əlavə, 2016-cı il mayın 17-i tarixində Yunanıstanın Saloniki şəhərində Yunanıstanın baş naziri Aleksis Tsipras, Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, Azərbaycanın energetika naziri Natiq Əliyev, Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokştayn, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç, TAP konsorsiumunun icraçı direktoru Yan Bredşou, eyni zamanda Albaniya, İtaliya, Türkiyə, Bolqarıstanın yüksək vəzifəli şəxsləri, o cümlədən konsorsiuma daxil olan şirkətlərin nümayəndələri iştirakı ilə TAP-ın da təməli qoyuldu.
Ancaq bütün bu layihələrin bünövrəsini isə sözsüz, “Şahdəniz-2” təşkil edir ki, bu layihə ilə bağlı planlara isə körpü ilə birləşdirilən 2 dəniz platformasının tikilməsi, 2 yarımdalma qurğusu ilə 26 sualtı quyunun qazılması, 550 m suyun dərinliyində 500 km uzunluğu olan sualtı kəmərin tikilişi, dənizdə tikinti aparan gəmilərin modernləşdirilməsi və Səngəçal terminalının genişlənməsi daxildir.
İndiyədək bu layihənin də icrası istiqamətində həm dənizdə, həm də quruda yerləşən bütün istehsalat-quraşdırma sahələrində böyük uğurlar əldə edilib. Belə ki, artıq, mühəndis-layihələndirmə, təchizat-tədarük və tikinti də daxil olmaqla, işlərin demək olar, 80%-dən çoxu tamamlanmışdır. Layihə çərçivəsində ilk qazın nəqlinə və sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə “Heydər Əliyev” və “İstiqlal” qazma qurğularından istifadə etməklə 10 istismar quyusu qazılıb. 2016-cı ilin sentyabrın 1-də isə Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimi keçirildi. Hansı ki, çəkisi 13 min 150 ton, hündürlüyü 105 metr olmaqla, 12 hasilat, 3 ixrac dikborusundan və bir idxal dikborusundan ibarət həmin dayaq bloku suyun 94 metr dərinliyində quraşdırılmalı idi. Blok “BOS Shelf”, “Star Gulf” və “Saipem” konsorsiumları tərəfindən inşa edilməklə 2 ilə həyata keçirilmişdi.
Qısa desəm, bütövlükdə “Cənub Qaz Dəhlizi”nin inşasıyla bağlı işlər indiyədək çox əlaqəli və detallı şəkildə, o cümlədən uğurla həyata keçirilmiş və bu proses davam etdirilməkdədir. Məşvərət Şurasının 3-cü iclasında dövlət başçımız İlham Əliyev də nəzərə çatdırdı ki, “Cənub Qaz Dəhlizi”nin əsas parçası olan TANAP layihəsi çərçivəsində işlərin 65, “Cənub Qafqaz Boru Xətti” layihəsinin 80, TAP layihəsinin 35 %-i artıq, tamamlanmışdır. Ölkə başçısı əlavə edib ki, “Şahdəniz” yatağının 90%-i işlənilib.
Odur ki, bu gedişlə bütün proses 2018-2020-ci illərdə tamamlanmalıdır. Və ilk qaz nəzərdə tutulduğu kimi 2018-ci ildə əldə olunacaq. Beləliklə də, Azərbaycan qazının Avropa ölkələrinə planlaşdırıldığı vaxtda nəql etmək mümkün olmalıdır.

Pərviz HEYDƏROV

Həmçinin oxuyun

Polkovnik türmədə özünü necə asıb? – Detallar

Sabiq müstəntiq Rüfət Səfərov həbsxana xatirlərində bu dəfə ona məlum olay bir olay haqqında yazıb. …

Bir cavab yazın