Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Qaradağ sement zavodunda ixtisarlar gedir?

Qaradağ sement zavodunda ixtisarlar gedir?

İl başlanandan bəri Qaradağ sement zavodunda ixtisarlar gedir.

Azadlıq radiosunun Bakının Sahil qəsəbəsindəki mənbələri, azı, 70 adamın iş yerini itirdiyini bildirir.

“İşdən uzaqlaşdırılanların sayı 70-80 nəfərdir. Onların bəziləri qısa müddətə subkontraktor kimi saxlanılıb (“subkontraktor” deyərkən, müqavilə təklif edənin göstərişlərinə uyğun və onun nəzarəti ilə işin bəlli qismini görən müstəqil hüquqi şəxs nəzərdə tutulur – red.). Martın sonuna onlarla da vidalaşacaqlar”, – adının çəkilməsini istəməyən mənbə belə deyib.

Əmək Məcəlləsinə görə, ixtisarlar aparılarkən, işçiyə birdəfəlik, azı, 2 aylıq əməkhaqqı ödənilir.

“Holcim” (Azərbaycan) ASC-də isə daimi işini itirənlərə bundan 6 dəfə çox, yəni birillik əməkhaqqı məbləğində təzminat ödənilib.

Zavodda orta əməkhaqqı 700-1000 manat arasında dəyişir. Bu üzdən “sanballı təzminat” alan fəhlələr narazılıq etməyiblər.

Zavodun müstəqil həmkarlar təşkilatı var

«Holcim» (Azərbaycan) ASC ölkədə qeyri-neft sektorunda fəaliyyət göstərən azsaylı iri özəl şirkətlərdən biridir ki, burada müstəqil həmkarlar təşkilatı var. İki il öncə zavodun idarəçiləri həmin təşkilatla əməyin təhlükəsizliyini və işçilərin hüquqlarının qorunmasını təmin edən Kollektiv Saziş imzalayıb.

2014-cü ildə bu zavodda 412 nəfər çalışırmış. Bunların tam yarısı həmkarlar təşkilatının üzvləri olub. İxtisarlardan sonra zavodda qalıb işləyənlərin sayı barədə məlumat yoxdur.

Səhmdar cəmiyyətinin marketinq və ictimaiyyətlə əlaqələr üzrə meneceri Rəna Tahirova kütləvi ixtisarlarla bağlı məlumatların həqiqətə uyğun olmadığını bildirib.

“70-80 nəfəri işdən çıxarsaq, o zaman zavodda kim işləyəcək?” – deyən R. Tahirova Azadlıq radiosuna ritorik əks sual ünvanlayıb.

“Məqsəd budur ki, keçmiş işçilərimiz…”

O, daha sonra əlavə edib ki, 2012-ci ildə yeni texnologiyaya əsaslanan soba işə salınandan bəri zavodda struktur dəyişiklikləri gedir. İşçilər yeni avadanlığın “dilini” öyrənmək üçün təlimlərə qatılıblar:

“Heç bir işə yaramayanların 12 aylıq əməkhaqqı kompensasiya edilir, özü və ailə üzvləri birillik tibbi sığorta ilə təmin olunur. O biri şirkətlərdən fərqli olaraq, işçiləri birdən çıxarmır və iş yerlərini maksimum şəkildə saxlamağa çalışırıq. Məqsəd budur ki, keçmiş işçilərimiz bir il ərzində özlərinə ayrı iş taparaq, əziyyət çəkməsinlər”.

Dövlət Statistika Komitəsi son iki ayda ölkədə sement istehsalının həcmini açıqlayıb. Məlum olub ki, istehsal əvvəlki ilə nisbətən 44,6 faiz geriləyib. İlin əvvəlindən sement zavodlarında 212,4 min ton məhsul buraxılıb. Bunun 48,5 tonu, yəni təxminən dörddə biri anbarlarda qalıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın