Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Polis bankomatdan oğurluq edən şəxsi tapmır – MÜRACİƏT

Polis bankomatdan oğurluq edən şəxsi tapmır – MÜRACİƏT

“Bankomatdan pulumu çəkən cinayətkarın ünvanı, adı-soyadı, maşının nömrəsi məlum olsa da, Nizami RPİ-nin 24-cü PŞ tərəfindən heç bir tədbir görülmür”.

Bunu vətəndaş Anar Cumayev Bakupost.az -a maaş kartından oğurluq edilməsi ilə bağlı şikayətində deyib.
O bildirib ki, Nizami RPİ-nin 24-cü PŞ tərəfindən iş obyektiv və hərtərəfli araşdırılmır:

“2021-ci il sentyabrın 1-də saat 20:00 radələrində mənə məxsus Paşa Bank maaş kartımdan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 48 ünvanında yerləşən Kapital Bank ASC-yə məxsus bankomatdan 800 manat məbləğində pul vəsaitinin nağdlaşdırılması üçün kartımı həmin bankomata daxil etdim.
2 dəfə əməliyyat uğursuz olduğu üçün bankomatda “əməliyyat baş tutmadı” yazısı yazıldı.
Üçüncü cəhdimdə qeyd edilən maaş kartından 800 manat məbləğində pul çəkdim, lakin bir qədər sonra mobil telefonuma 1600 manat məbləğində pulun çəkilməsi haqqında SMS gəldi. Qeyd edilən məbləğin 800 manatını bankomatdan götürməyimə baxmayaraq, digər 800 manatı isə götürə bilməmişdim. Belə ki, bank kartını çıxardıqdan bir müddət sonra pul çıxıb və onu başqa şəxs götürüb.
Bunu bildikdən sonra aidiyyəti üzrə Nizami RPİ-nin 24-cü PŞ-nə şikayət etdim. Məsələ araşdırılması üçün Nəzər adlı sahə müvəkkilinə tapşırıldı. Nəzər ilə birlikdə Kapital Bankın filialına gedərək video müşahidələri izləyib, 800 manat məbləğində pulumu götürən şəxsi müəyyən etdik. Kameralara baxarkən mən həmin adamın pulumu götürməsi anını sahə müvəkkilinin mobil telefonu ilə video lentə aldım.
Həmin video çəkilişdə pulu götürən şəxs aydın şəkildə görünürdü, hətta onun istifadə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünürdü. Amma buna baxmayaraq, bu günə kimi həmin şəxs barəsində heç bir tədbir görüləyib”.

A.Cunayev bildirib ki, onun şikayətindən sonra iş digər tədqiqatçılara tapşırılsa da, heç bir müsbət nəticə əldə olunmayıb:

“Daha sonra iş araşdırılması üçün Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı polis polkovnik leytenantı Füzuli Qurbanova tapşırılsa da, tərəfindən heç bir araşdırılma aparılmadan sentyabrın 24-də toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.
Qəbul edilmiş qərardan aidiyyəti üzrə Nizami rayon Prokurorluğuna şikayət etdik. Bundan sonra həmin qərar 2022-ci il yanvarın 5-də ləğv olunaraq yenidən araşdırılması üçün 24-cü PŞ-nə göndərildi. Şöbənin növbəti təhqiqatçısı Pərvanə Əzizovada öz növbəsində heç bir araşdırma aparmadan, 15 yanvar 2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etdi. Heç bir qurum işimə baxmır və pulumu qarşılamaq istəmirlər. Bankomatdan pulumu çəkən cinayətkarın ünvanı, adı-soyadı, maşının nömrəsi məlum olsa da, Nizami RPİ-nin 24-cü PŞ tərəfindən heç bir tədbir görülməyib. Görünən odur ki, Nəzər adlı sahə müvəkkili o sübutu – videogörüntüləri heç bir işin içinə tikməyib”.

Şikayətçi işinin araşdırılması və bu məsələdə səhlənkarlıq edən, bununla da ona maddi və mənəvi ziyan vuran polis əməkdaşlarının cəzalandırılması üçün Daxili işlər naziri, general Vilayət Eyvazova müraciət edib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Bakupost.az -a bildirib ki, məsələ araşdırılacaq.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …