Ana səhifə / Cəmiyyət / Xalq şairinin “Param parça illər”i müzakirə edildi

Xalq şairinin “Param parça illər”i müzakirə edildi

Deportasiya Qurbanları Cəmiyyəti İctimai Birliyində xalq şairi Vahid Əzizin “Param-parça illər” adlı şer kitabının ictimai müzakirəsi keçirilib.

Müzakirələr zamanı çıxışçılar xalq şarinin yaradıcılığında milli mənlik şüurunun inkişafı, vətənpərvərlik ruhunun gənclərə aşılanması, vətən həsrəti, millətə və dövlətə bağlılığın əhəmiyyəti haqqında danışıblar.

Professor Firudin Cəlilov şairin yaradıcılığında vətənin hər daşının təbliğinin üstünlük təşkil etdiyinə, bu istiqamətin aparıcı olduğuna diqqət çəkib: “Vahid Əziz yaradıcılığında nəzər yetirdikdə ədəbiyyat və poeziyada vətənpərvərlik mövzusunun tükəndiyi haqda iddiaların əsaslı olmadığı üzə çıxır. İndi milli mənlik şüuru, gənclərimizin vətənpərvərlik hisslərinin tərbiyəsi altında inkişafı hər birimizi düşündürən məsələdir. Sözsüz ki, bu mövzuda əsərlər, şeirlər, romanlar, mahını və tamaşaların olması vacibdir. Vahid Əzizin yaradıcılığı həm də bu baxımdan əhəmiyyətə malikdir. Şairin 44 günlük Vətən Müharibəsindən sonra qələmə aldığı şerlərinin topladığı “Param-parça illər” kitabında vətənpərvərliyin estetik təbliği, xalqımızın Zəfər Qələbəsi tərənnüm edilir. Hesab edirəm ki, bu əsər Dövlət Mükafatına layiqli əsərdir”.

Professor Paşa Qəlbinur da şairin yaradıcılığında vətənpərvərlik, vətən nisgili izinin açıq hiss edildiyini qeyd edib. Əlavə edib ki, şairin 2021-ci ildə çap edilən “Param-parça illər” adlı kitabı həm tarixi ədalət, həm də gənclərin vətənpərvər əhval-ruhiyyədə böyüməsi baxımından uğurludir: “Vahid Əziz yaradıcılığının üstünlüyü ondadır ki, bu, real həyatla bağlıdır, canlıdır, olanların estetik şəkildə oxucuya çatdırılmasıdır. Hesab edirəm ki, sonuncu kitabı ən yüksək mükafatlara layiqdir”.

Tibb elmləri doktoru, professor Eldar Abbasov da Vahid Əziz yaradıcılığının, xüsusilə son kitabının onda böyük iz buraxdığını qeyd edib.

Sabiq baş prokuror, ədliyyə generalı Əli Ömərov qeyd edib ki, əsər 44 günlük vətən müharibəsindən sonra çap edilib və şair bununla qələbəyə öz töhvəsini verib: “Əsərdə müharibənin ayrı-ayrı nüanslarının poetik təsviri açıq şəkildə hiss edilir. Fikrimcə, bu, Vahid Əziz yaradıcılığında poetik və estetik zənginliyinin göstəricisidir. Əsgər silahla vuruşduğu kimi şair də əlindəki qələmlə vuruşur. Qənaətimcə, şair bu kitabı ilə yenidən poeziyada vətənpərvərlik mövzusunu diqqətə gətirir”.

Deportasiya Qurbanları Cəmiyyəti İctimai Birliyinin sədri Köçəri Nağıbəyli də öz növbəsində müəllifə təşəkkür edib və ona yaradıcılıq uğurları arzulayıb.

Qeyd edək ki, digər çıxışçılar da Vahid Əziz yaradıcılığına yüksək qiymət verib, onun 2021-ci ildə nəşr edilən kitabı haqqında müsbət fikirlər səsləndiriblər.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …