Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / General Mövlam Şıxəliyev gizli yazdığı səs yazısını ortaya çıxardı

General Mövlam Şıxəliyev gizli yazdığı səs yazısını ortaya çıxardı

Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

İş üzrə sədrlik edən hakim Elbəy Allahverdiyev mətbuat nümayəndələrinin açıq məhkəmə prosesində iştirakına imkan vermir. Zərərçəkənlərin etirazlarına, vəsatətlərinə baxmayaraq mətbuat nümayəndələri məhkəmə prosesinə buraxılmır.

Həbsindən sonra 300 min manatı 500 min manata qaldırıb!

Ötən prosesdə iş üzrə şahid qismində Əliyusif Zeynalov sərbəst ifadə vermişdi. O, Mövlam Şıxəliyevin qohumu, iş üzrə zərərçəkən Akif Qurbanovun dostu olub. Mövlam Şıxəliyev həbsindən əvvəl Əliyusif Zeynalovdan onu Akif Qurbanovla görüşdürməsini xahiş edib. Görüş baş tutub və Mövlam Şıxəliyev Akif Qurbanova ondan şikayət etməməsi üçün 300 min manat pul təklif edib. Razılıq əldə olunandan sonra Mövlam Şıxəliyev Akif Qurbanovun və oğlunun ona şər atmaları anlamına gələn bir sənəd hazırlayıb və notarial qaydada imzalanmasını istəyib. Akif Qurbanov şantaj xarakterli sənədi imzalamayıb. Bu söhbətdən az sonra Mövlam Şıxəliyev həbs olunub. Həbsindən sonra o, Akif Qurbanova MTN-də ondan aldıqları 1 milyon manatın əvəzi olaraq 500 min manat təklif edib. Akif Qurbanov isə bu təklifi rədd edib, pulunu tam şəkildə tələb edib.

Etibar Əliyev yenidən "Bank Technique"in Müşahidə Şurasının sədri təyin  edilib

“Texnikabank” rəhbərinin imzasını MTN-də alan notarius dedi ki…

İş üzrə 6 saylı notariat kontorunda notarius vəzifəsində işləmiş Ərəstun İmanov da sərbəst ifadə verib. Şahid deyib ki, “Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyevlə tanışlığı olub. 2012-ci ilin sentyabr ayının əvvəllərində Etibar Əliyevin oğlu Kəramət onun iş yerinə gəlib, bir obyektin alqı-satqısını etmək istədiklərini, lakin bunun üçün atasının razılıq ərizəsi alınmalı olduğunu bildirib. Deyib ki, atası MTN-də saxlanılır, imkanı varsa, orada atasından notarial qaydada ərizə alsın. Şahid deyib ki, həmin vaxt MTN ilə yolları kəsişməməsi üçün Kəramətə dərhal razılıq verə bilməyib. 1-2 gün sonra onun iş yerinə orta boylu, dolu bədənli, bığsız bir mülki geyimli şəxs gəlib. Həmin şəxs deyib ki, MTN-in istintaq şöbə rəisi Vüsal Ələkbərovdur. Şahid məhkəmə zalında olan təqsirləndirilən şəxs Vüsal Ələkbərovu işarə verərək ona Etibar Əliyevin barəsində cinayət işinin istintaqını apardığını, Etibar Əliyevə köməklik məqsədilə obyektinin satılması lazım olduğunu deyib. Ona görə də Kəramətlə birlikdə idarəyə gəlib Etibar Əliyevdən ərizə qəbul etməsini istəyib. Vüsal Ələkbərov gedəndən sonra Kəramət onu MTN-ə aparıb. Onu Vüsal Ələkbərovun qəbuluna yazıb, içəri aparıblar. Vüsal Ələkbərov öz iş otağında onu Etibar Əliyevlə görüşdürüb. Notarius Etibar Əliyevdən əmlakın arvadı tərəfindən satılmasına razılıq ərizəsini alıb, sonra çıxıb öz iş yerinə qayıdıb. Ərizəni Kəramətə verib və bir neçə gündən sonra Kəramət obyektin alqı-satqısına başlamaq istədiyini deyib. Kəramət həmin əmlakın mülkiyyət hüququnu təsdiq edən bütün sənədləri, o cümlədən çıxarışın əslini gətirib, o da obyektin alqı-satqı sənədlərini hazırlayıb Kəramətə anasını müqavilənin imzalanması üçün gətirməsini deyib. Obyekti alan şəxs notariat kontorunun dopozit hesabına 3 milyon manat pul keçirib, bu barədə sənədi ona gətirən kimi müqaviləni imzalamağa hazır olduğunu bildirib. Onun təklifi ilə Kəramət Əliyev anasını gətirib, müqaviləni həm alan, həm satan tərəf onun iştirakı ilə imzalayıblar. O, dərhal Kəramətin anasının bankdan pulunu ala bilməsi üçün adına çek yazıb verib. Bundan sonra həmin alqı-satqının taleyindən xəbəri olmayıb. 

Qaçaqmalçı kimi tutulan sahibkarın atasından 300 min manat tələb olunub!

Məhkəmədə zərərçəkmiş şəxs qismində sərbəst ifadə verən Etibar Cəfərov deyib ki, 2005-ci ildən “Sədərək” Ticarət Mərkəzində sahibkarlıqla məşğul olub, kosmetika və parfumeriya malları satıb. Seyran Nəcəfov, Elman Əhmədov və digərləri ilə birlikdə Çindən mal sifariş edib, hər birinin malı bir konteynerdə gəlib. 2013-cü ilin avqust ayının 29-da konteyneri gömrükdən qəbul edib Seyranın anbarına boşaldan zaman MTN əməkdaşları tərəfindən saxlanıblar. Malların qaçaqmalçılıq  olması əsası ilə onu, Seyran Nəcəfovu, Balaşirin Babayevi, Elman Əhmədovu, Elvar Əliyevi, Natiq Teymurovu MTN-in binasına aparıb səhərə qədər orada saxlayıblar. Saxladığı müddətdə ondan ilkin olaraq 500 min manat pul istəyiblər. Pulu verə bilmədiyi üçün onlardan qısa izahatları alınıb və səhərə yaxın evə buraxılıblar. Sentyabrın 5-də yenə MTN-in binasına çağırıb İstintaq Baş İdarəsinin müstəntiqi Elmar tərəfindən şübhəli şəxs qismində tutularaq 2 gün təcridxanada saxlanılıb, sonra Səbayel Rayon Məhkəməsi tərəfindən barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. İstintaq qrupunun rəhbəri Fuad Məmmədov olub. 5 noyabr 2013-cü il tarixdə özü də səbəbini bilmədən sərbəst buraxılıb. O, çıxandan sonra atasından “nə əcəb məni buraxdılar”, – deyə soruşduqda atası ona azadlığa buraxılması üçün külli miqdarda pul verdiyini bildirib. Həbsdə olduğu müddətdə stress, əsəb keçirdiyindən səhhətini pisləşib. Düşünüb ki, şikayət etsə, onu həbs edə bilərlər. Buna görə də heç yerə şikayət etməməyə və hər şeyi unutmağa çalışıb. 2015-ci ilin oktyabrında MTN-də həbslər baş verəndən sonra o, qardaşı Vüqardan azadlığa buraxılması üçün MTN müstəntiqinə nə qədər pul verildiyini soruşub, hər şeyi necə olubsa, dəqiqliklə deməli olduqlarını bildirib. Bu söhbətdən sonra atası Vahid Cəfərov ona baş verənləri danışıb. Deyib ki, MTN-ın müstəntiqi Fuad Məmmədova 210 min manat pul veriblər. Atası onun azadlığa buraxılması üçün 300 min manat pul tələb etdiklərini, lakin 210 min manat pula gücü çatdığını, həmin pulu Gürcüstanda yaşayan dost, tanış, qohum-əqrəbadan topladığını və MTN-in müstəntiqi Fuad Məmmədova verdiyini bildirib. 

Zərərçəkən xüsusən vurğulayıb ki, onu MTN-dən buraxandan sonra barəsində cinayət işi Qaradağ Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə onun əməli qaçaqmalçılıq maddəsindən keyfiyyətsiz malların gətirilməsi maddəsinə keçirilib, sonradan zərərçəkənlərin iştirakı ilə ərazidən boş qutuları bir yerə yığmaqla yandırıblar. Zərərçəkən deyib ki, elə həmin gün onların malları özlərinə qaytarılıb və məhkəmədə cərimə olunmaqla azad ediliblər.

210 min manat topladım, müstəntiq Fuad Məmmədova verdim, 3 gün sonra oğlumu azad etdilər!

Bundan sonra Etibar Cəfərovun atası Vahid  Cəfərov sərbəst ifadə verib. Deyib ki, oğlu Etibar Cəfərov 5 sentyabr 2013-cü ildə MTN əməkdaşları tərəfindən tutulub. Həbsindən təxminən 1 ay keçdikdən sonra oğluna yemək aparanda kiçik pəncərədən ona kağız verilib, həmin kağızda “Fenozepam”, “Renalum” adlı dərman adları yazılıb. Kağızı verən MTN əməkdaşı dərmanları alıb oğlu üçün gətirməsini tapşırıb. O, Etibarın səhhətində problemlərin baş qaldırmasını başa düşüb və pis olub. Həmin gün dərmanları taparaq gətirib verib. Daha sonra o, digər oğlu Vüqar və Etibarın vəkili Qubadla birlikdə MTN-in binasının qarşısında olan yolun digər tərəfınə, “Fəxri Xiyaban” tərəfə keçib piyada gəzərkən Qubaddan “Etibarın işi necə olacaq” deyə soruşub. Qubad isə ona “Etibarın azadlığa buraxılması üçün 300 min manat pul istəyirlər” deyib. O da oğlunun nə etdiyini soruşub. Qubad isə bir nömrə verərək “Mən bilmirəm, mənə nə deyiblər, onu deyirəm. Bu nömrə, bu da sən. Özün zəng elə, danış. Mənlik heç nə yoxdur” deyib. O, həmin nömrəyə zəng edib. Telefonla danışan adam özünü müstəntiq Fuad Məmmədov kimi təqdim edib. Fuad danışıq zamanı ona hər şey yaxşı olacaq deməklə, Etibarın azadlığa çıxması üçün 300 min manat pul istəyib. Şahid deyib ki, Fuad Məmmədovla uzun-uzadı söhbət edəndən sonra ona 3 gün ərzində pulu çatdırmalı olduğunu bildirib.

Şahidin sözlərinə görə, bundan sonra dost, tanış, qohum-əqrəbadan borc pul toplayıb, mərhum həyat yoldaşından qalmış külli miqdarda qızıl-ziynət əşyalarını 80 min manata satıb. 3 gün ərzində ümumilikdə 210 min manatı toplayıb və Fuad Məmmədova bu haqda məlumat verib. Fuad Məmmədov isə ona bir qədər sonra zəng edərək MTN-in binasının arxa tərəfində, sovqat verilən yerə yaxın olan yerdə gözləməsini, orada görüşəcəklərini deyib. 15 dəqiqə sonra Fuad Məmmədov mülki geyimdə gələrək pulu ondan alıb. 3-4 gün sonra isə oğlu Etibar Cəfərov azad olunub.

Mövlam Şıxəliyev zərərçəkənlə görüşüb və səsini gizli şəkildə yazıb!

Məhkəmədə təqsirləndirilən şəxs Mövlam Şıxəliyevin vəkili vəsatətlə çıxış edib. O, Mövlam Şıxəliyevin Akif Qurbanovla söhbəti olan səs yazısının dinlənilməsini istəyib. Məlum olub ki, Mövlam Şıxəliyev azadlıqda olarkən restoranda Akif Qurbanovla görüşüb və həmin görüş zamanı gizli şəkildə onun səsini yazıb.

Mövlam Şıxəliyevin SƏS YAZISI açıqlandı - Məhkəmədə ara qarışdı »  Demokratik.Az

Hakim vəkilin vəsatətini təmin edib və səs yazısı məhkəmə zalında dinlənilib. Mövlam Şıxəliyevin vəkili səs yazısını müvəkkilinin zərərçəkmiş şəxs Akif Qurbanov tərəfindən şantaj yolu ilə ondan pul tələb etməsi kimi təqdim edib. Akif Qurbanov isə bildirib ki, iş materialları ilə də sübut olunur ki, şantaj olunan tərəf odur. Vəkil yalan danışır. Mövlam Şıxəliyev bu cür üsullarla MTN-dəki şantaj mövqeyini bir daha ortaya qoyur.

Akif Qurbanov Mövlam Şıxəliyevə deyib ki, səs yazısını kəsib məhkəmədə dinlətməklə heç nəyə nail ola bilməyəcək: “Qeyrətin varsa, səs yazısını tam olaraq məhkəməyə təqdim elə. Bura sənin üçün MTN-dəki kabinetin deyil. Sən dustaqsan, səni mən tutdurmuşam, səni türmədə mən çürədəcəyəm. Daha o quldur yuvası yoxdur, möhtərəm prezident həmin yuvanı başınıza uçurub. Sənin başında dayanan da gəlib bizim qarşımızda sənin kimi dustaq olacaq. Səbirli ol, görəcəksən, şantajlarını da özünə saxla”.

“Mövlam Şıxəliyev səs yazısını montaj etməklə özünü təmizə çıxarmaq istəyir”

Zərərçəkən təqsirləndirilən və onun vəkilindən düz danışmalarını istəyib. Bildirib ki, Mövlam Şıxəliyevin ortaya saldığı adamların təşəbbüsü  ilə onunla görüşüb. Həmin görüş zamanı Mövlam Şıxəliyev ondan və Vüsal Ələkbərovdan şikayət etməməsi üçün MTN-də ondan alınan 1 milyon manatın müqabilində 300 min manat təklif edib. Əvvəlcə razılıq versə də, sonradan razılaşma pozulub. 

Akif Qurbanovun vəkili Osman Kazımov səs yazısının tam olaraq məhkəməyə təqdim olunmasını, bu səs yazısının bir neçə saatlıq söhbətdən 10 dəqiqəlik fraqment olduğunu nəzərə çatdırıb. Vəkil vəsatətində məhkəməyə təqdim olunan SD diskin fonoskopik ekspertizaya göndərilməsini istəyib. Bildirib ki, Mövlam Şıxəliyev səs yazısını montaj etməklə özünü təmizə çıxarmaq istəyir. Hakim vəsatətə növbəti prosesdə baxılacağını bildirib. Bundan sonra proses təxirə salınıb. Musavat

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …