Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Rus-ukrayna müharibəsində hansı cinahda olmam məsələsində çaşqın-şpaqat duruşundayam”

“Rus-ukrayna müharibəsində hansı cinahda olmam məsələsində çaşqın-şpaqat duruşundayam”

O ki, 44 günlük savaşda kənarda dayandı, Paşinyanı it yerinə qoyub telefonunu belə qaldırmadı, ən həlledici məqamda bir neçə dəfə “Qarabağ Azərbaycanın qanuni, ayrılmaz hissəsidir” deyərək ermənilərin onurğa sütununu qırıb, bizə isə əksinə-gücümüzə güc verib, ruhumuza ruh qatdı… bax ona görə də ona hörmət və izzətim sonsuzdur. Bu addımı ilə Putin bizi yenidən özümüzə qayıtmağımızda əvəzsiz xidmət göstərdi. O ki, illər boyu deyirdik e “əşşi, bircə rus kənarda durub qarışmasın, gör ermənilərin atasını bircə aya yandırırdıq, yoxsa yox?” Bax bu adam, o istəyimizə vəsilə oldu. Məni niyəsi maraqlandırmır: bunu bizim Prezidentimizə olan hörmətinə görəmi etdi, ya Paşinyana olan nifrətimə görəmi? Hər halda etdi.

***

Düzdür, məsələ tam bitmədi. Amma mən noyabrın 9-u imzalanan atəşkəs sazişini ən düzgün addım hesab edirəm. Etiraf edim ki, həmin saziş Şuşasız imzalansaydı bəlkə mən də təəssüflənərdim, ancaq Şuşanın bizdə olması, o cümlədən də Ağdam və Kəlbəcərin 1 güllə atmadan, bircə nəfər itki vermədən alınması, bu gün Qarabağın 80% deyil, elə 99% bizdə olması deməkdir. Bu gün Xankəndi ovucumuzun içində, ayağımızın altındadır. Artıq sabah onu azad etməyimizə heç həmin Putin özü istəsə də belə mane ola bilməz. Çünki artıq gecdir, çünkü artıq necə deyərlər “cin şüşədən çıxıb”. Və cənab Prezidentimizin uzun illərdən bəri “zərgər dəqiqliyi” ilə apardığı siyasət öz bəhrəsini verdi. Artıq “Dəmir yumruğun” qarşısında heç kəs dayana bilməz. Bu gün bütün varlığımla əminəm ki, cənab Prezidentimiz Xankəndini də bir güllə atmadan, bircə əsgərimizi itkiyə vermədən qaytaracaq. Var olsun Ali baş komandan, var olsun qəhrəman əsgər və zabitlərimiz! Və bütün bunların fonunda sağ olsun həm də Vladimir Putin. İndi hansı niyyətlə etdisə, nəyimizə lazım. İstər zəlzələdən, ya vəlvələdən.. bizə lazım olan “əjdaha” idi, onu da götürdük.

***

Bu gün Rusiya yəni Putin, Ukrayna ilə müharibə aparır. Biz Rusiya ilə “Müttəfiqlik sazişi” imzalasaq da, tam olaraq Ukraynanın yanındayıq. Rəsmi şəkildə Ukraynaya milyonlarla qiyməti olan humanitar yardım göndəririk, insanlarımız Ukraynanın bir çox şəhərlərində yardım aksiyaları keçirir, 100-lərlə azərbaycanlımız Ukrayna ordusunda ruslara qarşı vuruşur. Az qala hamılıqla, Qarabağ savaşında yanımızda olan Putini söyüb, həmin dövrdə heç bir “yaralı barmağınıza dərman olmayan” Zelenskini tərifləyib, dağ başına qoyuruq. Bütün bunlar da açıq-aşkar baş verir. Və Putin də bütün bunları görməzdən gəlir, nə irad tutur, nə də üzümüzə vurur. Düzü, rus-ukrayna müharibəsində vətəndaş olaraq hansı cinahda olmam məsələsində çaşqın-şpaqat duruşundayam. Ona görə də dediklərimi nəinki siz, heç özüm də anlayacaq durumda deyiləm: “mən bu savaşda Putinin yanındayam, amma Ukraynanın da məğlub olmasını istəmirəm”. Həm də bilirsiz niyə Putinin yanındayam? Yuxarıdakı xidmətlərini bir tərəfə qoyuram, bax düzünü deyin, kişi kimi: sizcə, şəxsiyyət olaraq kim daha böyükdür? Bütün dünyanın gücü və dəstəyi ilə vuruşan Zelenskimi, ya bütün dünyaya qarşı tək başına savaş açan Putinmi?..

Etibar Hüseynov, Sabiq deputat

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …