Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Kriminal / “Bu xeyli yerli sakinin işlə təmin olunması deməkdir…” – Vahid Əhmədov

“Bu xeyli yerli sakinin işlə təmin olunması deməkdir…” – Vahid Əhmədov

Fevralın 2-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Quba şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Bəşir Səfəroğlu adına mədəniyyət evində təşkil olunan tədbirdə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısı İlham Əliyevin nitqindən irəli gələn vəzifələr müzakirə edilib.

Görüşdə Milli Məclisin deputatları Vahid Əhmədov, Yevda Abramov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Milli Məclisin deputatı Vahid Əhmədov çıxış edərək hazırda dünya ölkələrinin əksəriyyətini bürüyən iqtisadi böhran, onun yaranma səbəbləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, dünyada neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində gəlirləri və dövlət büdcəsi “qara qızıl”dan asılı olan bütün ölkələrə ciddi ziyan dəyib. Azərbaycan da neft ixrac edən ölkə olduğu üçün qiymətin dörd dəfəyədək aşağı düşməsi həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın gəlirlərinə müəyyən qədər təsir göstərib. Belə olan halda milli valyutanın devalvasiyası qaçılmaz idi.

V.Əhmədov qeyd edib ki, yaranmış vəziyyətdən uğurla çıxmaq üçün Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqindən irəli gələn vəzifələri tez bir zamanda yerinə yetirmək vacibdir. Neftin qiymətinin kəskin aşağı düşməsi ilə əlaqədar olaraq bir sıra iqtisadi islahatların aparılması zərurəti yaranıb. Hazırda həyata keçirilməkdə olan bu islahatların koordinasiyasına Prezident İlham Əliyev şəxsən rəhbərlik edir.

Yaxın zamanlarda ölkəmizdə sənaye və aqrar sektorun inkişafı ilə əlaqədar ixrac yönümlü məhsulların istehsalına daha çox diqqət yetiriləcək. Dövlətimizin başçısının tapşırığına əsasən regionlarda 150-dək layihənin reallaşdırılması üçün 1,5 milyard manat vəsait ayrılıb. Həmin vəsait hesabına bölgələrdə istehsal, emal və digər müəssisələrin yaradılması planlaşdırılır. Bu rayonlar sırasında təbii ki, Azərbaycanın ən böyük meyvəçilik rayonlarından biri olan Quba da var. İlkin məlumata görə, burada iki emal müəssisəsinin qurulması planlaşdırılır. Bu da xeyli yerli sakinin işlə təmin olunması deməkdir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, hazırda prioritet məsələ qeyri-neft sektorunun inkişafıdır. Sənaye parklarının yaradılması, kənd təsərrüfatına əlavə investisiya qoyuluşu, insan kapitalının inkişaf etdirilməsi istiqamətlərində işlər daha da sürətləndirilməlidir.

Deputat qeyd edib ki, manatın ikinci devalvasiyasından sonra Prezident İlham Əliyev əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə 30-dək sərəncam imzalayıb. Bununla yanaşı, sahibkarlığın inkişafı, ölkəmizə investisiyaların cəlb olunması üçün də son günlər olduqca mühüm addımlar atılıb.

Banklarda dollarla krediti olan vətəndaşların müraciətləri ilə bağlı fikirlərə münasibət bildirən V.Əhmədov bu məsələnin də diqqət mərkəzində olduğunu vurğulayıb. Bank sisteminin özünün də ciddi problemlərlə üzləşdiyi, bununla belə, vəziyyətdən çıxmaq üçün real imkanlardan istifadə edildiyi diqqətə çatdırılıb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın