Çərşənbə , May 22 2019
Ana səhifə / Kriminal / “Bank sektorunu daha ağır sınaqlar gözləyir”

“Bank sektorunu daha ağır sınaqlar gözləyir”

İqtisadçı ekspertlər: “Mərkəzi Bankın qərarı bu dəfə də kredit faizlərini ucuzlaşdırmayacaq… Kreditlərin piştaxta altından verilməsi adi hala çevriləcək”

Mərkəzi Bankın uçot dərəcəsini 3,5 faizdən 3 faizə endirməsi ekspertlər tərəfindən fərqli qiymətləndirilir. Onların fikrincə, hazırda Mərkəzi Bank tərəfindən kredit təşkilatlarının kreditləşdirilməsinə dair heç bir normativ hüquqi akt yoxdur. Bu özbaşınalıq aradan qaldırılmayınca, uçot dərəcəsinin aşağı salınmasını elə bir əhəmiyyəti olmayacaq.

Ekspert Samir Əliyevin sözlərinə görə, buna əsas kimi qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizlərini azaltmaq, kiçik və orta biznesin maliyyələşməsini yaxşılaşdırmaq göstərilir: “Həmişə olduğu kimi, bu dəfə də Mərkəzi Bankın qərarının kredit bazarına təsiri proqnozları gündəmi zəbt edib. Mətbuatda artıq qərarın kredit faizlərini azaldacağı kimi məlumatlar yer alıb. Bildirim ki, uçot dərəcələrinin dəyişməsi dövri olaraq baş verir. Uçot dərəcəsi sonuncu dəfə 2010-cu ilin oktyabrında indiki səviyyədə olub. 2011-ci ilin mayına kimi tədricən 5,25 faizə qədər qaldırılıb, sonra yenidən üzüaşağı gedib”.

Onun sözlərinə görə, uçot dərəcələrinin aşağı salınmasının kredit faizlərini azalda biləcəyi barədə ehtimallar var: “Müsbət cavab vermək mümkün deyil. Uçot dərəcələri dəfələrlə aşağı salınıb, ancaq kredit bazarına təsiri olmayıb. Məsələn, 2008-2009-cu illərdə uçot dərəcəsi 15 faizdən 2 faizə endirilsə də, kredit faizlərində azalma baş verməyib. Halbuki ABŞ, Avropa və Yaponiyada uçot dərəcəsinin 0,25 faiz dəyişməsi kifayətdir ki, bazarda canlanma yaradasan. Azərbaycanda oxşar təsirlər baş vermir. Ona görə də Mərkəzi Bankın qərarı bu dəfə də kredit faizlərini ucuzlaşdırmayacaq. Mərkəzi Bank son illər mərkəzləşdirilmiş kreditlərin həcmini artırır. 2015-ci ilin 5 ayında belə kreditlər 3,2 milyarddan 4,2 milyard manata yüksəlib. Bu müddətdə ümumi kredit qoyuluşunda mərkəzləşdirilmiş kreditlərin payı 17 faizdən 21 faizə çatıb. Bazara təsir etmək üçün kifayət qədər yüksək paydır. Ancaq təsir yox dərəcəsindədir. Çünki heç də bütün banklar bu kreditlərdən yararlana bilmir”. 

S.Əliyev qeyd edib ki, ola bilsin ki, bazarda kreditlərin ucuzlaşması müşahidə edilsin: “Ancaq səbəb heç də uçot dərəcəsinin azaldılması olmayacaq. Artıq 2 səbəb mövcuddur: tələbatın kəskin azalması və bankların dollar bolluğundan ”əziyyət” çəkməsi səbəbindən dollar kreditlərinin faiz dərəcəsinin azaldılması, həmçinin Mərkəzi Bankın birbaşa göstərişi nəticəsində faizlərin aşağı salınması. Birinci səbəb devalvasiya nəticəsində əmanət bazarının dollarlaşmasının fəsadlarıdır. İkinci isə inzibati metoddur və nəticəsi qısamüddətli olacaq. Bank sektorunu qarşıda ağır sınaqlar gözləyir. Devalvasiyanın vurduğu yaralar sağalmamış inzibati göstərişlər güclənib, təzyiqlər artıb. Belə çox davam edə bilməz. Yaxın dövrlərdə filialların bağlanmasının, işçi heyətində ixtisarların və hətta bir neçə bankın bazarı tərk etməsinin şahidi olacağıq, başqa banka birləşmə də ola bilər”.

Ekspert Əkrəm Həsənov isə bildirib ki, Mərkəzi Bank tərəfindən bu gündən uçot dərəcəsinin endirilməsi bankların kreditlər üzrə faiz dərəcələrini də endirəcəyi gözləntisini yaradıb. Ancaq bu, doğru deyil: “Ona görə ki, inkişaf etmiş ölkələrdən fərqli olaraq, bizdə uçot dərəcəsi heç vaxt öz həqiqi funksiyasını yerinə yetirməyib. Bizdəki vəziyyət normal haldan çox uzaqdır. Mərkəzi Bank bankların və bank olmayan kredit təşkilatlarının hamısına kredit vermir, yalnız bir neçə banka verir. SSRİ dövründə dükanlar malları necə piştaxta altından satırdılar? Hər müştəriyə satmırdılar, satdıqlarına da rəsmi qiymətdən baha satırdılar. Bizim Mərkəzi Bankın kredit verməsi də buna bənzəyir. Nə fərqi var, uçot dərəcəsi nə qədərdir, əgər onsuz da banklar və bank olmayan kredit təşkilatlarının hamısına kredit verilmir, veriləndə də bu proses qeyri-şəffaf və ”qaydasız döyüş”ə bənzəyir? Dəfələrlə bildirmişəm ki, bank sisteminin hazırkı ağır durumunun səbəbi Mərkəzi Bankın öz əsas vəzifələrindən birini – kredit təşkilatlarının kreditləşdirilməsini yerinə yetirməməsidir. Məhz buna görə banklar xaricdən dollarla yüksək faizlə kreditlər cəlb etməyə məcbur olublar. Nəticədə əhaliyə də kreditləri dollarla və yüksək faizlə veriblər. Halbuki Mərkəzi Bank banklara manatda uçot dərəcəsi ilə kredit versəydi, belə olmazdı. Mərkəzi Bank, nəhayət, öz əsas vəzifələrindən birini icra etməyə başlamalıdır – kredit təşkilatlarının hamısına uçot dərəcəsi ilə kredit verməlidir”.

Ə.Həsənovun sözlərinə görə, bunun nəticəsində inflyasiya ola bilər: “Əgər Mərkəzi Bank verdiyi kreditin ümumi həcmini düzgün planlaşdırmasa, bu, ola bilər. Düzgün planlaşdırmaq üçün isə onun əlində bütün imkanlar var. Mərkəzi Bank müəyyən dövriliklə vermək istədiyi kredit həcmini elan etməlidir. Bütün kredit təşkilatları da istədiyi kredit məbləğinə dair sifariş verməlidir. Nəticədə yəqin ki, tələbat təklifdən yüksək olacaq. Bu halda təklif edilən kredit vəsaiti kredit təşkilatlarının maliyyə göstəriciləri, məsələn, kapital, aktivlər və sair əsasında aralarında mütənasib bölünəcək. Başqa sözlə, şəffaf kredit hərracı olmalıdır. Bunun dəqiq qaydası olmalıdır. Hazırda Mərkəzi Bank tərəfindən kredit təşkilatlarının kreditləşdirilməsinə dair heç bir normativ hüquqi akt yoxdur, özbaşınalıqdır. Hətta Mərkəzi Bankın özünün normativ xarakterli aktı belə yoxdur. Yalnız 2005-ci ildə qəbul etdiyi iki sənəd var: ”Azərbaycan Respublikasının Milli Bankı tərəfindən kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi Qaydaları” və “Azərbaycan Respublikası Milli Bankı tərəfindən sonuncu instansiya kreditoru kimi kredit təşkilatlarına təminatlı kreditlərin verilməsi Qaydaları”.

Həmin sənədlər heç Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına belə alınmayıb. Başqa sözlə, Mərkəzi Bankın daxili sənədləridir, heç bir hüquqi qüvvəsi yoxdur. Buna görə də Mərkəzi Bank bu məsələdə istədiyini edir, özünə necə sərf edib elə də yazıb və heç dövlət qeydiyyatına da aldırmayıb. Əslində sözügedən məsələ, ümumiyyətlə, Mərkəzi Bank tərəfindən tənzimlənməli deyil. Verdiyi kreditlərin qaydasını özü necə müəyyənləşdirə bilər axı? Bu qayda ən azı Nazirlər Kabineti tərəfindən müəyyən edilməlidir.

Çünki Konstitusiyanın 119-cu maddəsinə əsasən məhz Nazirlər Kabineti maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir. Nazirlər Kabineti Mərkəzi Bankın kredit təşkilatlarının kreditləşdirilməsi qaydasını müəyyən etməli və Mərkəzi Bank həmin qayda çərçivəsində kredit təşkilatlarına kredit verməyə başlamalıdır. Məhz bu halda ölkədə dollarlaşma prosesi səngiyəcək, kredit üzrə faiz dərəcələri düşəcək. Hər şeyin əsası hüquqi bazadır. Bundan başlamaq lazımdır. Əks halda, gözdən pərdə asmaq üçün Mərkəzi Bank əvvəlki kimi yalnız bir neçə banka kredit verəcək, məhz onlar da ola bilsin ki, müəyyən müddət ərzində faiz dərəcələrini endirəcək. Bunun bazara ciddi təsiri olmayacaq. Ümumən isə böyük ehtimalla, banklar “şapka” sxemlərini genişləndirəcək. Yəni Mərkəzi Bankın populist çağırışlarına cavab olaraq rəsmi qaydada faiz dərəcələrini endirəcəklər, amma reallıqda kreditləri yüksək faiz dərəcəsi ilə verəcəklər. Başqa sözlə, kreditin piştaxta altından verilməsi adi hala çevriləcək”.

Həmçinin oxuyun

Rayondan gəlib bacanağının qohumu ilə cinsi əlaqəyə girdi, sonra… – Bakıda gecəyarısı ŞOK OLAY

Bakıda intim münasibətdə olduğu qadının qohumunu bıçaqlamaqda təqsirli bilinən 1983-cü il təvəllüdlü Samir Səmədovun (cinayət …

Bir cavab yazın