Ana səhifə / Şou Biznes / Mirzə Xəzər naziri və Anar Məmmədovu sərt tənqid etdi

Mirzə Xəzər naziri və Anar Məmmədovu sərt tənqid etdi

“Anar Məmmədov 5 milyon dolları nəyə xərcləyib?”

AzadlıqRadiosunun sabiq büro rəhbəri, publisist Mirzə Xəzər facebook profilində nəqliyyat nazirinin oğlu Anar Məmmədovu və xarici işlər naziri Elmar Məmmədyarovu sərt tənqid edib. 
 
O, Anar Məmmədovla bağlı yazır: “Ziya Məmmədovun oğlu Anar ”Azərbaycan-Amerika Alyansı” vasitəsilə dövlətin milyonlarını əcnəbilərə bahalı ziyafətlərə xərcləyir, ancaq səs-küydən başqa bir işə yaramır…
“Yeni Müsavat” qəzeti yazır ki, Anar Məmmədovun təşəbbüsü ilə Vaşinqtonda bir sıra konqresmenlər və senatorlar da daxil, 500 amerikalı üçün havayı yeyib-içmək məclisi təşkil olunmuşdu. Neçəyə başa gəlib və kim ödəyib? Qəzet yazır ki, belə bahalı ziyafətləri təşkil etmək üçün “Fabiani & Company” lobbi şirkətinə təkcə son illərdə üst-üstə 5 milyon dollar pul ödənib. Deyilənlərə görə, qeyri-rəsmi məbləğ daha çoxdur”…
M.Xəzər qeyd edir ki, bu 5 milyon dollar və müftə ziyafətlər hakimiyyətə hər hansı fayda verməyib: “Nə fayda? Əksinə, zərər verdi. ABŞ Konqresinin 16 senatoru bugünlərdə İlham Əliyevə sərt məktub yazaraq Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında və mətbuat azadlığının təmin edilməsində ciddi məhdudiyyətlərin olmasından narahat olduqlarını qeyd ediblər. Anar Məmmədovun bahalı şərablarının heç köməyi olmadı. Senatorlar həbsdə olan siyasi məhbusların dərhal azad olunmasını Azərbaycan prezidentindən tələb ediblər.
Mirzə Xəzər
Bu məktub senator Richard Durbinin təşəbbüsü ilə hazırlanıb və aşağıdakı senatorlar tərəfindən imzalanıb: Barbara Boxer, Benjamin Cardin, Dianne Feinstein Ron Johnson, Mark Kirk, Patrick Leahy, Markey, John McCain, Robert Menendez, Chris Murphy, Gary Peters, Jack Reed, Marco Rubio, Jean Shaheen və Sheldon Whitehouse. Qəribə olan odur ki, bu şəxslər Anar Məmmədovun Vaşinqtonda 500 nəfər üçün təşkil etdiyi ziyafətdə iştirak ediblər…”
“Gör səni kimlər idarə edir, Azərbaycan!”
 
E.Məmmədyarovun fəaliyyətinə dair isə M.Xəzər yazıb: “ABŞ Senatının Maliyyə Komitəsi Dağlıq Qarabağa maliyyə yardımı göstərilməsinə dair qərar qəbul etdi. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan etdi ki, yalandır, ermənilər yalan danışıb. Niyə, yoldaş nazir? Naziri oxuyaq: ”Orada yardım “victims to Nagorno Karabagh conflict” adı ilə ayrılıb. Yəni kim münaqişənin qurbanı olubsa, hamısına yardım olunacaq. Yəni yardım azərbaycanlılara da veriləcək. Ona görə də uydurma xəbərə inanmayın”.
M.Xəzər daha sonra yazır: “İngilis dilində səlis danışan Məmmədyarov səhv edir. Əvvəla, ”victims to Nagorno Karabakh conflict” yox, “ ”victims of the Nagorno Karabakh conflict”. Məsələnin mahiyyətinə gəldikdə, xahiş edirik Elmar Məmmədyarovun uydurmasına inanmayın. Yəni yardımın yalnız ermənilərə verilməsi başdan-ayağa həqiqətdir. ABŞ-ın Azərbaycandakı səfirliyi məsələyə aydınlıq gətirmişdir. Səfirliyin bəyanatında oxuyuruq: “ABŞ özünü ”Dağlıq Qarabağ Respublikası” adlandıran qurumu tanımır.
Senatın qərarına gəlincə isə qeyd etmək istərdik ki, ABŞ Qarabağda yaşayan insanlara 1998-ci ildən başlayaraq humanitar yardımlar ayırıb, lakin bura tanınmamış separatçı rejimə yardım daxil deyil”. Gördünüz, Elmar yoldaş, Dağlıq Qarabağda yaşayan insanlara. Dağlıq Qarabağda isə məlumdur ki, ermənilərdən başqa heç kim yaşamır. Ana dilini bilməyən nazirə məsləhət veririk ki, gələn dəfə ağzından çıxanı qulağı eşitsin, insanları axmaq yerinə qoymasın. Yoxsa biabır olur. 22 ildir Vaşinqtonda milyonlarla dollar xərclənib, amma heç bir cüzi müvəffəqiyyət belə əldə edilməyib. Bu uğursuzluğu ört-basdır etmək üçün yalana əl atırlar. Gör səni kimlər idarə edir, Azərbaycan!”
Hazırladı: T.ƏHMƏDLİ

 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın