Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Kriminal / Bəzi dövlət rüsumlarının məbləğində dəyişiklik edilir

Bəzi dövlət rüsumlarının məbləğində dəyişiklik edilir

Azərbaycanda bəzi dövlət rüsumlarının məbləğinin artırılması təklif edilir.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov bildirib.

Qanun layihəsində bəzi dövlət rüsumu tutulmalı olan hərəkətlərə görə dövlət rüsumunun məbləğləri artırılması təklif olunur. Belə ki, əgər əvvəl dərman vasitələrinin topdansatışı üzrə 2250 manat dövlət rüsumu alınırdısa, dəyişiklik qəbul olunsa, bu məbləğ 20000 manat təşkil edəcək.

Dəyişikliyə əsasən, ümumi təhsil müəssisələrinə (liseylər və gimnaziyalar daxil olmaqla) lisenziyanın verilməsi üçün dövlət rüsumunun məbləği 5 dəfə artırılaraq 10000 manata çatdırılması da təklif edilir. Bundan başqa, ali təhsil müəssisələri və ali dini təhsil müəssisələrinin fəaliyyətinə görə dövlət rüsumunun da 5 dəfə artırılaraq hər biri üçün 13750 manat təşkil etməsi məqsədəuyğun sayılır.

Layihədə sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) sahəsində sahibkarlıq fəaliyyətinə lisenziyaların verilməsinə görə dövlət rüsumunun 182 dəfə artırılaraq 1 mln. manata qaldırılması nəzərdə tutulub. Bundan başqa, İP-telefoniya (internet telefoniya) xidmətinə lisenziyanın verilməsinə görə dövlət rüsumunun da 12,5 dəfə artırılaraq 50 000 manata çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, ümumi təhsil müəssisələrinə (liseylər və gimnaziyalar daxil olmaqla) lisenziyanın verilməsi üçün dövlət rüsumunun məbləği 2000, ali təhsil müəssisələri və ali dini təhsil müəssisələri üçün 2750, sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) üçün 5500, İP-telefoniya (internet telefoniya) xidmətinə lisenziyanın verilməsinə görə 4000 manat dövlət rüsumu alınır.

Xatırladaq ki, Azərbaycanda lisenziyalar müddətsiz verilir. Buna görə də, yeni dövlət rüsumları bu istiqamətdə indiyədək fəaliyyət göstərən sahibkarlara şamil edilməyəcək. Qanuna təklif edilən dəyişikliklər qəbul olunsa, bu sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərdən dövlət rüsumu yeni qaydalara uyğun alınacaq.

Millət vəkili Vahid Əhmədov bildirib ki, əvvəlki qanunda dövlət rüsumunun maksimum məbləği 22 min manat olub: “İndiki layihədə isə mobil rabitə xidmətləri üçün 1 milyon manat dövlət rüsumu nəzərdə tutulub”.

Millət vəkili Tahir Mirkişili bildirib ki, mobil rabitə xidmətləri sahəsində gəlirlilik milyonlarla manat olduğundan yeni dövlət rüsumu mobil operatorlar üçün böyük məbləğ sayılmamalıdır.

Qeyd edək ki, layihə rüsumların ödənilməsi qaydasında da dəyişikliyi nəzərdə tutur. Belə ki, hazırda dövlət rüsumunun hesablanması və ödənilməsi qaydalarına əsasən qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun (“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25%-i (bu qanunun 4.1-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir.

Dəyişiklikdə qanunun 4.1-ci maddəsində “istisna olmaqla” sözlərindən sonra “və ödənilən dövlət rüsumu üzrə 5 min manatdan çox olmamaq şərti ilə” sözləri əlavə edilir. Yəni, həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının xəzinə hesabına köçürülən məbləğ 5 min manatdan artıq olmamalıdır.

Layihə MM-in yaz sessiyasının plenara iclasına tövsiyə olunub. (APA)

Həmçinin oxuyun

Bakı sakininə səkkiz bıçaq zərbəsi vuruldu

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, …

Bir cavab yazın