“FES yeni zərbə hazırlayır: sentyabrda uçot dərəcəsinin artırılması şok yaşada bilər…”.
Moderator.az xarici mediaya istinadla yazır ki, bu xəbərdarlığı məşhur “Financial Times” nəşri edib.
Nəşr qeyd edir ki, əgər ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) Amerika valyutasının uçot dərəcəsini artırsa, həmin qurumun başçısı Canet Yellen hərrac bazarlarını şoka sala bilər. Odur ki, Uoll-Strit iqtisadçılarının əksəriyyəti (85 faizi) hesab edir ki, sentyabrın 21-dəki iclasda FES uçot dərəcəsini qaldırmağa qərar verə bilməz.
İlin əvvəlindən proqnozlaşdırılmış FES-in 2016-cı ildə uçot dərəcəsini 4 dəfə artıracağına yaranmış inam artıq aşağı düşüb. Buna səbəb ABŞ iqtisadiyyatının qarışıq statistikası olub. Buraya iş yerlərinin çoxalması tempinin aşağı düşməsi və xidmət sektorunun impulsunun itirilməsi də daxildir.
“Financial Times”ın keçirdiyi sorğuya görə, 46 iqtisadçıdan yalnız 13 faizi FES-in bu ay dolların uçot dərəcəsini artıracağını ehtimal edir.
Bütün dünya investorları səbrsizliklə FES İdarə Heyətinin üzvü Lael Breynardın çıxışını gözləyir. Onun çıxışı FES-in iclasqabağı çıxış edəcək tənzimləyici nümayəndələri arasında sonuncu olacaq. Sərmayəçilər Breynardı ənənəvi olaraq uçot dərəcəsinin artırılması əleyhinə çıxış edən məmur kimi tanıyırlar.
Beləliklə, iqtisadiyyatı ABŞ valyutasının böyük təsiri altında olan bir sıra ölkələr kimi, Azərbaycan da həyəcanla sentyabrın 21-ni gözləyir. Manatın gözlənilən növbəti, 3-cü devalvasiyasının olub-olmayacağı daha çox FES-in həmin gün verəcəyi qərardan asılı olacaq.