Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Köşə Yazarları / “Yeni Sözçü” qəzetinin iki yaşı tamam oldu

“Yeni Sözçü” qəzetinin iki yaşı tamam oldu

“Yeni Sözçü” qəzeti iki yaşını qeyd etdi və bu münasibətlə bizi təbrik edən oxucularımıza, həmkarlarımıza təşəkkür edirik.

Baş redaktor kimi ötən iki ili dəyərləndirmək istərdim. Azərbaycanın milli istiqlal hərəkatının ideoloqu və Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu böyük Məhəmməd Əmin Rəsulzadə Stalinin “İki ildə xalqınıza nə verdiniz? Sualına cavab olaraq, çox şey verə bilmədik. Ancaq istiqlal dadızdıra bildik –demişdi. İndi “Yeni Sözçü” qəzetinin keçdiyi iki ili dəyərləndirməyə çalışarkən böyük Rəsulzadənin Stalinlə bu mükaliməsini xatırladım. İki ildə şox şey edə bilmədik. Ən azından qarşımıza qoyduğumuz bir çox məqsədlərə çata bilmədik. Bunun da obyektiv və subyektiv səbəbləri var. Son illər Azərbaycan yazılı mətbuatı tarixinin ən çətin günlərini yaşayır.

Qəzetlərin çap xərcinin günü-gündən bahalaşdığı bir zamanda qəzet satışı məntəqələri də sürətlə sıradan çıxarılır.

“Yeni Sözçü” qəzeti məhz belə bir zamanda nəşr olunmağa başladı. İndi geridə qalan iki ilə baxanda nə edə bildik sualına cavab olaraq deyə bilərik ki,yazılı mediaya az da olsa nəfəs verdik.

İnanıram ki, gələcək nəsillər “Yeni Sözçü”nün Azərbaycan mətbuatında yerini ilk olaraq məhz bu çür qiymətləndirəcəklər. İki ildə biz nə etdik? 

Bu sualın cavabını “Yeni Sözçü” qəzetinin bu günə kimi nəşr olunmuş saylarını araşdırmaqla daha dolğun cavab vermək olar. Ancaq bəzilərinə, hətta bu saylarımızı araşdırmadan cavab verə bilərik. “Yeni Sözçü” Azərbaycanın bu gün üzləşdiyi bəzi iqtisadi problemlər, xüsusilə neft erasının başa çatmaq üzrə olması haqqında ilk saylarından xəbərdarlıq edib. Bu xəbərdarlıqlarımız eşidilməsə belə, neftin ucuzlaşacağı və bunun çox ciddi təsiri ola biləcəyi haqqında dəfələrlə yazılar dərc etməkdən çəkinməmişik. Neftin ucuzlaşması başladıqdan sonra bunun qısa müddətli olmadığı və hələ uzun müddət və bəlkə də tarix boyu belə ucuz qala biləcəyi haqqında yazmaqda davam edirik.

Ölkəmizin yerləşdiyi regionda ciddi siyasi proseslərin getdiyini, Azərbaycanın xarici siyasət kursunda seçim etməli olduğunu dəfələrlə gündəmə gətirmişik. Şimal qonşumuzun təcavüzkar xarici siyasətinin hərbi müdaxilələrlə müşaiyyət olunmasını, Rusiyanın NATO ilə qarşıdurma yolunu seçdiyini və bu halda rəsmi Bakının ABŞ, Avropa Birliyi, Türkiyə ilə Rusiya arasında seçim etməli olduğunu dəfələrlə yazmışıq. Rusiyanın 1921- ci il Qars müqaviləsini qüvvədən salmaq niyyətinə düşməsi də Azərbaycanın seçim etmək, özünə müttəfiqlər tapmaq məcburiyyətində olduğu haqqında bu günə kimi yazdıqlarımızı təsdiq edir. Azərbaycanın böyük problemlərini, onu gözləyən təhlükələrdən yazarkən ölkədaxili problemləri də unutmadıq. Azərbaycanın ən böyük bəlalarından birinə çevrilmiş korrupsiyanın ifşasına öz tövhəmizi verməkdən çəkinmədik.

Azərbaycan mətbuatında bəlkə də ilk dəfə olaraq “Yeni Sözçü” qəzeti kənd təsərrüfatının inkişafı üçün ayrılan subsidiyaların kütləvi mənimsənilməsi ilə bağlı hərtərəfli araşdırma apararaq bir neçə rayonda buğda və çəltik istehsalçılarına verilən subsidiyanın faktiki korrupsiya sxemi olduğunu ortaya çıxardı. Həmin araşdırmalar o qədər əsaslı idi ki, şübhə altına belə alına bilmədi. İki ildə haqqını arayan hər kəsə təmannasız tribuna olduq. Bunun nəticəsidir ki, hansısa maddi-texniki problem səbəbindən qəzetimizin bir sayı dərc olunmayanda ölkəmizin müxtəlif regionlarından oxucularımız zəng edib, qəzetin niyə dərc olunmadığı ilə maraqlanırlar.

Bu, həm də “Yeni Sözçü”nün regionların problemlərinin işıqlandırılmasına üstünlük verməsinin nəticəsidir. İki ildə nələr edə bilmədik? 

Çox şey edə bilmədik. Ən başlıcası qəzetin dövrülüyü ilə bağlı planlarımız hələ də arzu-istək olaraq qalır. Qəzetin dövrülüyünü artıra bilməməyimiz hadisələrə vaxtında və operativ reaksiya verməyimizi mümkünsüz edir. Xüsusilə onlayn medianın sürətlə inkişaf etdiyi bir zamanda həftəlik qəzetin operativ informasiya vasitəsi olması mümkünsüz hala gəlir. Gündəlik qəzetlə bunun az-çox öhdəsindən gəlmək mümkün olursa da, həftəlik qəzetlə informasiya yayımında ciddi uğur qazanmaq mümkün deyil. İki ildə nəyi sübut edik?

“Yeni Sözçü” oxucularına sadiq qaldı və birgə keçirilən iki il bizə güc verir ki, qəzetin nəşrə başladığı zaman qarşısına qoyduğu məqsədlərə çatmağına inanaq. Bu inamı ötən iki ildə bizə dəstək olan oxucularımız verir. Bu yolda bizə dəstək olan hər kəsə təşəkkür edir, ”

Yeni Sözçü”nün sədaqətli oxucuları qarşısında hörmətlə baş əyirəm.

Arzuman Loğmanoğlu,

“Yeni Sözçü” qəzetinin baş redaktoru

Həmçinin oxuyun

RUS DİLİ VƏ RUS BÖLMƏSİNDƏ TƏHSİL: faydalı olanı fəsadsız necə əldə etməli?

Yazmaq istəyirsən, fikirləşəndə ki, auditoriya elə də böyük deyil onda fikrindən daşınırsan. Rus dili ilə …

Bir cavab yazın