Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / Rusiya mətbuatının son Qarabağ proseslərinə qərəzli yanaşmasının səbəbi…

Rusiya mətbuatının son Qarabağ proseslərinə qərəzli yanaşmasının səbəbi…

Yadigar Məmmədli: “İdeoloji cəhətdən yüklənən həmin media qurumlarının rəhbərləri və jurnalistləri obyektivlik ortaya qoymaqda maraqlı deyil”
“Hesab edirəm ki, istənilən mövzu ilə bağlı hər bir jurnalist peşəkarlığa daha çox üstünlük verməlidir”

Aprelin 2-dən sonra cəbhədə yaranan gərginlik həm də tərəflər arasında aparılan informasiya savaşını qızışdırdı. Ancaq maraqlı və nəzərimizdən qaçmayan faktlardan biri Rusiyanın hakimiyyət dairələrinə yaxın olan KİV-lərinin apardığı informasiya siyasəti oldu.
Bu faktor Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovu da ciddi narahat edib: “Son iki gündə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənləri dünyanın aparıcı kütləvi informasiya vasitələri kifayət qədər dolğun işıqlandırdılar. Onların yayımladığı materiallarda Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunduğu qeyd edilirdi. Türkiyə mətbuatı da cəbhədəki son hadisələrə kifayət qədər ciddi və obyektiv yanaşdı”.
Ə.Amaşov bildirib ki, Rusiya mətbuatında, bu ölkənin bəzi xəbər portallarında və televiziyalarında cəbhə xəttində baş verən hadisələrlə bağlı yayımlanan materiallarda isə daha çox erməni tərəfinin mövqeyi dəstəklənir: “Rusiyanın nüfuzlu media qurumları baş verən hadisələri obyektiv işıqlandırsalar da, çox təəssüf ki, məsələyə qeyri-obyektiv yanaşan media qurumları da var. Rusiya mətbuatı daha çox özünü bitərəf kimi göstərməyə çalışır. Lakin dərindən təhlil etdikdə görürsən ki, onların yaydıqları informasiya öz işini görür. Tərəflərə münasibətdə maraqlı məqamlar üzə çıxır. Məsələn, “İnterfaks”, “lenta.ru”, “vzqlyad.ru” və başqaları daha çox erməni tərəfinin mövqeyinə, oradan olan materiallara üstünlük verir. Çox təəssüf ki, bəzi məqamlarda bunu xristian və müsəlmanlar arasında ədavət kimi təqdim etməyə cəhdlər olunur. Əsasən də “regnum.ru” məsələyə bu cür yanaşır, son olayların arxasında Türkiyənin dayanmasına işarə olunur”.
Şura sədrinin sözlərinə görə, Rusiya mətbuatında erməni mənbələrinə istinad daha çox üstünlük təşkil edir: “Rusiya mətbuatında ermənilərin rəsmi şəxslərindən alınan fikirlərə də yer verilir. Adətən mediada fikir verilir, sonra təkzib olunur, təkziblə isə çox adam maraqlanmır. Artıq yazılan yazı öz işini görür. Təkzibin o qədər əhəmiyyəti olmur. Diqqəti cəlb edən digər məqam ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi, işğal olunmuş ərazi kimi verilmir. Dağlıq Qarabağ və Azərbaycan iki tərəf kimi təqdim edilir. Sanki Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmir və hansısa müstəqil dövlətin torpağını zəbt etmək istəyir. Biz bu sadalanan halların aradan qaldırılmasına çalışmalıyıq”.
Rusiya mətbuatının bu davranışı nə ilə bağlı ola bilər?
Media eksperti Yadigar Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün bunlar Rusiya mətbuatının imperialist ab-havadan uzaqlaşa bilməməsindən irəli gəlir: “İdeoloji cəhətdən yüklənən həmin media qurumlarının rəhbərləri və jurnalistləri obyektivlik ortaya qoymaqda maraqlı deyil. Onlar jurnalist mövqeyindən daha çox öz ideoloji maraqlarını qoruyur.
Biz Rusiya mətbuatında analoji davranışın dəfələrlə şahidi olmuşuq. Azərbaycan hansı məsələdə bir qədər önə çıxırsa, belə vəziyyət yaranır.
Rusiyanın aparıcı KİV-ləri qarayaxma kampaniyasına başlayır. Son hadisələrdə biz bunun bir daha şahidi olduq. Hesab edirəm ki, istənilən mövzu ilə bağlı hər bir jurnalist peşəkarlığa daha çox üstünlük verməlidir. Rusiya təəssüf ki, bunun əksini edir. Bu da həmin media quruluşlarına başucalığı gətirmir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın