Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Köşə Yazarları / Qəzetlərin bazar günü və bazarı

Qəzetlərin bazar günü və bazarı

Azərbaycanın əsas gündəlik nəşrlərindən olan “Yeni Müsavat” və “Azadlıq” qəzetləri 2014-cü ilin iyul ayından dövriliyini azaldıb. Əvvəllər hər gün çıxan qəzetlər o vaxtdan bazar sayından imtina edib həftədə 6 dəfə işıq üzü görür. Redaksiyalar bu addımı qəzet yayımındakı problemlə əsaslandırıb.

Ötən iki ildə nə dəyişib? Transparency.az-a danışan “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov bazar nömrəsinin nəşrini əlverişsiz hesab etdiyini vurğulayıb: “Bazar günü qəzetlərin ən çox satıldığı paytaxtda əhalinin sayı azalır. Əsas yayım firmaları da həmin gün işləmir. Bu baxımdan bazar saylarının bərpası mümkünsüzdür”.

Ələsgər Süleymanov qeyd edib ki, ümumiyyətlə çap mediasının bazarı günü-gündən zəifləyir: “Əksəriyyət qəzeti internetdən oxuyur”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərif də Transparency.az-a bazar nəşrini bərpa etməyin gündəmdə olmadığını bildirib: “Bazar günü satış aşağı olur, qəzetin həmin gün çıxan sayı redaksiyanı ziyana salır. Ona görə də bazar günü işləyib növbəti günün nömrəsini hazırlayırıq. Bazar ertəsi satış gur olur.

Satış həcminə görə “Azadlıq” başqa qəzetlərdən xeyli irəli çıxsa da, ümumilikdə yayım şəbəkəsi zəifdir. Ölkədə, regionda, dünyada baş verənlər camaatda informasiyaya tələbatı artırsa da, yayım arealı geniş deyil, bir yandan da yay fəsli öz işini görür”.

Bakının əsas qəzet köşklərini çap məhsulları ilə təmin edən “Əks-səda” yayım firmasının rəhbəri Vüqar Həsənov Transparency.az-a deyib ki, bazar günü fəaliyyət göstərmirlər: “Həmin gün qəzetlərin çoxu nəşr olunmur. Redaksiyalar bazar günü çıxmaq qərarı versə, biz də yayımla məşğul olmağa hazırıq”.

Qəzet satışının ümumi vəziyyətinə gəldikdə, Vüqar Həsənov hazırkı durumun ənənəvi mövsümi xarakter daşıdığını bildirib: “Yay aylarında qəzet satışı həmişə zəif olur. İnsanlar şəhərdə qalmır, dincəlmək üçün müxtəlif istiqamətlərə üz tuturlar, bu da oxucu bazarının daralmasına gətirir”.

Həmçinin oxuyun

RUS DİLİ VƏ RUS BÖLMƏSİNDƏ TƏHSİL: faydalı olanı fəsadsız necə əldə etməli?

Yazmaq istəyirsən, fikirləşəndə ki, auditoriya elə də böyük deyil onda fikrindən daşınırsan. Rus dili ilə …

Bir cavab yazın