Bazar , Avqust 25 2019
Ana səhifə / Köşə Yazarları / KİV-də təqsirsizlik prezumpsiyası prinsipinə əməl olunurmu?

KİV-də təqsirsizlik prezumpsiyası prinsipinə əməl olunurmu?

Cəmiyyətə Doğru Mərkəzi “KİV-də təqsirsizlik prezumpsiyası prinsipinə əməl olunması ilə bağlı vəziyyətin monitorinqi: nəticələr və tövsiyələr” mövzusunda dəyirmi masa keçirib.

Azinforum.az xəbər verir ki, dəyirmi masa Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “KİV-də təqsirsizlik prezumpsiyası prinsipinə əməl olunması ilə bağlı vəziyyətin monitorinqi və maarifləndirmə tədbirlərinin təşkili” adlı layihə çərçivəsində gerçəkləşib. Tədbirin məqsədi və layihə haqqında məlumat verən Mülki Cəmiyyətə Doğru Mərkəzin direktoru Abil Bayramov bildirdi ki, layihənin məqsədi televiziyalarda, yazılı mətbuatda, xəbər portallarında və digər kütləvi informasiya vasitələrində təqsirsizlik prezumpsiyası prinsipinə əməl olunmasını təmin etmək üçün maarifçiliyin genişləndirilməsidir. Layihə çərçivəsində təqsirsizlik prezumpsiyası ilə bağlı maarifləndirici kitabça hazırlanıb, təqsirsizlik prezumpsiyasına əməl olunması vəziyyəti ilə bağlı kütləvi informasiya vasitələrinin monitorinqinin aparılıb, monitorinqin nəticələri əsasında hesabat və tövsiyə sənədi hazırlanıb.

Sonra media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli monitorinqin nəticələrini təqdim etdi. O qeyd etdi ki, monitorinq zamanı beynəlxalq praktikanın müəyyən etdiyi standartlar da yaxından incələnmiş, xüsusilə Avropa Məhkəməsinin praktikası yaxından öyrənilərək, hadisələrin qiymətləndirməsində bu təcrübədən istifadə edilmişdir.
Monitorinqdə əsas baza sənədlərindən biri kimi Azərbaycan Mətbuat Şurasının 2003-cü il mart ayında qəbul etdiyi «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” götürülmüşdür. Azərbaycan Mətbuat Şurasının «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın 3-cü prinsipi şərəf və ləyaqətin qorunmasını, şəxsi həyatın toxunulmazlığını təminat altına alıb. Bu prinsipdə təqsirsizlik prizumpsiyasına xüsusi diqqət ayrılır.
Monitorinqə 3 televiziya cəlb edilmişdir. Yayımın mahiyyəti nəzərə alınaraq, İctimai Televiziya, populyarlığı nəzərə alınaraq ANS TV və Xəzər TV-lər bu siyahıya cəlb olunmuşdur. Monitorinq davam edərkən ANS TV-nin lisenziyası ləğv edildiyinə və TV bağlandığına görə onun ilkin nəticələri qiymətləndirmədən çıxarılaraq, digər iki televiziyanın nəticələri qiymətləndirməyə daxil edilmişdir. İctimai Yayımda yayımlanan “Qanundan kənar” verilişi və Xəzər TV-nin Ana xəbər bülleteni monitorinqə cəlb edilən proqramlar olmuşdur.
Monitorinqə cəlb edilən digər kütləvi informasiya vasitələrindən biri dövlət informasiya agentliyi Azərtacın rəsmi internet səhifəsi www.azertag.az, digər iki resurs isə istifadəçi sayına və populyarlığına görə geniş istifadəçini cəlb edən Yeni Müsavat qəzetinin www.musavat.com internet səhifəsi və www.qafqazinfo.az internet xəbər saytı olmuşdur.
Monitorinq zamanı hər bir tədqiqat obyekti üzrə təqsirsizlik prizumpsiyası prinsipinə əməl olunmasının vəziyyəti bir neçə parametr üzrə nəzərdən keçirilib: məlumatın tipi (xəbər, müsahibə və ya təhlil yazısı olması), məlumat mənbəyi (jurnalist, müsahib, rəsmi qurumun mətbuat xidməti və s.), məlumatın xarakteri (təsirsizlik hüququ prinsipini gözləyən və ya onu pozan).
Monitorinqin nəticələri göstərir ki, təqdim olunan kriminal xəbərlərdə əsasən eyni yanaşma olmuş, hadisələr və hadisələrdə təqsirləndirilən və ya şübhəli kimi müəyyən edilənlər birbaşa cinayəti işlətmiş şəxs kimi təqdim olunmuşdur. Azyaşlıların qorunması, zərərçəkənlərin şəxsiyyətinin qorunması prinsipləri də sistemli şəkildə pozuntuya məruz qalmışdır.
Monitorinq zamanı ən az pozuntunun olduğu mənbə Azərtac olmuşdur. Azərtac birbaşa öz məlumatlarında təqsirsizlik prizumpsiyası hüququnu pozan formatdan uzaq olmuşdur. Rəsmi məlumatları təqdim edən Vergilər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Kömrük Komitəsinin təqdim etdikləri informasiyalarda bu tip pozuntular olmuş, Agentlik bu pozuntuları olduğu kimi mənbəyini göstərməklə təqdim etmişdir.
Monitorinq göstərir ki, mediada problemlər təxmin edildiyindən də dərindir. Bu problemlərin doğuş səbəbləri müxtəlif ola bilər. Ən diqqətçəkən məqam yayımlanan məlumatların başlıqlarıdır. İlk növbədə oxunaqlı olmaq, xəbərlərə tıklanmasını təmin etmək, reytinq qazanmaq üçün diqqitçəkici başlıqlar seçmək məqsədi güdülür. Bu məqsədlə sensasiyalı başlıqlar verilir və bununla şəxslərin təqsirsizlik prezumpsiyası hüququ pozulur. Digər önə çıxan məsələ jurnalist peşəkarlığı məsələsidir. Xəbərlərin yazılışından, seçilən ifadə tərzindən bəlli olur ki, jurnalistlərin bu istiqamətdə maarifləndirilməsinə ciddi ehtiyac var. Jurnalistlərin hüquqi bilgiləri çox azdır və onlar xüsusilə kriminal xəbərlərlə işləməyi, habelə şəxsi həyata hörmət prinsipinin mahiyyətini bilmirlər. Digər bir diqqət çəkən məqam da, redaktorların məsuliyyətsizliyi məsələsidir. Xəbərləri yayan, ona son təsdiq verən məsul redaktorlar jurnalistlərin boşluqlarını tamamlamalı, səhvlərə və pozuntulara yol verməməlidir. Halbuki, çox sayda belə pozuntuların yayılması göstərir ki, məsul redaktorlar da bu istiqamətdə müəyyən maarifləndirməyə ehtiyac hiss edirlər.
Ə. Məmmədlinin təqdimatından sonra jurnalistlər üçün hazırlanmış tövsiyələr təqdim olundu.
Tədbirdə çıxış edən Sahibkarlığa və Bazar İqtisadiyyatına Yardım Fondunun prezidenti Sabit Bağırov, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əlməmməd Nuriyev, Media və İctimai Təşəbbüslər Mərkəzinin sədri Samir Əliyev, Hüquq və İnkişaf İctimai Birliyinin sədri, Hafiz Həsənov, Qadınlar Arasında Həmrəylk İB-nin sədri Ruhəngiz Hüseynova, jurnalistlər Elman Malıyev, Şöhlət Abbas və digər dəyirmi masa iştirakçıları mövzunun aktual olduğunu və gələcəkdə daha geniş maarifləndirmə tədbirlərinin vacibliyini bildirdilər.

Həmçinin oxuyun

Avropalaşan Naxçıvan- Ədib İSAQOĞLU

Bir nəfər müsavatçı tanışımın Naxçıvan haqqında məlumatsızlığı, məni bu yazını yazmağa vadar etdi. Tanışımın mənə …

Bir cavab yazın