Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / Baş redaktor məhkum atası ilə bağlı Ombudsmana müraciət etdi

Baş redaktor məhkum atası ilə bağlı Ombudsmana müraciət etdi

“Sonolay.org” saytının baş redaktoru, jurnalist Ramin Məhəmmədoğlu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovaya müraciət edib. O, müraciərində qanunsuz həbs edilərək 17 saylı Cəzaçəkmə Müəssisəsində dustaq olan, səhhət durumu gün-gündən ağırlaşan atası Qurbanov Məhəmməd Rəşid oğlu ilə Ombudsman nümayəndələrinin görüşünün təşkil olunmasını xahiş edib:

“Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Mənsubu olduğum ailə Ermənistanın təcavüzü nəticəsində Füzuli rayonundan məcburi köçkün düşüb, Beyləqan rayonunda məskunlaşıb. Jurnalist olaraq peşə fəaliyyətimdə həm silahlı müharibəni pisləmiş, həm də korrupsiyaya qarşı mübarizə aparmışam. Çünki o qənaətdə olmuşam ki, korrupsiya ölkəmizdə həm dövlətimizin iqtisadi, dolayısı ilə də hərbi gücünü azaldan əsas mənfi faktordur. Hesab eləmişəm ki, korrupsiya vətəndaş həmrəyliyinə, insan və vətəndaş hüquqlarına, əhalinin sosial rifahına zərbə vuran cinayətdir. Lakin media mənsubu olaraq korrupsiyaya qarşı mübarizə müstəvisində yazdığım tənqidi məqalələrə görə bürokratiyanın təqibiylə üzləşmişəm və nə yazıq ki, bu təqiblərdən mənim ailə üzvlərim əziyyət çəkirlər. Ailə dramı yaşadığımıza, məhkəmələrdə sürünməyimizə baxmayaraq, nikbinliyimizi qoruyuruq və inanırıq ki, Ombudsman aparatında müraciətimə həssas yanaşılacaq.

Hörmətli, Elmira xanım!

İxtiyar yaşlı atam Qurbanov Məhəmməd Rəşid oğlu Ağcabədi rayon məhkəməsinin 06.03.2017-ci il tarixli qanunsuz hökmü ilə üç il müddətində azadlıqdan məhrum edilmişdir. Atamın həbs olunması mənim jurnalist fəaliyyətimlə bağlıdır. Ona görə ki, mən bir jurnalist olaraq peşə fəaliyyətimlə əlaqədar 2016-cı ilin may – iyun aylarında Ağcabədi rayon təhsil sistemində mənimsənilən 897,0 min manat dövlət vəsaitini aşkara çıxarmışam. Həmin fakta görə, Ağcabədi rayon təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Mehdi Əhmədov barəsində 2016-cı ilin avqust ayında Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində 162026172 №-li cinayət işi açılmışdır. Ağcabədi məktəblərində mənimsənilən bu qədər dövlət vəsaitinin yoxa çıxmasından heç də xəbərsiz olmayan icra başçısı Şahin Məmmədov məndən qisas almaq məqsədi ilə atam Qurbanov Məhəmməd Rəşid oğlunu şərlədərək Cinayət Məcəlləsinin hədə – qorxu maddəsi ilə həbs etdirmişdir.

Odur ki, xahiş edirəm, hazırda Binə qəsəbəsindəki 17 saylı Cəzaçəkmə Müəssisəsində dustaq olan, səhhət durumu gün-gündən ağırlaşan atam Qurbanov Məhəmməd Rəşid oğlu ilə Ombudsman nümayəndələrinin görüşü təşkil olunsun, atam dinlənilsin, ona hüquqi və mənəvi yardım göstərilsin. Tərəfimdən məruz qaldığımız hüquqpozmalara dəlalət edən materialları gərəkdiyi təqdirdə təqdim edə bilərəm.

Qabaqcadan minnətdarlığımı bildirirəm.

“Sonolay.org” saytının baş redaktoru Qurbanov Ramin Məhəmməd oğlu”.

Azinforum.az

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın