Ana səhifə / İqtisadiyyat / Xaricdə işləyənlər Azərbaycana niyə pul göndərmir?

Xaricdə işləyənlər Azərbaycana niyə pul göndərmir?

Mərkəzi Bank pul köçürmə sistemləri üzrə əməliyyatların həcmini açıqlayıb.

Burada qeyd edilir ki, 2023-cü ildə pul köçürmə sistemləri ilə banklara 2 milyard 468 milyon manat daxil olub, banklardan kənara isə 616,4 milyon manat köçürülüb. 2022-ci ildə bu məbləğlər müvafiq olaraq 5 milyard 798,6 milyon manat və 1 milyard 4,4 milyon manat təşkil etmişdi. Beləliklə, ötən il pul köçürmə sistemləri üzrə banklara daxil olan vəsait 3 milyard 330,6 milyon manat, banklardan kənara köçürülən vəsait isə 388 milyon manat azalıb. Ötən il pul köçürmə sistemləri ilə banklara daxil olan bir ödənişin orta hesabla məbləği 526,6 manata düşüb. 2022-ci ildə orta məbləğ 915,9 manat idi. 

Qeyd edək ki, Azərbaycana əsasən qonşu ölkələrdə yaşayan soydaşlarımız tərəfindən köçürmələr olur. Həmin köçürmələr zamanı adətən ailələrin təminatı, yaxud burada daşınmaz əmlak alınması üçün istifadə edilir. Həmin pul köçürmələrin azalmasının səbəbi nədir və bu proses davam edəcəkmi? 

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirib ki, Azərbaycana adətən pul köçürmə sistemləri ilə xaricdə, xüsusilə də Rusiyada yaşayan azərbaycanlılar vəsait köçürür:

“Hazırda bu sahədə azalmanın müxtəlif səbəbləri var. Həm orada gəlirlər düşüb, pul köçürmək çətinləşib. Həm də adətən öz qohum-əqrabasına burada əmlak, ev, almaq üçün pul köçürən azərbaycanlılar üçün indi Azərbaycanda nəsə almaq o qədər də cəlbedici deyil. Ola bilər ki, bununla da bağlı azalma olsun”. 

Ekspert bildiirb ki, azalmanın səbəbi banklara etibarla bağlı deyil:

“Bu, sırf iqtisadi göstəricidir. Azərbaycana demək ki, artıq xaricdən az pul köçürülür. O pulların bir qismi investisiyadır. Ancaq bu gün Azərbaycana investisiya qoymaq istəyən çox deyil. Azərbaycanlılar ən çox Rusiya və Ukraynada yaşayır. Orada da vəziyyət yaxşı deyil. Bizim vətəndaşlar həmin ölkələrdə daşınmaz əmlak alırlar. Çünki Azərbaycanda bu, artıq sərf etmir. Burada qiymətlər qalxmır, düşür. Əmlak almaq istəyən qiymətlər qalxsmasını arzulayır. Türkiyədə isə bu sahədə qiymət qalxır. Eyni zamanda, ölkəmizdə  mülkiyyət hüququnun qorunmasında da problem var. Ona görə də son vaxtlar burada nəsə almaq, iş görmək istəyən çox deyil”. 

Həmsöhbətimiz bildirib ki, köçürmələrin azalması davam edəcək:

“Bu, o demək deyil ki, Azərbaycana pul gəlmir. Kimsə gəldikdə özü ilə nağd şəkildə gətirir. Ancaq çox gətirmək də olmur. Ona görə də köçürmələrə üstünlük verirlər”. 

Nigar Abdullayeva 

Həmçinin oxuyun

İlin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Təxminən ilin ortalarında hökumət ötən dövrün, yəni dörd ayın nəticələrini nəzərdən keçirir. Hələlik nəticələr pis …