Çərşənbə , Noyabr 13 2019
Ana səhifə / İqtisadiyyat / Türkmənistan və Almaniyadakı prezident seçkiləri – Biri lənətlənir, o biri alqışlanır…

Türkmənistan və Almaniyadakı prezident seçkiləri – Biri lənətlənir, o biri alqışlanır…

Şahin Cəfərli: “Türkmənistanda keçirilmiş tədbiri seçki adlandırmaq doğru olmaz”; Elçin Mirzəbəyli: “Ştaynmayer Almaniyanın ən təcrübəli diplomatlarından sayılır və ehtimal olunur ki, o, Donald Tramp administrasiyası ilə Almaniyanın hakim koalisiyası arasında olan gərginliyi azalda biləcək”

Ötən bazar günü iki ölkədə prezident seçkiləri keçirildi: Almaniya və Türkmənistanda. Təbii ki, dünyaya demokratiya dərsi keçən ölkə ilə avtoritar rejimli qonşu respublikadakı seçkiləri müqayisə etmək fikrindən uzağıq.

Təkcə açıqlanan rəsmi nəticələr istənilən müqayisənin uğursuz olduğunu sübut edir. Türkmənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, prezident postu uğrunda 9 namizəd mübarizə apardığı halda, hazırkı dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov seçicilərin 97,69 faizinin səsini almaqla yenidən Türkmənistan prezidenti seçilib.
Almaniyada isə yeni prezidentin kimliyi parlament səsverməsi nəticəsində məlum olub. Keçmiş xarici işlər naziri, sosial-demokrat Frank-Valter Ştaynmayer Almaniya prezidenti seçilib. Qeyd edək ki, prezidenti 630 Bundestaq deputatı və 630 federal torpaq nümayəndələrindən ibarət Federal Məclis seçir. Birinci turda Ştaynmayerin seçilməsi üçün 631 səs toplamaq lazım idi. Onun namizədliyinin lehinə 931, ümumilikdə isə 1239 parlamentari səs verib. Göründüyü kimi, türkmən prezidentin nəticələrindən ciddi şəkildə fərqlənir.
Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a dedi ki, Türkmənistanda bazar günü keçirilmiş tədbiri seçki adlandırmaq doğru olmaz: “Təsəvvür edin, 97,7% səslə yenidən prezident elan olunan Qurbanqulu Berdımuhammedovun guya 8 alternativi var idi və bu adamların hamısının bir yerdə 2,3% səs topladığını açıqladılar. Gülüncdür. Ümumiyyətlə, bu tip rejimlərdə baş verənləri normal məntiqlə izah etmək çətindir. Məsələn, niyə 87% yox, 77% yox, məhz 97%? Rəhbərin 8 rəqibinin olması əvvəlcə belə qənaətə gəlməyə əsas verir ki, çoxalternativli və demokratik seçki görüntüsü yaratmaq niyyəti var. Lakin elan olunan faizlərdən sonra görürsən ki, bu qənaət yanlış imiş və bunların heç demokratik seçki imitasiyası təşkil etmək fikri də yox imiş. Belə olan halda sual yaranır ki, seçki institutuna, bu qədər xərc çəkib, seçki təşkil etməyə nə ehtiyac var? Mərhum Türkmənbaşının dövründə Ağsaqqallar Şurası ömürlük prezidentlik ideyası irəli sürmüşdü, lakin seçkilərdə 98-99%-lik nəticələrlə qalib gəlməyi xoşlayan Niyazov bu təklifi qəbul etməmişdi. İndi yenidən bu məsələyə qayıtmaq olar. Əcnəbinin Marsa səfərlər təşkil etməyə hazırlaşdığı bir dövrdə türk-müsəlman dünyasının mövcud durumu təəssüf doğurur…” Almaniyadakı seçkilərə gəldikdə isə Ş.Cəfərli qeyd etdi ki, bu ölkə parlamentli respublikadır və prezidentin icra səlahiyyətləri yoxdur: “Prezident xalq tərəfindən deyil, Federal Məclis tərəfindən seçilir. Federal Məclis 630 Bundestaq üzvündən və federal əyalətlərin eyni sayda təmsilçisindən ibarətdir. Almaniyanın siyasi sistemi keçmişin acı təcrübələri nəzərə alınaraq tək adam rejiminin bərqərar olmasına imkan verməyəcək şəkildə qurulub. Əsas rol Bundestaqa məxsusdur və ölkəni Bundestaqın formalaşdırdığı hökumət idarə edir. Düzdür, Almaniyada zaman-zaman xarizmatik liderlər ortaya çıxır və ardıcıl olaraq seçkidə qalib gələrək uzun müddət federal kansler vəzifəsini tuturlar. Məsələn, Angela Merkel 2005-ci ildən bu vəzifədədir. Helmut Kol 16 il hökumət başçısı olmuşdu. Müharibədən sonra Konrad Adenauer 14 il baş nazir vəzifəsində qalmışdı. Lakin bu uzunmüddətli idarəçiliklər konstitusiya çərçivəsində baş tutur və Almaniya demokratiyasına hər hansı zərər vurmur. Yəni uzun müddət baş nazir olan siyasətçi konstitusiyanı dəyişərək avtoritar rejim qurmaq fikrinə düşmür. Almaniyada qurulan hökumətlərin əksər hallarda bir neçə partiyanın koalisiyasından ibarət olması da plüralist demokratiyanın və siyasi mədəniyyətin inkişafına xidmət edir. Almaniyanın siyasi təcrübəsi və iqtisadi inkişaf səviyyəsi sübut edir ki, demokratiyanın operativ qərarların qəbuluna, çevik və faydalı idarəçiliyə mane olaraq inkişafa əngəl törətdiyi barədə iddialar əsassızdır”.
Politoloq Elçin Mirzəbəyli isə qeyd etdi ki, Almaniyanın yeni prezidenti – Frank Valter Ştanmayerin namizədliyi sosial-demokrat, xristian-demokrat və xristian sosialist blokunun təşkil etdiyi hakim koalisiya tərəfindən irəli sürülmüşdü: “Hakim koalisiya isə faktiki olaraq federal məclisdə söz sahibi olduğu üçün Ştanmayerin qələbə qazanacağı şübhə doğurmurdu. Qeyd edim ki, Almaniyada prezident əsasən təmsilçi rolunu yerinə yetirir və böyük səlahiyyətlərə sahib deyil. Almaniyada prezident federal kanslerin təqdimatı əsasında nazirləri təqdim etmək, konstitusiya ilə ziddiyyət təşkil edəcəyi təqdirdə bəzi qanun layihələrini dayandırmaq və federal kanslerə etimadsızlıq nümayiş ediləcəyi halda Bundestaqı buraxmaq və yeni seçkilər təyin etmək hüququna malikdir. Bu ölkədə əsas səlahiyyətlər federal kanslerin əlində cəmləşib”. Türkmənistana gəldikdə, ekspert bildirdi ki, bu ölkədə mərkəzləşdirilmiş prezident üsul-idarəçiliyi hökm sürür: “Türkmənistanda keçirilən prezident seçkilərində 9 namizəd qeydə alınmışdı. Düşünürəm ki, namizədlərin kimliyi və tutduğu vəzifələr Türkmənistanda keçirilən seçkilər haqqında təəssürat yaratmağa imkan verir: 1. Prezident Qurbanqulu Berdımuhammedov; 2. Dövlət Yeyinti Sənayesi Birliyi sədrinin müavini Məqsəd Annanepesov; 3. Mari vilayəti hakiminin müavini Cumanazar Annayev; 4. Deputat, ”Rısqal” auksioner kommersiya bankının idarə heyətinin sədri Bekmırat Atalıyev; 5. Deputat, neft emalı zavodunun direktoru Ramazan Durdıyev; 6. Daşoğuz vilayəti hakiminin müavini Meretdurdı Qurbanov; 7. Axal vilayətinin iqtisadiyyat və inkişaf baş idarəsinin rəisi Sərdar Cəlilov; 8. “Qaraboqazsulfat” istehsalat birliyinin baş direktoru Suleymannepes Nurnepesov; 9. Türkmənistan Aqrar Partiyasının Marı vilayət komitəsinin sədri Durdıqılıc Orazov. Bu siyahı da sübuta yetirir ki, Qurbanqulu Berdımuhammedovun seçkilərdə qələbə çalmaması üçün heç bir tutarlı maneə və əsas olmayıb”.
E.Mirzəbəyli xatırlatdı ki, Almaniyada əsas seçkilər – parlament seçkiləri sentyabrda keçiriləcək: “Bu ölkədə siyasi hakimiyyət dəyişikliyinin olub-olmayacağına da məhz həmin dövrdə aydınlıq gətiriləcək. Frank-Valter Ştanmayerin prezidentliyə namizədliyinin hakim koalisiya tərəfindən irəli sürülməsi və dəstəklənməsi əsasən ABŞ-da keçirilən prezident seçkiləri ilə əlaqələndirilir. Ştanmayer Almaniyanın ən təcrübəli diplomatlarından sayılır və ehtimal olunur ki, o, Donald Tramp administrasiyası ilə Almaniyanın hakim koalisiyası arasında olan gərginliyi azalda biləcək”.

Həmçinin oxuyun

“Büdcə layihəsi hazırlanarkən şəffaflıq tam təmin olunmayıb” – DEPUTAT

“Hesab edirəm ki, büdcə layihəsi hazırlanarkən şəffaflıq və ədalətlilik prinsipi tam təmin olunmayıb. Dəfələrlə ölkə …

Bir cavab yazın