Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə baş naziri: “Hədəfimiz sərhədlərimizi İŞİD ünsürlərindən təmizləməkdir”

Türkiyə baş naziri: “Hədəfimiz sərhədlərimizi İŞİD ünsürlərindən təmizləməkdir”

Türkiyədə səfərdə olan ABŞ-ın vitse-prezidenti Cozef Bayden bu ölkənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb.
APA-nın məlumatına görə, təkbətək görüşdən sonra hərbçilərin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
 Görüşdə İraq və Suriyadakı durum geniş müzakirə edilib. Görüşdən sonra keçirilən brifinqdə Ə. Davudoğlu deyib ki, Türkiyə-ABŞ münasibətləri kritik tarixi dönəmlərdə mühüm rol oynayıb. O, ABŞ və Türkiyəni böyük iqtisadi maraqların birləşdirdiyini söyləyib.
 Baydenin çox kritik bir dönəmdə Türkiyəyə səfər etdiyini nəzərə çatdıran Ə. Davudoğlu qeyd edib ki, hazırda Suriya və İraqda ciddi hadisələr baş verir, Ukraynada hər iki ölkəni narahat edən proseslər yaşanır: “Ətrafımızda böyük dəyişikliklər yaşanarkən Türkiyə və ABŞ-ın bu dəyişikliklərə ortaq bir perspektivdən baxması böyük önəm daşıyır. Biz görüşümüzdə terrora qarşı eyni mövqedən çıxış etdiyimizi müəyyən etdik. Terror hansı təmələ əsaslanırsa əsaslansın, hansı ölkəni hədəf alırsa alsın, Türkiyə üçün cinayətdir. Türkiyə İŞİD, PKK və Əl-Nüsrə kimi terror təşkilatları arasında fərq görmür”.
 Türkiyənin baş naziri görüşdə İraq və Suriya ilə bağlı müzakirələr aparılarkən xəritələr üzərində bütün kritik bölgələri nəzərdən keçirdiklərini açıqlayıb. Ə. Davudoğlu Türkiyənin milli təhlükəsizliklə bağlı qayğılarını ABŞ-ın vitse-prezidentinə açıq və birmənalı şəkildə çatdırdığını vurğulayıb: “Türkiyənin sərhədləri boyunca, İraq və Suriyada təəssüf ki, dövlət hakimiyyəti yoxdur. Türkiyə hazırda Suriyada eyni anda 3 risk amilini təhdid sayır. Bura Suriyadakı rejim, İŞİD və YPG daxildir. YPG PKK-nın bir parçasıdır və PKK-dan dəstək almaqdadır. Çünki YPG də nəzarət etdiyi bölgələrdə ərəb və türkmənlər, o cümlədən özü kimi düşünməyən kürdlərə qarşı etnik təmizləmə aparmağa çalışır, həm də Türkiyə daxilində terrora dəstək yönündə fəaliyyətlər göstərir. Milli təhlükəsizliyimizlə bağlı risk amillərinə qarşı lazımi anda hər cür addım atmaqda qərarlıyıq. Türkiyənin hədəfi sərhədlərini İŞİD ünsürlərindən təmizləməkdir”.
 Ə. Davudoğlu Suriyada keçid dövrü ilə bağlı yaxın günlərdə keçiriləcək sülh danışıqlarına da toxunub. O, danışıqlarda Suriya müxalifətinin iştirakını vacib sayıb: “Son dönəmdə Suriyada loyal müxalifətin İŞİD-ə qarşı mübarizəsi ABŞ və Türkiyə tərəfindən dəstəklənir. Ancaq görüşümüzdə Rusiyanın hava əməliyyatlarının bu mübarizəyə əngəl olmaması yönündə qayğılarımızı da bölüşdük. İraqa gəlincə, 2014-cü ildə Mosulun İŞİD-dən azad edilməsi üçün Başikada bir təlim düşərgəsi qurmuşuq. Bunun indi İraq hökuməti tərəfindən yanlış izah edilməsini beynəlxalq koalisiyanın İŞİD-ə qarşı apardığı mübarizə baxımından doğru saymırıq. Türkiyə İraqın suverenliyi və ərazi bütövlüyünə hörmət çərçivəsində addım atıb. Yeganə hədəfimiz Mosulun və Türkiyəyə yaxın bölgələrin İŞİD-dən azad edilməsidir. Bu məsələdə ABŞ-la yanaşmamız eynidir”.
 Ə. Davudoğlu Türkiyə daxilində PKK terroru ilə mübarizə barədə Baydenə məlumat verdiyini də bildirib. Türkiyənin baş naziri qeyd edib ki, Türkiyədə PKK terroruna qarşı mübarizə son terrorçu silahı yerə qoyanadək və Türkiyəni tərk edənədək davam edəcək.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın