Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Rusiya bazarının ehtiyacları artır: Azərbaycan ixracı çoxalda bilər

Rusiya bazarının ehtiyacları artır: Azərbaycan ixracı çoxalda bilər

Azərbaycan koronavirus pandemiyasının yaratdığı problemlərdən sonra qeyri-neft ixracını sürətlə artırmağa başlayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, 2022-ci ilin mart ayında Azərbaycanın ixracı 2 milyard dollar təşkil edib ki, bunun da 265,5 milyon dolları qeyri-neft məhsullarından ibarət olub.

Yanvar-mart ayları ərzində Azərbaycanın ixracı 8 milyard dollar, o cümlədən qeyri-neft sektoru üzrə ixrac 727,2 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin eyni dövrü ilə müqayisədə 225,6 milyon dollar və ya 45 faiz artıb.

2022-ci ilin yanvar-mart ayları ərzində meyvə-tərəvəz məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 28,5 faiz artaraq 124,9 milyon dollar təşkil edib. Yanvar-fevral aylarında bu məhsulların ixracı 92,3 milyon dollar təşkil etdiyinə görə mart ayında ixracın 32,6 milıyon dollar təşkil etdiyini söyləyə bilərik.

İlk üç ayda kimya sənayesi məhsullarının ixracı 10 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 63,9 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 48,7 faiz, pambıq iplik ixracı 29,3 faiz, pambıq lifi ixracı isə 5,6 faiz artıb.

2022-ci ilin mart ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 13,6 faiz artaraq 48,8 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 70,1 faiz artaraq 216,7 milyon dollar təşkil edib.

Qeyd edək ki, Ukraynaya hücumundan sonra Qərbin kəskin sanksiyaları ilə üzləşən Rusiya kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvə-tərəvəzin idxalında ciddi çətinliklər yaşamağa başlayıb. Belə ki, dünyanın demək olar ki, bütün iri yükdaşıma şirkətləri Rusiyaya və Rusiyadan daşımaları dayandırıblar. Nəticədə Rusiyanın Amerika və Afrika ölkələrindən, o cümlədən Mərakeşdən meyvə-tərəvəz idxalında kəskin azalma baş verib. Yaxın günlərdə Avropa Birliyi ölkələri öz dəniz limanlarını Rusiya gəmilərinə bağlayacaqlar. Eyni zamanda Rusiya və Belarusa məxsus yük avtomobillərinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. Bundan əlavə, Polşa, Estoniya, Latviya və Litva Rusiya ilə quru sərhədləri tamamilə bağlamaq barədə razılığa gəliblər. Bütün bunlar Rusiyanın yaxın aylarda meyvə-tərəvəz və digər məhsullarla təminatındakı problemləri daha da gücləndirəcək.

Ukraynadakı müharibə, ümumiyyətlə, Rusiyanın nəqliyyat-logistika imkanlarının kəskin məhdudlaşmasına gətirib çıxarmaqdadır. Bütün bunlar isə Azərbaycandan Rusiyaya xüsusilə aqrar məhsullar ixracının daha da artmasını stimullaşdıra bilər. Bu, ilk növbədə meyvə-tərəvəz ixracına aiddir. Belə ki, son illərdə Azərbaycan meyvə-tərəvəzinin əsas alıcısı məhz şimal qonşumuzdur. Ölkəmizdən Rusiyaya pomidor ixracının illik həcmi 2019-cu ildə 188 milyon dollardan yuxarı olub. 2020-ci ildə bu göstərici 197 milyon dollara yüksəlsə də, həmin ilin dekabrından Rusiya tərəfinin idxalı dayandırmasına dair qərarı qəbul edilib. Ölkənin Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti zərərvericilərin aşkarlanmasını əsas gətirməklə Azərbaycandan alma və pomidor idxalını kəskin məhdudlaşdırıb. Nəticədə, 2021-ci ildə Azərbaycanın ümumi pomidor ixracı 22,6 faiz, Rusiyaya ixrac isə miqdar ifadəsində 22,1 faiz, dəyər ifadəsində 20,2 faiz azalıb. Ötən il Rusiyaya 157 milyon 558,92 min dollar dəyərində 140,110 min ton pomidor (bütün ixracın 96,5 faizi) ixrac olunub. Eyni azalma alma ixracında da qeydə alınıb. Belə ki, 2020-ci ildə 72 min 87,6 ton təşkil edən alma ixracımız  2021-ci ildə 66 min 848,8 tona düşüb ki, bunun da alma 62 min 901,02 tonu Rusiyaya ixrac edilib.

Azərbaycanın 16 şirkətinə Rusiyaya ixrac üçün icazə verilib » Index.az  İqtisadiyyat və Biznes xəbərləri

Bu il martın 5-də Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Misir, Qırğızıstan, Türkmənistan və Özbəkistandan bütün növ meyvə-tərəvəz idxalına qoyulan qadağaları tam ləğv edib. Bu addım Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracının artırılması üçün əlverişli zəmin yaradır.

İki gün əvvəl Azərbaycan-Rusiya sərhədində Yaraq-Qazmalar buraxılış məntəqəsinin ərazisində gündəlik ötürücülük gücü 100 yük maşını olan yeni hərəkət zolağı istifadəyə verilib. Rusiya Gömrük Xidmətinin məlumatına görə, bu məntəqədə gündəlik tələbat 500-550 yük maşınına çatır: “Anti-Rusiya sanksiyaları və Rusiya Federasiyasının Avropa ölkələri ilə yük nəqliyyatı əlaqəsinin bloklanması şəraitində Şimal-Cənub nəqliyyat dəhlizinin ölkəmiz üçün əhəmiyyəti artır. Yaraq-Qazmalar Rusiya-Azərbaycan sərhədində ən böyük və ən çox yüklənən buraxılış məntəqəsidir. İran, Türkiyə və Azərbaycandan Rusiyaya yüklərin, xüsusilə də təzə tərəvəzin çatdırılmasında fasiləsizliyin təmin olunması onun fəaliyyətindən birbaşa asılıdır”.

Digər tərəfdən, Rusiya Dövlət Dəmir Yolları Şirkəti Azərbaycandan meyvə-tərəvəzin dəmir yolu ilə daşınması müddətini iyunun 1-dək uzadıb. Beləliklə, daşımalarla bağlı çətinliklərin əvvəlki illərlə müqayisədə xeyli azalacağı gözlənilir.

Məlumat üçün qeyd edək ki, son illərdə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalında artım davamlı xarakter almaqdadır. Rəsmi statistikaya əsasən 2021-ci ildə Azərbaycanda 9 milyard 163,4 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdu ki, bu da real ifadədə 2020-ci illə müqayisədə 3,4 faiz çoxdur. Asiya İnkişaf Bankının məlumatına əsasən bu il Azərbaycanın kənd təsərrüfatı sektorunda 6 faizlik artım gözlənilir. Bankın “Asian Development Outlook 2022″ hesabatına əsasən 2023-cü ildə Azərbaycanın aqrar istehsalında 5,5 faizlik artım baş verəcək.

Hesabatda qeyd edilir ki, Rusiya və Ukraynadan ərzaq məhsullarının təchizatının daralması fonunda dövlətin yanacaq subsidiyaları və lizinq proqramı hesabına daxili kənd təsərrüfatı istehsalının genişlənməsinə təkan veriləcək(APA).

Yeri gəlmişkən, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2021/2022-ci il payızlıq əkinlərə görə aprelin 7-də 6 424 fermerə, ümumilikdə 12 milyon 195 min manat subsidiya ödəyib. Kənd Təsərrüfatı Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, bu məbləğ 59 min 709 hektar əkin sahəsini əhatə edir. Bununla da 2021/2022-ci il üçün ümumilikdə 768 min 520 hektar əkin sahəsi üzrə 235 min nəfərdən çox fermerə payızlıq əkin subsidiyası ödənilib. Ödənişin ümumi miqdarı 151,7 milyon manatdan çoxdur.

Rusiya Azərbaycan üçün pomidor ixracı qadağasını tam ləğv etdi -  05.03.2022, Sputnik Azərbaycan

Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin yoxlanması və sbsidiyaların ödənişi davam edəcək.

Onu da qeyd edək ki, Ukraynadakı müharibənin qlobal ərzaq qiymətlərində 12 faizə yaxın bahalaşmaya, həmçinin bəzi ərzaq məhsullarının qıtlığına gətirəcəyi gözlənilir. Buna buğda, qarğıdalı, soya, günəbaxan kimi bir sıra mühüm ərzaq məhsullarının Ukraynadan, qismən də Rusiyadan ixracının kəskin azalması səbəb olacaq. Ukrayna dünya günəbaxan ixracının 80 faizdən çoxunu təmin edirdi. Ölkənin gömrük qurumunun məlumatına görə, mart ayında Ukrayna 1,1 milyon ton qarğıdalı, 309 min ton buğda, 118 min ton günəbaxan yağı, 40 min ton soya məhsulları ixrac edə bilib ki, bu da fevraldakı ixracdan 4 dəfə azdır.

Əksər dünya ölkələri ərzaq bazarında mümkün qıtlıq şəraitində daxili tələbatı təmin etmək üçün əsas ərzaq məhsullarının ixracına məhdudiyyətlər tətbiq edirlər. Azərbaycan Nazirlər Kabineti də martın 21-də bir sıra ərzaq məhsullarının ixracını məhdudlaşdıran qərar qəbul edib. Qərara əsasən quş əti, yumurta, buğda, kartof, şəkər və sair məhsulların ixracı üçün İqtisadiyyat Nazirliyindən xüsusi icazə almaq lazım gələcək. Qərar istixanalarda yetişdirilən faraş kartofa aid edilmir. 2021-ci ildə Azərbaycanın faraş kartof ixracı 40,1 milyon dollardan yuxarı olub. Bu il ixrac həcminin daha yüksək olması gözlənilir.

Maraqlıdır ki, bu ilin əvvəlindən Azərbaycanın qeyri-neft ixracında birinci yerin sahibi dəyişib. Belə ki, fevral ayında Azərbaycandan ən çox qeyri-neft məhsulu Türkiyəyə satılıb. Nəticədə yanvar-fevral ayları ərzində Türkiyəyə 153,3 milyon dollar, Rusiya Federasiyasına 119,1 milyon dollar, Gürcüstana 28,1 milyon dollar, İsveçrə Konfederasiyasına 21 milyon dollar, İtaliyaya isə 19,4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Rusiya banklarına Qərb dövlətləri tərəfindən tətbiq edilən sanksiyalar, həmçinin bu ölkədə aparıcı valyutalar olan dollar və avronun satışının qadağan olunması Azərbaycan fermerləri üçün müəyyən problemlər yarada bilər. Belə ki, sanksiyalar başlanandan bəri Azərbaycan bankları Rusiya rublu ilə əməliyyatları dayandırıblar. Bu gün ölkədə rublu verib manat, dollar və ya avro əldə etmək mümkün deyil. Rusiyadakı alıcıların isə ödənişi xarici valyutada həyata keçirmək imkanı yoxdur. Buna görə də problemin hökumət rəhbərləri səviyyəsində həlli zərurəti yaranıb. Artıq qardaş Türkiyə bu məsələ ilə bağlı Rusiya ilə müzakirələrə başlayıb. Azərbaycan hökumətinin də qarşılıqlı əlaqələrdə yarana biləcək bu problemin həlli üçün fəaliyyətə başladığına ümid edirik.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …