Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Qarabağda nə əkək, nə biçək – hökumət planlaşma aparır

Qarabağda nə əkək, nə biçək – hökumət planlaşma aparır

İşğaldan azad olunan ərazilərin əsas iqtisadi potensialı kənd təsərrüfatına bağlıdır. Həm Yuxarı Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonlarının tarixi-iqtisadi inkişafına nəzər yetirsək, bu bölgənin məhz kənd təsərrüfatının inkişafı üçün böyük potensiala sahib olduğunu görə bilərik. Belə ki,1988-ci ildə ölkədə taxıl istehsalının 14,3 faizi, pambıq istehsalının 3,3 faizi, üzüm istehsalının 31,5 faizi, kartof istehsalının 6,3 faizi, ət istehsalının 14,5 faizi, süd istehsalının 17,1 faizi, yumurta istehsalının 3,6 faizi, yun istehsalının 19,3 faizi, barama istehsalının 17 faizi həmin ərazilərin payına düşürdü.

İşğaldan əvvəlki dövrdə respublika üzrə iribuynuzlu mal-qaranın 15,1 faizi, xırdabuynuzluların isə 19,2 faizi həmin ərazilərdə saxlanılırdı. İribuynuzlu heyvandarlıqda Laçın, Ağdam və Füzuli rayonlarının, xırdabuynuzlu heyvandarlıqda isə Laçın, Ağdam, Kəlbəcər, Füzuli və Cərbayıl rayonlarının göstəriciləri yüksək idi.

İşğal dövründə Ermənistan bölgənin imkanlarından geniş istifadə edib. Bölgədə həm heyvandarlıq təsərrüfatları yaradılıb, həm də müxtəlif bitkilərin becərilməsi həyata keçirilib. Xankəndidəki qondarma qurumun statistikasına əsasən, işğal altında olan ərazilərimizdə ildə 180 min tondan yuxarı buğda əldə edilib.

Digər tərəfdən, azad olunan ərazilərin suvarma imkanları su ehtiyatları baxımından Azərbaycanın əksər ərazilərindən daha yüksəkdir. Bu isə kənd təsərrüfatının inkişafı üçün ən mühüm amilin mövcud olması deməkdir.

Zəngilan, Cəbrayıl, Ağdərə, Qubadlıda üzümçülük bərpa olunacaq - VİDEO

Bir sıra mütəxəssislər Cəbrayıl rayonunda heyvandarlıq, üzümçülük və baramaçılıq, Xocalı rayonunda kartofçuluq, üzümçülük və heyvandarlıq, Ağdam rayonunda heyvandarlıq, pambıqçılıq, taxılçılıq, Kəlbəcər rayonunda heyvandarlıq, kartofçuluq, tərəvəzçilik, meyvəçilik, Laçın rayonunda heyvandarlıq, taxılçılıq, bağçılıq, tərəvəzçilik, Qubadlı rayonunda heyvandarlıq, taxılçılıq, arıçılıq, baramaçılıq, üzümçülük, Füzuli rayonunda taxılçılıq, qoyunçuluq, bitkiçilik, Xocavənd rayonunda heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq, tərəvəzçilik, Şuşa rayonunda heyvandarlıq, meyvəçilik, quşçuluq, Zəngilan rayonunda heyvandarlıq, tütünçülük, taxılçılıq, üzümçülük, arıçılıq, baramaçılıq sahələri üzrə inkişaf üçün böyük potensialın olduğunu bildirirlər. Lakin bu potensialın reallaşması üçün ciddi düşünülmüş, kompleks yanaşma təmin olunmaqla xüsusi planın hazırlanması con dərəcə vacibdir. Çünki əvvəla, ərazilərdə torpaqların mühüm hissəsi uzun müddət əkin dövriyyəsindən çıxarılıb, onun dövriyyəyə qaytarılması irihəcmli vəsait qoyuluşu tələb edir. İkincisi, bölgədə məskunlaşma tədricən və uzunmüddətli dövrdə həyata keçiriləcək. Bu isə zəruri işçi qüvvəsi ilə təminat sahəsində problemlər yarada bilər. Buna görə də işlərin planlı şəkildə, məskunlaşma proqramı ilə uyğunlaşdırılmaqla həyata keçirilməsi vacibdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci ilin  aprelində imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərmanına əsasən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi sahəsində bir sıra  səlahiyyətlərin həyata keçirilməsi müvəqqəti olaraq Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib. Bura kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi; icarəyə verilən torpaqlardan təyinatı üzrə istifadəyə nəzarətin həyata keçirilməsi;  torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi, habelə icarəyə verilməsi nəzərdə tutulan torpaqlarda həmin kateqoriya daxilində kənd təsərrüfatı yerlərinin (uqodiyaların) dəyişdirilməsi ilə bağlı Nazirlər Kabineti qarşısında məsələ qaldırılması aiddir.

Prezident Qu Donqyunu videoformatda qəbul edib - YENİLƏNİB

Bu ilin mayında Prezident BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyunu videoformatda qəbul edərkən bildirib ki, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üzrə planlaşma işləri aparılır: “Azərbaycan ərazilərinin işğaldan azad edilməsi nəticəsində hazırda biz infrastrukturun, o cümlədən kənd təsərrüfatının inkişafı baxımından həmin torpaqların işlənilməsinin aktiv mərhələsindəyik. Çünki işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı potensialı həqiqətən də çox böyükdür. Bu ərazinin fərqli təbiəti, iqlim qurşaqları və həm yerli istehlak, həm də ixrac üçün istehsalımızı əhəmiyyətli dərəcədə artırmaq imkanı var. Hazırda biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafının planlaşdırılması mərhələsindəyik və ona görə də sizin dəyərli tövsiyələriniz yüksək qiymətləndiriləcək”.

Plan hazırlanana qədər hökumət bölgənin aqrar potensialından mümkün olan qədər yararlanmağa çalışır. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdovun verdiyi açıqlamadan aydın olur ki, bu il azad olunan ərazilərdə 50 min hektar sahədə buğda əkilib: “Qarabağ işğaldan azad edildikdən dərhal sonra bu bərəkətli torpaqlarda əkinə də başladıq. Bu il isə Qarabağda taxıl əkini sahəsi artırılaraq 70 min hektara çatdırılacaq. Ermənilər işğaldan azad olunmuş ərazilərdə ekoloji fəlakət yaradıb, əkinə yararlı torpaqlar deqradasiyaya uğradılıb. Torpaqların bərpa edilməsi, yenidən əkinçilik mədəniyyətinin formalaşdırılması istiqamətində işlər aparılır, o cümlədən bölgələrə uyğun taxıl sortlarının seçilməsi həyata keçirilir”. Onun sözlərinə görə, Füzuli, Zəngilan, Qubadlı rayonlarında, o cümlədən Laçının bir hissəsində bu il taxıl əkilib. Ərazilərin minalardan təmizlənməsi işləri genişləndikcə, məskunlaşma artdıqca taxıl əkininə ayrılan sahələr 100 min hektara kimi artırılacaq.

İ.Cümşüdov əlavə edib ki, bu il taxılla yanaşı pilot olaraq şəkər çuğunduru da əkilib: “Qubadlı rayonunda “Azərşəkər” tərəfindən şəkər çuğunduru əkilib. Noyabr ayında yığım başlayacaq”.

Artıq məskunlaşma başlanan Zəngilan rayonunun Ağalı kəndində müasir texnologiyalara əsaslanan aqrar inkişaf planlaşdırılır.  Ərazidə “Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.

Qarabağın açarı da, taleyimiz də öz əlimizdədir...

Ötən ilin oktyabrında Zəngilanda Türkiyə-Azərbaycanın birgə layihəsi olan “Dost Aqropark”ın əsası qoyulub. Layihənin üç mərhələdə icra olunması nəzərdə tutulur. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək. Açıqlanan məlumata görə, kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. “Dost Aqropark” kompleksində ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq. Aqropark tam işə düşdükdən sonra orada 500 nəfərə iş imkanı yaradılacaq.

Əkinçiliklə yanaşı, azad olunan ərazilərdə heyvandarlığın inkişafı üçün də böyük potensial var. Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənovun fikrincə, işğaldan azad edilmiş ərazilərdəki örüşlər hesabına ölkədə qoyunçuluğun inkişafına nail olmaq mümkündür: “Kəlbəcər və Laçında yaylaqların potensialı genişdir. Həm ötən il, həm də bu il həmin yaylaqlara qoyunçuluq təsərrüfatları köçürülüb. O cümlədən damazlıq qoyunçuluq təsərrüfatlarının 90 faizdən çoxu Kəlbəcər yaylaqlarına köçürülüb. Məqsəd həmin ərazilərdəki bitki örtüyü potensialından istifadə edərək qoyunçuluq sahəsini inkişaf etdirməkdir. Məlumatlar var ki, yaylaqlarda döl prosesi yekunlaşıb və yaxın vaxtlarda qoyunlarda doğuş dövrü başlayacaq. 100 ana qoyundan 100-dən çox balanın alınması ilə bağlı gözləntimiz var. Qoyunçuluq təsərrüfatlarının Kəlbəcərə köçürülməsi birmənalı olaraq yüksək məhsuldarlığa səbəb olacaq. Sovet dönəmində yalnız Kəlbəcərin Sarıyer yaylağına 38 rayonun qoyunçuluq təsərrüfatı köçürülüb”.

Yeri gəlmişkən, Ağalı kəndində müasir tipli camış fermasının yaradılması da nəzərdə tutulurdu. Bununla bağlı Prezidentin kənddə tikinti işlərinə baxışı zamanı məlumat verilmişdi. Həmin məlumatdan aydın olurdu ki, kənddə İsrail və İtaliya şirkətləri ağıllı ferma və pendir istehsalı müəssisəsi yaradacaqlar. Fermada saxlanacaq camışların İtaliyadan gətirilməsi nəzərdə tutulurdu. Hələ ki bu sahədə işlərin hansı mərhələdə olduğuna dair məlumat verilməyib. Rəsmi statistikada bu ilin yanvar-iyul aylarında İtaliyadan ölkəmizə hər hansı iribuynuzlu heyvanın idxalı faktı əksini tapmayıb…

Beləliklə, aydın olur ki, hələ hökumət işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafına dair bitkin plan üzərində işləri başa çatdırmayıb. Yuxarıda qeyd olunan addımları isə vahid planın tərkib hissəsi kimi qiymətləndirmək mümkün deyil… Musavat.com

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …