Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Problemli kreditlər yenə artır – ŞƏRH

Problemli kreditlər yenə artır – ŞƏRH

Azərbaycanda yenə də problemli kreditlərin həcmi artıb. Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur.  Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb.

Problemli kreditlərin artmasının  səbəbləri nədir? Əsas səbəblərdən biri kimi əhalinin güzəranının aşağı düşməsi və borclanmaya getməsi qeyd olunur. İkinci səbəb yenə də  Azərbaycanda kredit faizlərinin yüksək olmasıdır, halbuki bununla bağlı ən müxtəlif səviyyələrdə çağırışlar olmuşdu və indi də var. İndi əvvəlki prosesə qayıdış baş verir, faiz yüksək, əhalinin ödəmə qabiliyyəti aşağı… Yüngül bir devalvasiya olarsa, yenə də banklarla əhali arasında ciddi problem yarana bilərmi? Bu rübü zərərlə başa vuran bankların sayı 7-yə çatıb və onların  bağlanması ehtimalı da gündəmdədir ki, bunun da səbəbi problemli kreditlərdir. Məhz elə problemli kreditlər səbəbindən Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu ilin I yarısında xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

Statistik göstəricilərə görə, 2021-ci ilin iyul ayında Azərbaycanın bank sektorunun xalis mənfəəti 42,6 milyon manat təşkil edib. Bu, iyun ayındakı xalis mənfəət ilə müqayisədə 2 dəfədən çox azdır. Mərkəzi Bankın xəbərinə görə,  2021-ci ilin 6 ayı ərzində bank sektorunun xalis mənfəəti 366,3 milyon manat ikən, 7 ayda 408,9 milyon manata yüksəlib. Bank sektorunun xalis mənfəəti yanvarda 25,4 milyon manat, fevralda 47,7 milyon manat, martda 75,7 milyon manat, apreldə 45,9 milyon manat, mayda 78,5 milyon manat, iyunda 93,1 milyon manat təşkil edib. iyun ayı ilə müqayisədə İyulda bank sektorunun xalis mənfəəti 2,2 dəfə azalıb.

Elşad Məmmədov: “Neftə tələbat getdikcə azalacaq”

 Elşad Məmmədov

UNEC-in professoru Elşad Məmmədov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, problemli kreditlərin artıma doğru getməsi gözlənilən idi: “Unutmaq lazım deyil ki, karantin məhdudiyyətləri, iqtisadi böhran, iqtisadiyyatda ötən il qeyd olunan azalma  son nəticədə problemli kreditlərin həcmini artıran amillərdir. Amma bununla yanaşı ötən ilin sonlarında nisbətən müsbət dinamika, yəni azalma var idi. Ancaq ona aldanmaq olmazdı, çünki mənim fikrimcə o Mərkəzi Bankın qərarı ilə bağlı idi. Belə ki, kəskin qapanmalar olan dövrdə kredit verən banklar məhkəmələrə çox müraciət etməsin, kredit borcu olanlara qarşı hansısa addımlar atmasın və sair deyə qərarda deyilmişdi. Bu da problemli kreditlərin rəsmiləşdirilməsi baxımından müəyyən yumşalmalara səbəb oldu, azalmaların səbəbi də bu idi. Uzun müddətli dayanıqlı formatda azalma ola bilməzdi. Çünki işgüzar aktivlik zəifləyib, faiz dərəcələri hələ də çox yüksəkdir. İqtisadiyyatın əksər istiqamətlərindəki rentabellik göstəricilərindən bu gün kredit faizləri daha yüksəkdir. Belə olan halda sözsüz ki, problemli kreditlər də artmalıdır. Bunun alternativi yoxdur. Hazırkı sərt pul-kredit siyasəti də effekt vermədi. Bu vəziyyətdən çıxış yolu kimi pul-kredit siyasətinin yumşaldılması, faizlərin iqtisadiyyatın prioritet istiqamətlərindəki rentabellik göstəricilərinə uyğunlaşdırılması və investisiyaların ölkə iqtisadiyyatında artması   vacibdir”.

Məmmədov onu da vurğuladı ki, AMB kredit faizlərini dövlət bankları vasitəsilə aşağı salıb maliyyə bazarına təsir edə bilər: “Azərbaycanda özəl və dövlət bankları var. Özəl banklara qarşı sözsüz ki, faizlərin endirilməsi ilə bağlı konkret tələb qoyula bilməz. Amma dövlətin əlində təsir imkanları var. İlk növbədə dövlət bankları vasitəsilə faizlərin endirilməsi üçün kifayət qədər mexanizmlər var. Lazım olsa qanunvericilikdə də dəyişikliklərə getmək lazımdır. Aşağı faizli kreditlərin verilməsi bir qədər də stimullaşdırılmalıdır. Dövlət banklarında faizlərin yumşaldılması istər-istəməz özəl banklarda da faizlərin endirilməsinə şərait yaradacaq. Bir məqamda da ondan ibarətdir ki, faizlərin yumşaldılması üçün mütləq şəkildə Mərkəzi Bank pul yaradan bir iqtisadi siyasətə keçməlidir. Mərkəzi Bank emissiyanı, yəni pul kütləsinin artımını kəskin şəkildə təmin etməlidir. Dövlət bankları vasitəsilə iqtisadiyyatın real sektoruna istiqamətlənmiş kredit xətləri açılmalıdır. Bununla da biz ölkədə bütövlükdə pul siyasətinin yumşaldılmasına gedəcəyik. Çünki bizdə depozit bazası kifayət qədər deyil, əhalinin alıcılıq qabuliyyəti aşağıdır. Ölkədə fond bazarı, depozit bazası kifayət qədər inkişaf  etməyib. Digər tərəfdən də bank riskləri də yüksəkdir, bankların kredit götürənlərə girovlarla bağlı qoyduğu yüksək məbləğ imkan vermir ki, ölkə iqtisadiyyatında investisiyalar artsın. Ona görə də, bankdan kredit götürən fiziki yaxud hüquqi şəxs ya razılaşmalıdır ki, müflis olsun, ya da vəsaiti götürüb gec-tez ölkədən çıxarmağa çalışacaq. Bu faizlərlə rentabelli  bir investisiya siyasətinin qurulması çox çətindir. Ona görə də, hesab edirəm ki, faizlər endirilməlidir. Bunun üçün də Mərkəzi Bank tərəfindən dövlət banklarına resurslar ayrılmalıdır, bununla da bütövlükdə iqtisadiyyatda faizlərin endirilməsinə doğru dayanıqlı siyasət həyata keçirilməlidir”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …