Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Paytaxtın ekoloji təhlükəsizliyi üçün nələr edilir – Açıqlama

Paytaxtın ekoloji təhlükəsizliyi üçün nələr edilir – Açıqlama

“Bakı inkişaf etmiş iri sənaye şəhəridir və bu baxımdan ətraf mühitə təsirlər də  mövcuddur”

Məşhur “Economist” jurnalının araşdırma bölməsi olan Economist Intelligence Unit qlobal miqyasda “Təhlükəsiz Şəhərlər İndeksi”nin 2021-ci il buraxılışını təqdim edib. Reytinq tərtib olunarkən 60 şəhər özündə rəqəmsal, sağlamlıq, infrastruktur, şəxsi və ekoloji təhlükəsizlik sahələrini əhatə edən 76 göstərici əsasında qiymətləndirilib.

Keçmiş SSRİ məkanından reytinqə yalnız iki şəhər daxil edilib: Rusiya paytaxtı Moskva və Azərbaycanın paytaxtı Bakı. Builki reytinqdə Bakı 49,8 balla 52-cı sırada qərarlaşıb. Bu zaman paytaxtımız ekoloji təhlükəsizlik kriteriyası üzrə 46,7 balla Əbu Dabi və ər-Riyadla eyni səviyyədə – 51, 52 və 53-cü yerləri paylaşıb.

Azərbaycan dünyada su ehtiyatları az olan ölkələrdən biridir - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rasim Səttarzadə

Bakının ekoloji təhlükəsizlik səviyyəsinə görə aşağı yer tutması ilə bağlı “Yeni Müsavat”a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyir ki, “Təhlükəsiz Şəhərlər İndeksi 2021″ hesabatında dünyanın müxtəlif ölkələrindən, gəlir səviyyəsinə və miqyasına görə seçilmiş 60 şəhər üzrə qiymətləndirmələrdə Bakı şəhəri də yer alıb: ”Bu amil ölkəmiz barədə məlumatların əlçatanlığının və əməkdaşlığa açıq olduğumuzun göstəricisidir. Qiymətləndirməyə əsasən Bakı şəhəri ekoloji təhlükəsizlik indeksi üzrə 51-ci olmuşdur. Əlbəttə, biz istərdik ki, şəhərimiz daha yüksək yerlərdə qərarlaşsın. Lakin Bakı inkişaf etmiş iri sənaye şəhəridir və bu baxımdan ətraf mühitə təsirlər də  mövcuddur. Tarixə nəzər salsaq, bu sahədə irəliləyişlər göz qabağındadır. Bakıda tullantıların idarə edilməsi təkmilləşdirilir, müasir zibil emalı və çeşidlənmə zavodları tikilib, Balaxanı poliqonu beynəlxalq standartlara uyğun yenidən qurulub, təkrar emal müəssisələri yaradılıb. Bu ildən nazik polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məmulatların dövriyyəsi qadağan edilib. Digər tərəfdən, Bakıda əhalinin fasiləsiz içməli su ilə təminatı sistemi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Alternativ mənbələrin, yeni sututarların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə layihələr icra edilir.

Atmosfer havasının keyfiyyətinə gəldikdə, sözsüz ki, Bakıda bununla bağlı problemlər var. Lakin sənayedə qabaqcıl texnologiyaların tətbiqi öz töhfəsini verir. Yaradılan yeni istehsal müəssisələrində təbiətə dost texnologiyalar tətbiq edilir. Ekoloji tələblərə cavab verməyən müəssisələr bağlanır və ya modernləşdirilir. Bir sıra iri sənaye obyektləri şəhərdən kənara köçürülmüşdür. Bütün bunlar sənayenin atmosfer havasına mənfi təsirlərini əhəmiyyətli dərəcədə azaltmışdır”.

Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı tədbirləri özündə əks etdirən bir sıra strateji sənədlər qəbul edilib: “Bu ilin fevralında təsdiq olunmuş ”Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində iqtisadiyyatı yüksək templərlə artmaqda olan ölkədə qlobal iqlim dəyişikliklərinə cavab verən və əhalinin sağlam mühitdə yaşamını təmin edəcək yüksək keyfiyyətli ətraf mühitin və “yaşıl artım”ın təmin olunması kimi mühüm vəzifə qarşıya qoyulmuşdur.

Hazırda atmosferə atılan çirkləndiricilərin əsas mənbəyi nəqliyyat vasitələridir. Bu mənfi təsirinin azaldılması ilə bağlı elektromobillərin idxalı ƏDV-dən azad edilmiş, bir sıra digər vergi və gömrük güzəştləri tətbiq olunur. Könhə nəqliyyat vasitələrinin dövriyyəsinin məhdudlaşdırılması, ölkənin avtomobil parkının yenilənməsi məqsədilə utilizasiya proqramı hazırlanır.

Hava keyfiyyətinin monitorinqi modernləşdirilir, təkcə son bir ildə Bakıda 3 avtomatlaşdırılmış stansiya quraşdırılmışdır. 

Həmişə qeyd edilib ki, Bakıda yaşıllıqların sahəsi beynəlxalq standartlardan azdır. Hədəflərdən biri də yaşıllıqların miqyasının genişləndirilməsidir. Şəhərimiz böyüyür, əhalinin sıxlığı artır. Buna görə də əlavə yaşıllıqlar salınır, yaşıl zonalar yaradılır. Elə dünən 43 hektar sahəsi olan park əhalinin istifadəsinə verilib.

Neft sənayesinin fəaliyyəti nəticəsində çirklənmiş bir sıra ərazilərin, göllərin bərpası, təmizlənmiş ərazilərin iqtisadi dövriyyəyə qaytarılması istiqamətində işlər aparılır. Düşünürük ki, bütün bu işlər gələcəkdə Bakının daha yüksək reytinq qazanması ilə nəticələnəcək”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …