Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Pomidor ixracımız niyə AZALIB?

Pomidor ixracımız niyə AZALIB?

2019-2023-cü illər ərzində Azərbaycandan 880 milyon 466.7 min ABŞ dolları dəyərində 789 min 311 ton pomidor ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2019-2023-cü illər ərzində pomidor ixracı, bu illər ərzində ümumi kənd təsərrüfatı məhsulları ixracının (3 mlrd. 237.1 mln. dollar) 27.2%-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycandan pomidor əsasən Rusiyaya ixrac edilib. Belə ki, 2019-2023-cü illər ərzində ölkədən Rusiyaya 861 milyon 639 min dollar dəyərində pomidor ixrac olunub. Beləliklə Rusiyaya pomidor ixracı, Azərbaycanın ümumi pomidor ixracının 97.9%-ni təşkil edib. Hesabat dövründə pomidorun 1 kiloqramının orta ixrac qiyməti 1.11 ABŞ dolları təşkil edib. 

Azalma nə ilə bağlıdır?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Akif Nəsirlinin sözlərinə görə, bu sahədə müəyyən çatışmazlıqlar var:

“Eyni zamanda, nəqliyyat-logistika və daşınma xidmətlərinin göstərilməsi ilə bağlı problemlər hələ qalmaqdadır. Son illər Azərbaycandan Rusiyaya pomidor ixracı yalnız yük avtomobilləri vasitəsilə həyata keçirilir. Dəmiryolu vasitəsilə daşınma təmin edilsə, xərcləri ən azı 5-6 dəfə aşağı salmaq mümkün olacaq”. 

Ekspertin dediyinə görə, ixracata mane olan səbəblərdən biri də keyfiyyət sertifikatı ilə bağlı tələblərdir: 

“Kənd təsərrüfatı məhsulunun ixracatı ilə məşğul olan sahibkardan həm bizimkilər, həm də Rusiya tərəfi bu sənədi tələb edir. Əslində, bunu yalnız qarşı tərəfə təqdim etmək daha doğrudur. Ölkəmizə məhsul ixrac edən sahibkardan mənbə ölkə heç bir sənəd istəmir, çünki onun məhsulunu ixrac edir. 

Rusiyanın “Rosselxoznadzor” qurumu ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi arasında müvafiq razılaşma əldə edilib. Əgər AQTA-nın təsdiq etdiyi sənəd olmasa, pomidor standartlara nə qədər uyğun olsa da, “Rosselxoznadzor” həmin məhsulları geri qaytarır”.

Qarşıdakı illərdə Rusiyaya pomidor ixracının azalacağını söyləyən müsahibimiz fikrini belə əsaslandırdı ki, ölkəmizdə yetişdirilən bu məhsulların standartları yalnız bu ölkə üçün uyğundur:

“Amma Avropa standartlarına uyğun gəlmədiyi üçün pomidorumuzu Aİ ölkələrinə ixrac edə bilmirik. Statistikaya nəzər salsaq, 2019-2023-cü illərdə pomidor ixracının azaldığını görərik. Bu da onunla bağlıdır ki, son 2 ildə Rusiyada əhalinin alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Ukrayna müharibəsi ilə bağlı bu ölkəyə qarşı tətbiq olunan sanksiya səbəbindən əhalinin gəlirləri aşağı düşüb. Bu baxımdan da Rusiyanın bazarları Azərbaycan sahibkarları üçün cəlbedici görünmür”. 

Həmçinin oxuyun

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən …