Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / İranlı azərbaycanlılar: “Əvvəllər Dubaya gedirdik, amma Bakı daha gözəldir”

İranlı azərbaycanlılar: “Əvvəllər Dubaya gedirdik, amma Bakı daha gözəldir”

Bayram günlərində Bakının hər yerində Təbrizdən, Tehrandan, Ərdəbildən, Urmiyadan gələn turistlərlə qarşılaşırıq. Hələlik rəsmi statistika təqdim edilməsə də, Novruz tətilini keçirmək üçün 50 mindən çox cənub azərbaycanlısının Bakıya gəldiyi güman edilir.

Milli Parkda, İçəri Şəhərdə keçirilən bayram şənliyində də iştirak edənlərin arasında İrandan gələnlər çoxdur.

Onlardan biri, Təbrizdən gələn Şəhrur Bəhrami deyir ki, Türkiyə və Avropada baş verən terrordan sonra Azərbaycana gəlmək istəyiblər: “Hər il bayram tətilini İstanbulda, Antalyada və ya Dubayda keçirirdik. Amma indi Türkiyəyə, Avropaya getməkdən qorxduq. Səudiyyə Ərəbistanı isə İranla dost dövlət deyil. Buna görə də, Azərbaycana gəldik. Burada olmaqdan çox məmnunuq”.

Şəhrur qeyd edir ki, bayramın ilk günü İran-Azərbaycan sərhədində sıxlıq yaranıb. “Biz sərhədi keçmək üçün 24 saatdan çox növbə gözlədik. Burda İrandan gələn azərbaycanlılar çoxdur. Hətta deyirlər ki, bu bayram 2 milyona yaxın iranlı Bakıya gəlib”, – deyə Şəhrur Bəhrami bildirir.

“Bayram tətilini Ermənistanda keçirən azrbaycanlılar da var. Lakin onların sayı çox deyil”. Bunu isə Şəhrurun həyat yoldaşı Rəna Bəhrami deyir.

Onun szölərinə görə, dil və din yaxınlığından Azərbaycanı seçənlər çoxdur: “Bayramı Ermənistanda keçirmək istəyən iranlılar da var. Təbrizdə yaşayan ermənilərin bizimlə, yəni İran azərbaycanlıları ilə işi yoxdur. Buna görə də, Ermənistana getməkdən qorxmurlar”.

Şəhrur isə deyir ki, Təbrizdə mebel və texniki mallar satır. Amma Ermənistanla nə ticarət etmək, nə də ora getmək fikri yoxdur: “Mən tacirəm, görmədiyim ölkə haqqında heç nə deyə bilmərəm. Amma Təbrizdə Ermənistanda vəziyyətin yaxşı olmadığını deyirlər. Harada ki, təhlükə var, ora getmək lazım deyil”.

5 nəfərlik ailə Azərbaycandakı vəziyyətdən razıdır. Ailənin böyük qızı Bali Bakıdakı ticarət, əyləncə mərkəzlərindən razı qalıb: “Burada hər şey yaxşıdır. Təbrizdə belə gözəl yerlər yoxdur. Amma brend mallar bahadır. Əksər restoranlarda olmuşuq, Qız Qalasını görmüşük. Qiymətlər elə də baha deyil”.

Ailə azərbaycanlıların qonaqpərvərliyindən təəccüblənib: “Bakılılar İrana daha çox müalicə üçün gəlirlər. Amma onları aldadırlar. Biz Bakıya gələndən sonra İranda azərbaycanlılara göstərilən münasibətdən xəcalət çəkdik”.

Tehrandan gələn ailə də Azərbaycandakı vəziyyətdən razıdır: “İlk dəfədir Bakıya gəlirik. Doğrudur, pulları İranda manata dəyişmişdik, amma burda o qədər də fərq yoxdur. Oteldə bir gecəsi 60 dollara qalırıq, yalnız London taksilərindən istifadə edirik. Burada hər kəs bizi mehribanlıqla qarşılayır”.

Təbrizdən gələn Ruhiyyə xanım deyir ki, sonuncu tətilini Dubayda keçirib: “Amma indi gördüm ki, Bakı daha gözəldir. İnsanların bizi salamlaması, yol göstərməsi çox xoşumuza gəldi”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın