Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İqtisadiyyat / Deputatdan “Türkiyəyə yatırım edək” çağırışı

Deputatdan “Türkiyəyə yatırım edək” çağırışı

Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsində ən böyük dəstəyi qardaş Türkiyədən görür. Türkiyə  mediasından tutmuş, ən yüksək rəhbərliyinə qədər, birmənalı şəkildə Azərbaycanı dəstəkləməkdədir. Bu dəstəyə görə ermənipərəstliyi ilə tanınan bəzi ölkələr Türkiyəni sanksiyalarla belə hədələməkdən çəkinmirlər.

İqtisadçı-ekspert, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Azərbaycan vətəndaşlarını qardaş ölkəyə dəstək üçün öz vəsaitlərini Türkiyəyə yatırmağa çağırıb: “Türkiyəyə edilən siyasi təzyiqlər qardaş ölkənin milli valyutasının ucuzlaşmasına səbəb olub. Artıq 1 dollar almaq üçün 8 lirədən çox pul ödəmək lazımdır. Siyasi təzyiqlər fonunda Türkiyəyə Qərb ölkələrdən gələn xarici sərmayənin həcmi də azalmaqdadır. Ötən ilə qardaş ölkədə birbaşa xarici sərmayənin həcmi 35 faiz azalıb. Bu isə valyuta tələbinə də mənfi təsir göstərir. Qarabağın azad edilməsi ilə bağlı haqq işimizə Türkiyənin birbaşa siyasi dəstəyi qardaş dövlətə təzyiqləri daha da artırıb. Hətta bu qardaşlıq mövqeyinə görə Türkiyəyə bir sıra aparıcı dövlətlərin sanksiyaların tətbiqi mümkünlüyü də müzakirə olunur”.

Vugar Bayramov - Wikiwand

V.Bayramovun sözlərinə görə, Türkiyənin cəlb etdiyi xarici birbaşa invesitisiyaların cəmi 4.2 faizi Azərbaycan iş adamlarının payına düşür: “Xaricə sərmayə yönəldən sahibkarlarımızı daha çox Türkiyəyə investisiya etməsinə çağırırıq. Haqq işimizə dəstək olan qardaş Türkiyə iqtisadiyyatına hər birimizin, xüsusən də sahibkarlarımızın töhfə verməsi çox vacibdir. Hər il Azərbaycan iş adamları böyük məbləğdə vəsaiti xaricə sərmayə edirlər. O pullar Türkiyə iqtisadiyyatına yönələrsə, həm qardaş dövlətin iqtisadiyyatına dəstək olar, həm də iş adamlarımız daha çox gəlir əldə edərlər. Gəlin ”Bir millət, iki dövlət” birliyinə hamımız töhfə verək”!

Qeyd edək ki, koronavirus pandemiyasının təsiri ilə bütün dünyada xarici investisiyaların kəskin azalması müşahidə olunur. BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatına əsasən bu ilin yanvar-iyun aylarında dünyada birbaşa xarici investisiyaların həcmi koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlər səbəbindən 2019-cu ilin eyni dövrü ilə müqayisədə 49 faiz azalıb.

Hesabatda bildirilir ki, 2020-ci ilin ilk yarısında qlobal xarici investisiyalar axını COVID-19 pandemiyası səbəbindən ciddi təzyiq altında qaldı. 2019-cu illə müqayisədə onların həcmi 49 faiz azalaraq 399 milyard dollar təşkil edib.

Azalma birbaşa xarici investisiyaların bütün əsas növlərinə toxunub. Belə ki, yeni elan edilmiş investisiya layihələrinin sayı 37 faiz, transsərhəd birləşmə və satınalmaların sayı 15 faiz, infrastruktur investisiyalarının vacib mənbəyi olan sərhədyanı layihələrin maliyyələşdirilməsi üzrə elan edilən əməliyyatların sayı isə 25 faiz azalıb.

Ən böyük azalma inkişaf etmiş ölkələrdə müşahidə olunub. Belə ki, bu ölkələrə birbaşa xarici investisiyaların həcmi 2020-ci ilin birinci yarısında 75 faiz azalaraq 98 milyard dollar təşkil edib. O cümlədən Şimali Amerikanın yüksək inkişaf etmiş iqtisadiyyatlara malik ölkələrinə birbaşa investisiyalar 56 faiz azalaraq 68 milyard dollara düşüb.

Asiyada isə əsasən Çinin hesabına investisiyaların azalma sürəti aşağı olub – cəmi 12 faiz. Keçid iqtisadiyyatına malik ölkələrdə birbaşa xarici investisiyalar əsasən Rusiyadakı kəskin azalma  hesabına 81 faiz kiçilib.

İnkişaf etməkdə olan ölkələrə birbaşa xarici investisiyaların axını 16 faiz azalıb. Bundan əlavə, Afrikaya xarici investisiyaların axını 28 faiz, Latın Amerikası və Karib dənizinə 25 faiz azalıb.

Hesabatda 2020-ci ilin yekununda dünyada birbaşa xarici investisiyaların həcminin əvvəl proqnozlaşdırıldığı kimi, 30-40 faiz azalacağı bildirilir.

Bu hesabat göstərir ki, Türkiyəyə xarici investisiyaların azalmasının mühüm səbəblərindən biri pandemiyadır. Nəzərə alaq ki, ötən ilin yekununda Türkiyənin ixracı 2018-ci ildəki rekordunu 2 faiz üstələyərək 180,5 milyard dollara yüksəlmişdi. Bu fonda idxalın kəskin azalması nəticəsində ölkənin xarici ticarət kəsiri az qala ikiqat azaldı – 54,3 milard dollardan 29,9 milyard dollara. Bu nəticələr bütün beynəlxalq maliyyə-iqtisadi təşkilatların 2020-ci ildə Türkiyə iqtisadiyyatında dünyada ən yüksək səviyyədə – 5-7 faizlik artım proqnozlaşdırmasına səbəb olmuşdu. Ötənilki 35 faiz azalmaya qarşılıq bu il üçün qardaş ölkəyə xarici investisiyaların 15 milyard dollar həcmində olacağı gözlənilirdi. Lakin koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Türkiyədə iqtisadiyyata ciddi zərər vurdu.

Mərkəz: Devalvasiyadan sonra Gürcüstan və Türkiyəyə axan vəsaitləri geri  qaytara bildik » Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar,  təhlillər və müsahibələrin tək ünvanı

Sırf koronavirus pandemiyasının təsiri ilə Türkiyədə bu ilin ikinci rübündə 9,9 faizlik iqtisadi daralma qeydə alınıb. Daralma sənaye sektorunda daha yüksək olub – 16,5 faiz.

İlin ilk iki rübündə Türkiyə iqtisadiyyatı pandemiyanın mənfi təsirini daha çox hiss etsə də, üçüncü rübdən vəziyyət xeyli yaxşılaşıb. Bunun nəticəsində “Fitch” beynəlxalq reytinq agentliyi Türkiyədə bu ilin yekununda gözlənilən iqtisadi azalma proqnozunu yaxşılığa doğru dəyişib: 3,9 faiz əvəzinə 3,2 faiz.

Türkiyə hökuməti bu ili iqtisadiyyatın 0,3 faiz böyümə ilə başa vuracağını proqnozlaşdırır. Ölkənin maliyyə naziri Berat Albayrakın sözlərinə görə, 2021-ci ildə pandemiyanın təsiri ilə azalan tələbin yenidən artması nəticəsində Türkiyədə iqtisadi artım 5,8 faizə qədər yüksələ bilər. Pandemiya davam edərsə, bu rəqəm 3,7 faiz ola bilər.

Azərbaycanın 2019-cu ilin sonunadək Türkiyəyə yatırdığı investisiyanın həcmi 17 milyard dollar təşkil edib. SOCAR-ın bu ölkə ilə bağlı yeni planları, yeni sərmayə qoyuluşu layihələri var. Onlar da həyata keçdikcə Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi 20 milyard dollara çatacaq. Bu, SOCAR vasitəsilə yatırılan investisiyaların həcmidir.

Özəl sektorun, sadə vətəndaşların sərmayələri bura daxil deyil. Özəl sektor və sadə vətəndaşların Türkiyədə yatırımları da kifayət qədər yüksək həcmdədir. Bu ölkədə azərbaycanlıların Türkiyədə ən çox vəsait qoyduğu sahələrdən biri daşınmaz əmlakdır. Türkiyə Statistika Qurumunun məlumatına görə, yanvar  – 2015 – avqust – 2019 dövründə azərbaycanlılar bu ölkədə 4 min 328 mənzil alıblar. Təkcə bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 183 mənzil əldə edib. Bu, 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 65 mənzil və ya 55,08 faiz çoxdur. Ümumilikdə isə yanvar-sentyabr aylarında 883 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2019-cu ilin doqquz ayı ilə müqayisədə 54 ədəd və 6,51 faiz çoxdur.

Daşınmaz əmlakdan əlavə, azərbaycanlılar Türkiyədə ticarət, xidmət, nəqliyyat sahələrinə də həvəslə investisiya yatırırlar. Bu baxımdan, millət vəkilinin təklifi Azərbaycan vətəndaşlarının qardaş ölkəyə yatırımlarının daha da artmasına gətirib çıxara bilər. Musavat.com

Həmçinin oxuyun

Fermerlərin heyvan saxlamağa marağı niyə azalıb? – VİDEO

Ölkədə mal-qara sayında azalma tendensiyası davam edir. Statistik rəqəmlər də ciddi azalmanın olduğunu göstərir. Dövlət …