Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / İqtisadiyyat / “BMT ya öz gücsüzlüyünü etiraf etməli, ya da…”

“BMT ya öz gücsüzlüyünü etiraf etməli, ya da…”

Hərbi və siyasi ekspertlər Qarabağ məsələsinin qurumun müzakirəsinə çıxarılmasından nəticə gözləmir

“Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyinə salınıb.
 
Bildirilir ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi BMT Baş Assambleyasının 70-ci sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün ötən il olduğu kimi bu il də növbəti sessiyanın gündəliyinə daxil edilib. Qeyd edək ki, BMT Baş Assambleyasının 71-ci sessiyası 13-26 sentyabr tarixlərində BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında baş tutacaq. 
Bəs Qarabağ məsələsinin BMT gündəliyinə çıxarılması nə vəd edir? Xüsusilə də aprel döyüşlərindən sonraya təsadüf etməsi Azərbaycana əlavə üstünlük qazandırırmı? Ola bilərmi Azərbaycanın qarşısında “danışıqlara xələl gətirməmək”lə bağlı iddialar qoyulsun və rəsmi Bakı məsələnin gündəlikdən çıxarılmasına razılıq versin? Ərazi bütövlüyü məsələsi BMT Baş Assambleyasında səsverməyə çıxarılsa, həmsədrlər yenə bitərəf qala bilərlərmi?
 
Azərbaycan XİN-dən məsələyə münasibət öyrənə bilmədik. Ekspertlərin isə yanaşması müxtəlifdir. Politoloq Elxan Şahinoğlu təəssüflə bildirdi ki, Qarabağ münaqişəsinin BMT səviyyəsində həll perspektivi yoxdur: “Çünki həmsədr dövlətlər – Rusiya, ABŞ və Fransa buna lüzum görmür. Söhbət həm də BMT Təhlükəsizlik Şurasına üzv və veto hüququ olan dövlətlərdən gedir. Hər dəfə Azərbaycan müttəfiqlərinin dəstəyi ilə Qarabağ məsələsini BMT müstəvisinə çıxarmaq istədikdə böyük dövlətlər ünvan kimi ATƏT-i göstərirlər. Halbuki biz ATƏT-dən şikayətçiyik, bu təşkilat münaqişənin ədalətli həllini sürətləndirməkdə, işğalçıya təzyiq etməkdə acizdir. Aprel döyüşləri göstərdi ki, münaqişənin həlli yolu nə ATƏT, nə də BMT-dən keçir, əsas bizim qətiyyətimizdir. Aprel döyüşlərinin Azərbaycan üçün iki müsbət nəticəsi oldu. Birincisi, az da olsa bir neçə strateji yüksəklik əldə etdik, 20 ildən çoxdur qələbəyə susamış bizlər üçün bu vacib idi. İkincisi, məhz aprel döyüşlərinin nəticəsi olaraq bu gün Ermənistan qarışıb, hərbi uğursuzluq və cəbhə bölgəsindəki yüzlərlə itki onları bir-birinə düşmən edib”.
Hərbi ekspert Üzeyir Cəfərov də BMT-dəki müzakirələrdən heç bir gözləntisinin olmadığını bildirdi: “Ona görə ki, ötən illər ərzində BMT özünün qəbul etdiyi 4 qətnaməyə hörmət qoymadı. Bu qurumun Qarabağla bağlı heç nə etmək fikri yoxdur. Hətta Azərbaycandan olan deputatlar BMT baş katibi Pan Gi Mina Qarabağla bağlı suallar ünvanlasalar da, o, bu sualları cavabsız qoydu. Əslində Azərbaycan BMT-nin vəzifəli şəxslərinə qarşı iddia qaldırmalıdır ki, onlar öz üzərinə düşən vəzifələri yerinə yetirmirlər və məsələnin həllini ATƏT-in üzərinə atıblar. ATƏT-in Minsk Qrupunun həmsədrləri isə sadəcə öz günlərini keçirir. İndi də Anjey Kasprşik monitorinq qrupunun ştatının genişləndirilməsi üzərində işləyir”.
Ü.Cəfərov rəsmi Bakını açıq və qəti mövqe sərgilməyə çağırdı: “Azərbaycan bütün dünya dövlətlərindən təkidlə tələb etməlidir ki, ya BMT bu məsələnin həllini boynuna götürsün, ya da Azərbaycan birtərəfli qaydada lazımi addımlar atacaq. Azərbaycan əsgəri düşmənə yerini göstərməyə hazırdır. Azərbaycan artıq yumşaq, humanist mövqedən sərt mövqeyə keçməlidir. Çünki yumşaq mövqe tutduqca məsələnin həllini uzadırlar. Düzdür, Rusiya hansısa addımları atmağa çalışır. Ancaq erməni məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına imkan verməyəcək. Rus politoloqların ərazilərin qaytarılacağı barədə açıqlamaları isə vaxtı uzatmağa xidmət edir. BMT ya öz gücsüzlüyünü etiraf etməli, ya da ən sərt şəkildə Ermənistanı cəzalandırmalıdır”.

Həmçinin oxuyun

Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri artıb

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci il ərzində göstərilmiş xidmətlərin dəyəri 2 milyard …

Bir cavab yazın