Cümə , Avqust 23 2019
Ana səhifə / İqtisadiyyat / Azərbaycan Ordusunun uğurlu “Odundağ əməliyyatı” dünya təhlilçilərinin şərhlərində…

Azərbaycan Ordusunun uğurlu “Odundağ əməliyyatı” dünya təhlilçilərinin şərhlərində…

Azərbaycanın artan hərbi gücü və Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən tərəflərin indiyə qədər heç bir uğura imza atmaması cəbhədə hərbi əməliyyatların yenidən bərpa olunma ehtimalını artırır. Atəşkəsin hər gün dəfələrlə pozulması və mövqe döyüşləri də burada öz sözünü deyir. Hələlik isə vəziyyətin təhlili Azərbaycanın birmənalı şəkildə üstünlüyə malik olduğunu göstərir.
Bunu bir neçə gün əvvəl “Odundağ” yüksəkliyinin Azərbaycan ordusu tərəfindən tutulması da təsdiq edir. Xatırladaq ki, Müdafiə Nazirliyi bu xüsusda məlumat da yaymışdı və burada qeyd olunurdu: “Bəzi elektron kütləvi informasiya vasitələrində, Ermənistandakı mənbələrə istinadən, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ” yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb. Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”. Qeyd edək ki, “Odundağ” yüksəkliyi Ermənistanın Noemberyan rayonu ilə Azərbaycanın Qazax rayonunun sərhədində – Bağanis kəndi yaxınlığında yerləşir. Prosesin isə davamlı olması gözlənir. Bunu beynəlxalq ekspertlər də təsdiq edir. Məsələn, “Karnegi” fondunun Cənubi Qafqaz üzrə eksperti Tomas de Vall deyir ki, Azərbaycan öz silah arsenalını xeyli gücləndirib və son vaxtlar daha tez-tez Ermənistanı torpaqları geri qaytarmağa çağırır. Onun sözlərinə görə, son bir neçə ildə, demək olar ki, atəşkəs rejiminə əməl olunmur və lokal qarşıdurmalar tez-tez baş verir: “Qarabağda müharibə kartının yenidən gündəmə gəlməsi mümkündür. Ehtimal ki, Azərbaycan itirilmiş əraziləri qaytarmaq üçün üslubunu dəyişəcək və həmişə dilə gətirdiyi güc yolunu tutacaq. Bu mümkün görünür. Belə olarsa, Ermənistan da müharibəyə girəcək və Qafqazda tammiqyaslı toqquşmalar baş verəcək”.
Xatırladaq ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, qoşun qismləri və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri, aidiyyəti üzrə kafedra rəisləri ilə keçirilən təlim-metodiki toplantısında bu xüsusda çox maraqlı açıqlamalar verib: ” Silahlı qüvvələrin istifadəsinə ən müasir texnika və silah-sursatın verilməsi prosesi də davam etdiriləcək. Silahlı qüvvələrimiz düşmən ordusundan qat-qat üstün olduğunu döyüş meydanında bir daha sübut etdi. Düşmən xeyli itki verib. Nə qədər ki, torpaqlarımız işğal altındadır, düşmənə daha da sarsıdıcı zərbələr endiriləcək. Əldə etdiyimiz uğurlar xalqımızın orduya olan inamından, Ali Baş Komandanın diqqət və qayğısından irəli gəlir”.
Beynəlxalq münasibətlər üzrə rusiyalı ekspert Sergey Markedonov da bildirir ki, 2016-cı il Dağlıq Qarabağ münaqişəsi üçün əhəmiyyətli dövrlərdən biri olacaq. Onun sözlərinə görə, ümumi siyasi mənzərə 2015-ci ildəki problemlərin bu il də davam edəcəyini deməyə əsas verir: “Hazırda postsovet məkanında ən kəskin münaqişə kimi Ukrayna ön plana çıxır. Ukraynadan sonra ikinci kəskin münaqişə Dağlıq Qarabağdır. İstənilən hərəkət, yaxud təxribat burada müharibəyə səbəb ola bilər”. Ekspert əlavə edib ki, Ukraynada üz-üzə gələn Qərblə Rusiyanın Dağlıq Qarabağ məsələsində maraqlı razılığı müşahidə olunur: “Hər iki güc münaqişənin Minsk Qrupu çərçivəsində həllinə tərəfdardır. Lakin təmas xəttindəki gərginlik narahatlıq doğurmaya bilməz. Ötən ilin dekabrında prezidentlərin görüşündən sonra da bu gərginlik azalmadı. Hesab etmirəm ki, bütün bunlara rəğmən, Rusiya ilə Qərb münaqişənin həlli üçün yüksək sıçrayış etsin. Amma Rusiya-Türkiyə qarşıdurmasından sonra Qarabağda da vəziyyət xeyli pisləşib. Bu baxımdan düşünürəm ki, 2016-cı il bu münaqişə üçün də əhəmiyyətli il olacaq”.
Qeyd edək ki, ötən il Rusiyanın Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu Azərbaycana qaytarmaq fikrində olduğuna dair xəbərlər yayılmışdı. Xarici işlər naziri Sergey Lavrovun sentyabr ayında Bakıya səfərindən, ardınca Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya çağırılmasından sonra ortaya çıxan bu məlumatlar Rusiya XİN rəhbərinin noyabr ayında İrəvana səfəri ilə daha da gücləndi. İddialara görə, “Lavrov sənədi” adlandırılan sənəddə Azərbaycanın işğal olunmuş 6 rayonu qaytarılır, Laçın dəhlizi saxlanır, daha sonra Dağlıq Qarabağın statusu həll edilir. Hətta həmin ərəfədə Ermənistan parlamentinin qapalı iclasının keçirilməsinin də bu məsələ ilə bağlı olduğu deyilirdi. Məlumatlara görə, “Lavrov sənədi”ndə Azərbaycanın ərazi bütövlüyünün bərpası tamamilə təmin olunur. Düzdür, Moskva bu iddiaları təkzib etsə də, fikirlər səslənir ki, Kreml Qarabağ müharibəsinin yenidən başlanmasını əngəlləmək üçün Ermənistana təzyiqlərini artıra bilər. Əks halda bölgədə Rusiyanın da istəmədiyi müharibə başlayacaq.
Tahir TAĞIYEV

Həmçinin oxuyun

Komitədən dövlət müəssisələrində çalışanlara güzəşt

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraclarla bağlı göstərilən xidmətlərdən biri də kiçik dövlət müəssisələrinin əmək …

Bir cavab yazın