Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / “Neftçi”nin sabiq futbolçusu “Qarabağ”a azarkeşlik edir: “Məni həvəsdən saldılar”

“Neftçi”nin sabiq futbolçusu “Qarabağ”a azarkeşlik edir: “Məni həvəsdən saldılar”

Avrokuboklarda mübarizəni davam etdirən “Netçi” və “Qarabağ”ın çıxışları Azərbaycan futbol ictimaiyyəti tərəfindən müxtəlif fikirlərlə qarşılanır. Bir neçə gündən sonra Konfrans Liqasının Pley-off mərhələsində matçlara çıxacaq təmsilçilərimizdən hər kəsin ən azı qrup mərhələsi gözləntiləri var. Digər tərəfdən bugündən Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək. Yəni, azarkeşlər daha bir mövsüm 8 komandalı çempionat izləyəcək. Ölkə futbolunun gündəmi ilə bağlı veteran futbolçu Emin Quliyevlə danışdıq. – Emin bəy, əvvəlcə təmsilçilərimizin çıxışları haqda fikirlərinizi bölüşərdiniz…
– “Qarabağ”ın oyununu stadiondan izlədim. Meydança pis vəziyyətdə idi. Birinci hissədə oyunları alınmadı. İkinci hissədə bir qədər açılışdılar. “Qarabağ”ın oyununa görə hirslənmişdim. İkinci hissənin sonlarında stadiondan çıxmaq istəyirdim ki, qol vurdular.  
– “Neftçi”dən Finlandiya komandası ilə matçda qələbə gözlənilsə də, uduzdu…
– Açığı, “Neftçi”nin oyununa baxmadım. Ümumilikdə, söyləyə bilərəm ki, klubu gücləndirməsən, uğur qazanmaq mümkün deyil. Yəqin ki, maliyyə cəhətdən işləri alınmadı. Əvvəl “Neftçi”də kollektiv oyun çatmırdı. Futbolçlar hərəsi özləri üçün oynayırdılar. Normal oyunçu lazımdır. Mən də razıyam, legioner gətirsinlər. Ancaq 6 faydasız futbolçu gətirməkdənsə, 3 yaxşı legioner alsınlar ki, kluba xeyri dəysin. Bununla yanaşı, yerlilərə də şans versinlər. İndiki legionerlər əvvəlkilərdən qat-qat aşağı səviyyəlidir. Məsələn, elə hücumçu gətirəsən ki, üç təhlükəli vəziyyətdən heç olmasa birini qola çevirsin.
– Hazırda Namik Ələskərovun “Bursaspor”a keçidi gündəmdədir. Onun Türkiyə klubunda inkişaf perspektivi necədir?
– Namikin komandaya çox xeyri var idi. Bununla yanaşı, getməsinə sevinirəm. İstəyərəm ki, Namik ölkə xaricində oynasın. Onun yerini doldurmaq lazımdır. Amma bunu necə edəcəklər, bilmirəm. Onun “Bursaspor”da inkişafı özündən asılıdır. Bizim uşaqların xarakterində belə bir şey var ki, xaricə gedəndə darıxırlar. Şans varsa, getsin “Bursaspor”a. Sonra da qarşısına məqsəd qoysun, İtaliya komandalarına, daha səviyyəli çempionatlara yollansın. Qayıdıb Azərbaycan çempionatında nə edəcəksən?
– “Neftçi”nin Hayfa “Makkabi”si ilə matçda şanslarını necə dəyərləndirirsiniz? 
– O vaxt gördüyüm “Makkabi”dirsə, yaxşı komandadır. Mən “Xəzər Lənkəran”da çıxış edəndə onlarla qarşılaşmışdıq. Bilmirəm, indi həmin komandada hansı dəyişikliklər var. Düşünürəm ki, çətin olacaq. Hazırlaşıb oynamaq lazımdır. 
– Bu gündən Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümü start götürəcək. Nəyə ümid edə bilərik?
– Neçə ildi klublar dəyişmir, eyni çempionat gedir. İstərdim ki, klubların sayı çox olsun. Çempionluq üçün 5-6 komanda mübarizə aparsın, rəqabət yaransın. Belədə çempionat maraqlı keçər, futbolçular “artırar”. Yenə “Qarabağ”la “Neftçi” çempionluq uğrunda vuruşacaq. Digərləri də həmişəki kimi. Ötən mövsüm “Qarabağ”ın çempionluq şansları çox idi. Ancaq xallar itirdilər. Qismət “Neftçi”nin imiş. Çempionluq mübarizəsinin bu iki komanda arasında gedəcəyini görürəm. Ancaq “Qarabağ”a azarkeşlik edirəm. İstərdim ki, “Qarabağ” çempion olsun.
– Karyeranızla bağlı hansı yeniliklər var?
– AFFA-nın elit məşq layihəsi üzrə çalışıram. Elit qrup yaradıblar. Uşaq çempionatlarından milliyə namizəd ola biləcək futbolçuları seçib üzərlərində çalışırıq. Hələ ki, bir aya yaxındır buraxılmışıq. Xəbər gözləyirəm. Yəqin ki, uşaqların çempionatı ilə bərabər biz də işimizə başlayacağıq.
– Hazırkı işiniz sizi qane edir, klublarda çalışmaq həvəsiniz yoxdur?
– Biri var işsiz qalasan, buna da şükür. Ancaq klubda və uşaq futbolumda çalışmaq başqadır. Klublardan təklif göndərmirlər. B kateqoriyası almışam. Bir neçə il əvvəl “A”nı da almaq istəyirdim, ancaq Aslan Kərimov məni imtahandan “kəsdi”. Oxumaq istəyirdim, məni həvəsdən saldılar. Elə söhbətlər var ki, danışmaq olmur. Bunlar hamısı adama təsir edir. Qismət olsa, yenə gedib oxuyaram. Guya oxuyanda nə olacaq ki? Göndərəcəklər yenə elit məşqlərə.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …