Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Bakıda “Formula-1” həftəsi: 5 gün qaldı – FOTOLAR

Bakıda “Formula-1” həftəsi: 5 gün qaldı – FOTOLAR

26-28 aprel tarixlərində Bakıda növbəti Formula-1 yarışları keçiriləcək.

Artıq Bakı küçələrində hazırlıq işləri demək olar ki, yekunlaşmaq üzrədir.

Sabahdan etibarən Bakının mərkəzi küçələrində hərəkət məhdudlaşdırılır. Bakı Şəhər Halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcəklər. Yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən, 27-28 aprel tarixlərində trekin yaxınlığından keçən 65, 5 və 53 nömrəli avtobuslar, 26-27-28 aprel tarixlərində isə 28 May, Sahil və İçərişəhər metro stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək xidmət göstərəcək. Digər metro stansiyaları normal iş rejimindən əlavə saatlarda yalnız çıxış üçün açıq olacaq. Şənbə və bazar günləri baş tutacaq axşam konsertləri Bulvarın Bayraq Meydanı hissəsində yerləşən Bakı Kristal zalında keçiriləcək.

Bulvar Əyləncə Zonasının ən uzaq nöqtəsindən Bakı Kristal Zalına qədər olan piyada yolu təxminən 5 kilometrdir. Bakı Kristal Zalına piyada getmək əvəzinə nəqliyyatdan istifadə etmək istəyən bilet sahibləri üçün xüsusi avtobuslar təşkil olunacaq. Avtobuslar  yarış trekindən Bakı Kristal Zalına şənbə günü 18:30 – 21:30, bazar günü 18:30 – 21:30, Bakı Kristal Zalından yarış trekinə şənbə günü 23:00 – 01:30, bazar günü isə 23:00 – 01:30- da hərəkət edəcək.

Bakı küçələrində trek boyu gəzdiyimizdə müşahidə etdik ki, artıq tribunaların əksər hissəsi quraşdırılıb. Eyni zamanda çağrı mərkəzləri, sanitar qovşaqlar, tibb məntəqələri də hazır hala gətirilib. Bakının mərkəzində trası, tribunaları göstərən bələdçi nişanlar vurulub. Mərkəzi küçələrdə asılan lövhələrdə turistlər üçün istiqamətlər göstərilib. Hələ ki, bulvar ərazisinə giriş sərbəstdir. Lakin yarış günlərində yalnız bileti olan şəxslərin dəniz kənarına keçmək imkanı olacaq. Bulvarda da yarışla bağlı şərait qurulub. İstirahət zonaları, yuxarıda qeyd etdiyimiz mərkəzlər bulvarda da fəaliyyət göstərir.

Artıq yarış əsnasında bulvar ərazisinə keçənlərin əşyalarını, üstlərini yoxlamaq üçün xüsusi cihazlar da quruşdırılıb. İnsanlar yalnız nəzərdə tutulan bu yerlərdən bulvar ərazisinə keçə biləcəklər. Həmin yerlər metronun “Sahil” stansiyasının yaxınlığında mövcud olan yeraltı keçid istiqamətində, Kukla teatrı yaxınlığında mövcud olan yeraltı keçid yaxınlığında quraşdırılıb. “Park bulvar” ərazisinə daxil olmaq üçün isə xüsusi yerüstü keçid tikilib ki, bundan bileti olmayanlar da istifadə edib, ticarət mərkəzinə daxil ola bilərlər.

Konkret desək, Formula -1 Şəhərciyinin olduğu Milli Dənizkənarı Parkın bir hissəsi – Azneft dairəsindən başlayaraq Dəniz Vağzalını əhatə edən ərazi aprelin 24-də saat 08:00-dan aprelin 29-dək bağlı olacaq. Aprelin 25-i, saat 12:00-dan etibarən yarış günlərində yalnız 4 günlük bilet sahiblərinin bu zonaya giriş-çıxışa icazə veriləcək. Digər bilet sahibləri üçün həmin zona 26-27-28 aprel tarixlərində, saat 10:00-dan etibarən açıq olacaq.

İctimaiyyətdə biletlər və onların qiymətləri ilə bağlı da tez-tez suallar səsləndirilir. Biletlər kassalarda və eyni zamanda Bakı Şəhər Halqasının saytında online formada satılır.  Biletlər yerindən, günündən asılı olaraq 90-750 manat arasında dəyişən qiymətlə satılır.

Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim bildirib ki, Formula 1 turnirini izləmək üçün ötən yarışda Azərbaycana 78 ölkədən qonaqlar gəlib: “Azərbaycanda F1 yarışları həmişə olduğu kimi, çox böyük coşqu və uğurlu keçir. Ötən yarışı izləyənlərin 35 faizi xarici, 65 faizi isə yerli sakin olub. Qarşıdakı yarışda isə xarici azarkeşlərin sayında artıma nail olmaq niyyətindəyik. Bu göstəricini 40-45 faizə çatdırmaq istəyirik”.

Bu kimi nəticələrin yarışdan sonra ictimaiyyətə açıqlanması gözlənilir. Musavat.com

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …