Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Yeni ili harada keçirək?

Yeni ili harada keçirək?

İstirahət mərkəzləri və turizm şirkətləri Yeni il üçün xüsusi proqramlar hazırlayıb

“Artıq qarşıdan qış gəlir. Yeni il ərəfəsində isə 5 gün istirahət olacaq. Bəs bu istirahət müddətini necə dəyərləndirim?” – deyə özünə sual edənlər çoxdur. İnsanların Yeni ili xaricdə və ya ölkə daxilində keçirməklə bağlı tərəddüdləri də var. Amma əsas məsələ seçəcəyin istirahətin cibinə uyğun olması və təklif edilən xidmətlərin hansı səviyyədə təşkildir.

İstirahət Yeni il ərəfəsində olduğu üçün insanlar bayram əyləncəsinin daha gözəl olduğu məkanları seçməyə çalışır. Əvvəllər Yeni ildə insanlar daha çox xarici ölkələrdə istirahətə üstünlük versələr də, hazırda ölkəmizdə qış turizmi inkişaf etdiyi üçün çox uzağa getməyə ehtiyac duymayanların sayı da getdikcə artır. Hər il turizm mərkəzləri, otellər insanların istirahətinin maraqlı təşkili üçün müxtəlif hazırlıqlar aparırlar. Bəs bu il istirahətimiz üçün hansı işlər görülür? İstirahət mərkəzlərində, otellərdə orta qiymətlər necədir? Tur şəklində istirahət neçəyə başa gəlir? Bu kimi suallara cavab tapmaq üçün xidməti təklif edənlərlə əlaqə saxladıq.

2 gün istirahət edənə 3-cü gün hədiyyə

Lerik Relax Turizm və İstirahət Mərkəzinin icraçı direktoru Aytən İbrahimova qəzetimizə açıqlamasında bildirdi ki, hər il olduğu kimi bu bayramda da qonaqların yüksək səviyyədə əylənmələri üçün proqram təşkil edilib: “Sentyabr ayından artıq qış qiymətlərinə keçmişik. Bütün istilik sistemləri yenilənib. Otel qonaqları qəbul etməyə tam hazırdır. Müəyyən kampaniyalarımız, qiymətlərimizdə endirimlər var. Qış oyunları, qarlı və qarsız hava üçün əyləncələr təşkil edilib. Biz mövsümlə çalışmırıq. Hər həftə sonu istirahət üçün gələn qonaqlarımız olur. Artıq bayram ərəfəsi üçün də qeydiyyat var. Bu il qeydiyyat daha tez başlayıb. Hələ ki, qeydiyyatdan keçənlər arasında keçən ilə nisbətən ölkə vətəndaşları xaricilərə nisbətən çoxluq təşkil edir”.

A.İbrahimova onu da söylədi ki, “Lerik Relax”da ortalama qiymətlə bir nəfərin gündəlik xərci 50 manat olur. Bu qiymətə otaq və gün ərzində 3 dəfə qidalanma daxildir. Bir də kampaniya kimi mərkəzdə 2 gün qalan qonaqlara 3-cü gün hədiyyə edilir.

Qəbələdə yerləşən Tufandağ qış-yay Turizm İstirahət Kompleksinin müştəri xidmətləri meneceri Samir Cəfərov isə bildirdi ki, qış mövsümünə keçid hava şəraitindən asılıdır. Ümumilikdə isə, mövsümün açılışı dekabrın 20-ə planlaşdırılıb: “Hava şəraitindən asılı olaraq, bu tarix irəli də çəkilə bilər, geri də. Ötən qış biz mövsümü yanvarın 12-də aça bildik. Çünki havalar isti keçirdi, qar da yağmırdı. Bu il isə qarın tez yağmasını gözləyirik. Dekabrın 29-dan yanvarın 3-ə qədər Qəbələdəki otellərin demək olar ki, 90 faizi doludur. Bizim kompleksimizdəki “Tufandağ” otelində artıq yerlərimiz yoxdur, ötən ayın sonlarından yerlər dolub. Biz artıq müraciətləri Qəbələdəki digər “Qafqaz” otellərə yönləndiririk. Bu ayın axırına qədər isə otellər 100 faiz dolu olacaq. Bütün otellərdə Yeni il ərəfəsində şou proqramlar olacaq, əyləncələr təşkil ediləcək”.

Hər kəsin maraq obyekti olan qiymət məsələsinə gəlincə, iki nəfər üçün otağın qiyməti 150 manatdır. Qiymətə həmin gecə şou proqram, səhər yeməyi, oradakı kanat xətlərindən, sağlamlıq mərkəzlərindən istifadə daxildir.

Qəbələ şəhərindəki “Qafqaz Resort” otelinin insan resursları üzrə mütəxəssisi Babək Müzəffərov bildirdi ki, Yeni il tədbirləri ilə bağlı 31 dekabr və 1 yanvar günləri üçün qeydiyyat var. Əyləncəli proqramlar hazırlanıb. Buraya rəqs qruplarının, musiqiçilərin çıxışları, əyləncəli oyunlar daxildir: “Dəqiq qiymət demək üçün hazırda əlimdə siyahı yoxdur. Amma ötənilki qiymətlərlə müqayisədə endirimli qiymət və şərtlər var. Bir nəfərin bir gecə gəlib 5 ulduzlu otel xidmətlərindən yararlanması üçün ortalama götürsək, 90 manat civarında pul lazımdır. Amma üç ulduz otellərdə qiymətlər daha münasibdir. Xidmət hər birində yüksək səviyyədədir. Amma üç ulduzlu otellə beş ulduzlu otellərin təqdim etdikləri xidmət çeşidi arasında təbii ki fərq var”.

“Şahdağ”da mövsümün açılışı dekabrın ortalarına gözlənilir

Qusar şəhərindəki Şahdağ Qış-Yay Turizm kompleksinin müdriyyətindən aldığımız məlumata görə, hava şəraitindən asılı olaraq mövsümün açılışı dekabrın ortalarına planlaşdırılır. Yeni il üçün bütün hazırlıqlar gedir, otellərdə qeydiyyat var. 5 günlük istirahət günlərində isə xüsusi proqram və paketlər hazırlanıb. Bunlarla bağlı isə istirahət kompleksinin saytında və facebook səhifəsində tanış olmaq mümkündür. Qiymətlərə müvafiq olaraq turistlər 3-4 günlük paketlər alır. Həmçinin dekabrın 31-i günü üçün xüsusi proqram hazırlanır. Bir neçə yerdə şou-proqram olacaq.
Onu da bildirdilər ki, qeydiyyatdan keçənlər arasında ölkə vətəndaşları çoxluq təşkil edir. Qış mövsümünün bağlanışı da hava şəraitindən asılı olaraq dəyişəcək. Belə ki, ötən il qış mövsümü aprelin əvvəlinə qədər davam edib. Amma adətən mövsümün axırı Novruz Bayramından sonra hesab olunur.

Bölgələrə 20-290 manatlıq turlar

Bir çox hallarda insanlar tur şəklində istirahətə üstünlük verirlər. Burada həm qiymət münasib olur, həm də tək gedənlər üçün daha əyləncəli istirahət təşkili olunur. Ölkə üzrə Yeni il ərəfəsində daxili və xarici turların təşkili ilə bağlı saytlarda, sosial şəbəkələrdə müxtəlif elanlar var. “Xan Travel”in daxili turlar üzrə meneceri Pərviz Ağaxanlı deyir ki, onlar əsasən ölkədaxili turlar təşkil edirlər. Əsas həftəsonu turları mütəmadi olur. Yeni il ərəfəsində bayramla əlaqəli turlar da olacaq. Ölkənin demək olar ki, bütün istiqamətlərinə turlar təşkil edildiyini deyən müsahibim bildirdi ki, Yeni il ərəfəsində insanlar daha çox Qərb regionlarında olan turlara üstünlük verirlər. Onların vasitəsilə bayram ərəfəsində Lerik, Qusar, Qəbələ və s istiqamətlərə bir və bir neçə günlük turlar var. Qiymətlər isə turların gününə və paketə görə fərqlənir. Yemək daxil olan paketlər də var, olmayan da. Bir günlük turlar isə minimum 20 manatdan başlayır. İki-üç gün üçün isə 155-290 manata qədər qiymətə olan turlar var.
P.Ağaxanlı deyir ki, artıq Yeni il ərəfəsi turlara yazılanlar var. Onlar arasında yerli əhali üstünlük təşkil edir. Amma xarici qonaqlar da az deyil.
Yeni ildə Dubaya getmək bahalaşır

“AFN Travel”də isə xarici və daxili turlar təşkil edilir. Şirkətin nümayəndəsi Ziyad Piriyev deyir ki, Yeni il qabağı əsas Bakurani turu var. Bu turla istirahətə gedənlər dekabrın 30-u Bakıdan çıxıb, yanvarın 3-ü qayıdacaqlar. Qiymət isə 344 manatdır. Bu turpaketə Tbilisiyə, Bakuraniyə ekskursiyalar, oteldə gecələmə, Yenilqabağı şoularda iştirak, nahar, şam yeməyi, fotosessiya daxildir. Turun rusdilli bir bələdçisi də olacaq: “Azərbaycan ərazisində hələ ki bir günlük Qəbələ turumuz var. Qiymət 22 manatdır. Bu tur paketə səhər yeməyi, axşam çay süfrəsi, Qəbələndə giriş, Tufandağda kanatlardan istifadə, Qəbələnin Nohurgöl qoruğuna giriş, tur rəhbəri, bələdçi, fotosessiya, ekskursiyalar daxildir. Yeni ilə qədər bir də yəqin ki Şahdağ turu ola bilər”.

Şirkətin digər nümayəndəsi Hacıyev Telman isə xarici turlar haqqında məlumat verdi. Bildirdi ki, Yeni il ərəfəsində əhalinin 60-70 faizi istirahət üçün İstanbul və Dubayı seçir: “Sinqapur və Malayziya turumuz da olacaq. Yeni il ərəfəsində bu nəfər üşün səfər 1588 dollara başa gəlir. Turun müddəti 7 gecə 8 gündür. Dekabrın 29-dan başlayıb, yanvarın 5-nə kimi davam edəcək. Qiymətə bircə orada keçiriləcək qala gecəsində iştirak daxil deyil. Qala gecəsi Sinqapurda Minarə qülləsində olacaq. Ora daxil olmaq isə 250 dollardır. Müştərilərimiz Malayziyada 5, Sinqapurda isə 4 ulduzlu oteldə yerləşdiriləcəklər. Dubayda isə dekabrın 25-nədək kampaniya var. Bir nəfər üçün 4 gecə 5 gün üçün 395 manat tələb olunur. Yeni il ərəfəsində isə Dubay olduqca bahadır. Ona görə də insanlara Yeni il ərəfəsində İstanbulu məsləhət görərdim. Bir nəfərin istirahəti 400 manata gəlib çıxır”.

Aygün Asimqızı

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın