Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / Yaponlar Rixard Zorgeni niyə edam etdilər? – ARAŞDIRMA

Yaponlar Rixard Zorgeni niyə edam etdilər? – ARAŞDIRMA

Sovet dövründə 7 noyabrı bayram kimi qeyd etməyə məcbur idik. Həmin gün Leninin başçılığı ilə Böyük Oktyabr Sosialist İnqilabı baş vermiş, Çar hakimiyyəti yıxılmış və sovet dövləti qurulmuşdu. Ancaq 1944-cü ildə artıq Hitler faşizminin sonuna çıxmaqdaikən dünyanın dörd bir yanını sarmış qüdrətli sovet kəşfiyyatına ağır itki üz verdi. O vaxtlar Almaniya ilə müttəfiq olan Yaponiya Tokio şəhərində məşhur bir azərbaycanlı sovet kəşfiyyatçısını edam etdi. Bunun məhz Oktyabr İnqilabının 27-ci ildönümündə edilməsi bəlkə də təsadüf deyildi…

Hitlerin sirrini bu bakılı balası açacaqmış…

120 il bundan öncə – 1895-ci il oktyabrın 4-də Bakının Sabunçu qəsəbəsində alman neftçi-mühəndis Vilhelm Zorge və rus Nina Semyonovnanın doqquzuncu övladları dünyaya gəldi. Adını Rixard qoydular. 46 il sonra Hitlerin SSRİ-yə hücum planının vaxtını Stalinə ötürən məhz bu oğlanın olacağını o günlər heç kəs ağlına gətirə bilməzdi. Bəs necə oldu ki, 1944-cü ildə yaponlar “Ramzay” kod adlı bu əfsanəvi azərbaycanlı kəşfiyyatçını – Rixard Zorgeni ələ keçirərək edam etdilər? Öncə həmyerlimizin kəşfiyyatçı kimi yetişdiyi həyat yolunun önəmli məqamlarına nəzər salaq.
1898-ci ildə Zorge ailəsi Berlinə yollanır. Kosmopolit ailə mühitinə sahib olan Zorgelərin Berlindəki həyatı standart alman ailələrindən fərqlənirdi. Rixardın ictimai-siyasi fəaliyyətlə məşğul olan böyük əmisi Fridrix Zorge Karl Marks və Fridrix Engelslə dost olub. Kommunizm hərəkatında öz fəallığı ilə fərqlənən ailənin davranışları Rixard Zorgeyə də təsir edir.
1914-cü ildə I Cahan savaşı başlayanda Zorge könüllü olaraq Almaniya İmperiya Ordusu tərkibində cəbhəyə yollanır. 1916-cı ilin martında ağır yaralanır. Üç barmağı kəsilir və hər iki ayağı sınır. Döyüşdə aldığı bu zədə səbəbindən, həyatının sonuna qədər axsamaq məcburiyyətində qalır. Zorge reabilitasiya dövrü keçdiyi zaman, qaldığı hərbi xəstəxanada Karl Marksın əsərlərini oxumağa başlayır. Və bir tibb bacısının atası vasitəsilə kommunist hərəkatına qoşulur. Zorge siyasi görüşləri və fikirləri səbəbindən, işlədiyi kömür mədənindən qovulur.

Jurnalist adı altında kəşfiyyat…

Kommunizm ideyalarını açıq şəkildə müdafiə etməsi və Avropada ona qarşı təzyiqlərin artması nəticəsində, Rixard 1924-cü ildə SSRİ-yə qaçmaq məcburiyyətində qalır. Elə burada da xüsusi kəşfiyyat orqanları ilə əməkdaşlığa cəlb olunması ilə Rixard Zorgenin kəşfiyyatçı həyatı başlayır. Jurnalist adı altında fəaliyyət göstərməklə Avropanın müxtəlif ölkələrinə göndərilir və burada ona tapşırılan əsas işlərdən biri Avropada baş verə biləcək mümkün sosialist inqilablarını öyrənmək idi. Zorge Avropada olan kommunist qruplarla əlaqələr yaratmalı və bu barədə mərkəzə müntəzəm şəkildə raport verməli idi. 1929-cu ildə Qızıl Ordunun dördüncü bölməsində kəşfiyyat işi verilir. Onun buradakı əsas vəzifəsi SSRİ-ni maraqlandıran xarici kəşfiyyat məlumatlarının toplanması və zamanında ötürülməsi idi. Elə həmin il o, Böyük Britaniyaya göndərilir.
1929-cu ilin noyabr ayında isə xəfiyyə Almaniyaya göndərilir. Burada Nasional-Sosialist Alman Fəhlə Partiyasının sıralarına qoşulmalı və yerli solçu qanadı təkmilləşdirməli idi. Zorge Almaniyada “Deutsche Getreide-Zeitung” qəzetinin xüsusi müxbiri kimi işləməyə başlayır. 1930-cu ildə Zorge Şanxay şəhərinə göndərilir. O, burada almanca “Frankfurter Zeitung” qəzetinin xüsusi müxbiri və araşdırmaçı-əməkdaşı kimi fəaliyyət göstərməkdə idi. Çində olduğu müddət ərzində Zorge yapon jurnalist və dövlət xəfiyyəsi olan Hotsumi Ozaki ilə tanış olur. Bununla da xəfiyyənin gələcəkdə Yaponiyada fəaliyyət göstərməsi üçün əlverişli zəmin yaranır. Ümumiyyətlə, Zorge bütün xarici əməliyyatlara jurnalist adı ilə getmişdir. Avropada fəaliyyət göstərən tanınmış qəzetlərin xarici ölkələr üzrə olan müxbirləri XX əsrin 30-cu illərində diqqətdən kənarda qalırdı. Zorge də bu nüansdan maksimal şəkildə istifadə etməyə çalışmışdır. 1932-ci ilin yanvar ayında Şanxay küçələrində yapon və Çin qüvvələri arasında baş verən silahlı toqquşmalar barədə SSRİ mənbələrinə məxfi məlumatı Zorge çatdırır.

“Ramzay” kod adlı azərbaycanlı Yaponiyanı lərzəyə salır…

1933-cü ili mayında Zorge Frankfurter Zeitung” qəzetinin müxbiri kimi Yaponiyaya yola salınır. Məqsəd hər zaman olduğu kimi, getdiyi ölkədə SSRİ üçün əhəmiyyətli olan kəşfiyyat məlumatlarının toplanması və onların zamanında mərkəzə ötürülməsi idi.Zorge Yaponiyada “Ramzay” kodu adı atlında fəaliyyət göstərmişdir. 1937-ci ilin yayında Klausen Yaponiyada sakibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün imkan belə tapır. Yüngül sənaye sahəsində yaradılan şirkət sovet sərmayəsini əraziyə cəlb etmək niyyəti daşıyırdı. 1933-1934-cü illər ərzində Yaponiyada Zorge tərəfindən Şanxaydan tutmuş, Tokioya, Tokiodan tutmuş, Vladivostoka qədər ərazidə böyük agentura şəbəkəsinə nəzarət edilirdi. Zorgenin əsas xəfiyyələrindən olan Hotsumi Ozaki dönəmin Yaponiya Baş naziri Fumimaro Konoe ilə yaxın münasibət yaratmışdı. Hətta Zorgenin tapşırığı ilə Ozakinin Baş nazirin iş otağından gizli sənədin surətini əldə etdiyi də məlumdur.

Zorge jurnalist kimi nasist təbliğatı aparırdı…

Zorge bütün xəfiyyə şəbəkəsini gizli şəkildə idarə etməkdə idi. Üzdən alman bir qəzetin xüsusi müxbiri olaraq çalışdığı üçün bir çox nasist təbliğatına qoşulmuşdur. Tərəfindən aparılan təbliğat Yaponiyada olan Almaniya səfirliyinin belə, diqqətini çəkmiş və səfirlik tərəfindən məmnunluqla qarşılanmışdır.
Yaponiyada yaratdığı xəfiyyə şəbəkəsi ilə SSRİ-ni lazımi məlumatlarla təmin etməsinə baxmayaraq, Zorge İosif Stalin tərəfindən sevilməyən bir şəxs idi. Stalin xəfiyyənin almanmənşəli olması səbəbindən ona çox güvənmədiyini açıq şəkildə ifadə etmişdi. Bu səbəbdən, Zorge tərəfindən göndərilən məlumatlar Stalin üçün ciddi əhəmiyyət daşımırdı. 1937-ci ildə SSRİ daxilində repressiya dalğasının başlanması Zorgeni seçim qarşısında qoyur. Xəfiyyə anlayır ki, SSRİ-yə qayıdandan sonra satqın damğası ilə güllələnəcək. Bu səbəbdən edilən bütün təkliflərə və tələbələrə baxmayaraq, Zorge Yaponiyada qalıb Sovetlər üçün işləməyə qərar verir.
1941-ci ildə səfirlik işçilərinin vasitəsilə Zorge Barbarossa əməliyyatı barədə məlumat öyrənir. Əməliyyatın təxmini başlama tarixini belə öyrənən Zorge bu barədə Moskvaya təcili raport göndərir. İosif Stalinə Yaponiyadan göndərilən gizli raport çatdırılsa da, Stalin buna əhəmiyyət vermir və Zorgenin məlumatlarına inanmır. Stalin nasistlərin belə bir səhv etməyəcəyini düşünürdü. Molotov-Ribbentrop paktının imzalanması III Reyx ilə SSRİ arasında olan münasibətlərin anidən şiddətli bir müharibəyə çevirlməsi ehtimalını zəiflədirdi. Sovet lideri dərhal müəyyən strukturlara göstəriş verir ki, Zorge təcili Moskvaya qayıtmalıdır. Amma Zorge xəbər tutur ki, Moskvaya gələn kimi onu həbs edəcəklər.

Azərbaycanlı kəşfiyyatçı haqlı çıxdı…

Bəzi mənbələr Zorgenin Almaniyanın SSRİ-yə konkret hücum tarixi (22 iyun) barədə məlumat verdiyi iddia etməkdədir. Mövzu ilə bağlı araşdırma aparmış İkinci Dünya müharibəsi sahəsi üzrə tarixçi Qolden Pranç Zorgenin konkret tarix vermədiyini, sadəcə, təxmini tarix kimi 20 iyunu göstərdiyini qeyd etmişdir. 20 iyun tarixini Zorge Yaponiyada yerləşən alman səfirliyində hərbi attaşe kimi çalışan polkovnik-leytenant Ervin Şoldan öyrənmişdi. Xəfiyyə Hitlerin SSRİ-yə hücum edəcəyindən əmin idi və bu barədə sovet orqanlarını zamanında məlumatlandırmışdı. Ancaq konkret hücum tarixi barədə Zorgenin qərarsız qaldığı görünməkdədir. Hitler əməliyyata hərbi attaşe polkovnik-leytenant Ervin Şolun verdiyi tarixdən iki gün sonra başladı.

Almanların 22 iyun tarixində “Barbarossa” əməliyyatına başlaması Zorgenin bu məsələdə haqlı olduğunu göstərdi. Xəfiyyə, sadəcə, ikigünlük bir fərqlə hücumun tarixini söyləmişdi. 1941-ci ilin 14 sentyabr tarixində Zorge tərəfindən növbəti bir məxfi məlumat göndərilir. Göndərilən məlumatda Yaponiyanın bəzi məsələlər həll olunmadan SSRİ-nin şərq sərhədlərinə hücum etməyəcəyi bildirilirdi.
Göndərilən məlumatların dəyəri SSRİ üçün çox önəmli idi. Üçüncü Reyx qüvvələrinin sürətlə irəlilədiyi bir dövrdə, imperiyanın Uzaq Şərqdə yerləşən hərbi birləşmələrinin qərb ərazilərində yerləşən cəbhə bölgələrinə transfer edilməsi ilə Sovetlər əlavə güc qazanmış oldu. Konkret olaraq 8 diviziya, 1 700 tank, 1 500-dən çox döyüş təyyarəsi Sibir və Uzaq Şərqdən qərb cəbhələrinə köçürüldü. Həmin texnika və canlı qüvvənin xidmətindən1941-ci ilin 2 oktyabr tarixində baş tutan Moskva uğrunda döyüşdə geniş istifadə olunmuşdur.

 

Zorge necə həbs edildi?

1941-ci ildə Üçüncü Reyxin “Barbarossa” əməliyyatına start verməsi Zorgenin Yaponiyada fəaliyyət sahəsinin daralması ilə nəticələnmişdi. Yapon və onlarla birgə işləyən alman mütəxəssislər ölkə ərazisində SSRİ maraqları üçün xidmət göstərən böyük bir casus şəbəkəsinin mövcudluğu barədə məlumatlı idilər. Kempeitai adlandırılan yapon gizli polis təşkilatı bütün Yaponiyadan xaricə göndərilən təkistifadəlik xətti mesajların izinə düşdü. Başladılan əməliyyat qısa zamanda öz nəticəsini göstərir və H. Ozaki 1941-ci ilin14 oktyabr tarixində həbs olunur. Həbsdən dərhal sonra Ozakinin dindirilməsi başlanılır və bununla da Yaponiyada fəaliyyət göstərən böyük bir sovet casusluq şəbəkəsi ortaya çıxarılmış olur. Ozakinin saxlanılmasından 4 gün sonra, Rixard Zorge 1941-ci ilin 18 oktyabrında Tokioda həbs olundu.
Barəsində həbs qərarı çıxarılan Zorge Suqamo həbsxanasına göndərilir. Ağır işgəncələr altında Zorge xəfiyyə olduğunu etiraf etsə də, SSRİ üçün işlədiyini inkar etdi. Yaponiya SSRİ-yə etdiyi müraciətdə Sovetlərin əllərində olan yapon casuslarını Zorge ilə dəyişməyə hazır olduqlarını bildirdilər. SSRİ tərəfindən verilən cavabda isə Rixard Zorge adlı birinin onlara məlum olmadığı bildirilir.
Rixard Zorge saxlanıldığı həbsxanada 1944-cü ilin 7 noyabr tarixində Tokio vaxtı ilə 10:20-də asılaraq edam edilir. Həbsxana protokolunda edamın icrası barədə belə yazılmışdır: “Dar ağacından çıxarılandan sonra məhbus Rixard Zorgenin ürəyi səkkiz dəqiqə döyünüb. SSRİ 1964-cü ilə qədər Zorge adında bir xəfiyyələrinin olduğunu inkar etdi. Yalnız həmin il ona Sovet İttifaqı Qəhrəmanı adı verildi. Xəfiyyənin ölümündən sonra belə, uzun müddət Sovetlər tərəfindən inkar edilməsinin əsas səbəblərindən biri kimi Stalin göstərilməkdədir. Stalinin almanəsilli xəfiyyəyə olan mənfi münasibəti səbəbindən, Zorgenin ölümündən sonrakı 20 ildə belə onun barəsində danışılmamışdır. Hazırda Zorgenin qəbri Tokionun Füçi səmtində yerləşən bir məzarlıqdadır…

Zorgenin oğlu Bakıda “bomj” həyatı sürür?

“Əfsanəvi sovet kəşfiyyatçısı, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorqenin oğlu Bakının küçələrində yaşayır”. Bu xəbəri 13 may 2013-cü il tarixdə ANS PRESS “Kanal13″ün əməkdaşlarına istinadən yayıb. Xəbərdə deyilir: “Bakıda adına küçə və park olan insanın oğlunun yaşamağa evi, sığınacaq yeri belə yoxdur. Şahidlərin sözlərinə görə, onun evini əlindən alıblar. Pensiya belə almayan, hər yerdən əli üzülən kisinin tək istəyi isti yeməkdir”. Bir gün sonra bu xəbəri Moskvanın “NTV” kanalı da səsləndirdi, ancaq bunun inandırıcı məlumat olmadığını ifadə etdi. Yaxın günlərdə bu barədə yeni məlumat əldə etsək, nəzərinizə çatdıracağıq.

 

Sentyabrda Bakıda Zorgenin 120 yaşı qeyd edildi

Paytaxtımızda adına küçə və məşhur park olan dünyaşöhrətli kəşfiyyatçının xatirəsi Azərbaycanda mütəmadi yad edilir. Bu il sentyabrın 30-da Azərbaycan Hərb Tarixi Muzeyində görkəmli kəşfiyyatçı Rixard Zorgenin 120 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Müdafiə Nazirliyi, Heydər Əliyev Mərkəzi, ali hərbi məktəblərin, veteran şuralarının, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin, şəhər muzeyləri və digər idarə-müəssisələrin nümayəndələri iştirak ediblər.
Rixard Zorge kəşfiyyat qrupunun radisti Maks Xristiansen Klauzek ilə söhbətdə bu gün ölkə vətəndaşı kimi onillərlə Azərbaycanda yaşayb vəzifələr belə tutan, amma Azərbaycan dilini öyrənməyi özünə borc bilməyən bəziləri üçün örnək olacaq bir etiraf edir: “Özümü tamamilə azərbaycanlı hiss edə bilərdim, bəla burasındadır ki, azərbaycanca bir söz belə danışa bilmirəm”…

 Sultan Laçın

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın