Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / “Texnikabank”dakı 45 milyonluq mənimsəmənin – Təfərrüatları

“Texnikabank”dakı 45 milyonluq mənimsəmənin – Təfərrüatları

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində“İnteralyans” MMC-nin təsisçisi Cavidan Hacıyev və “Meridian Company” MMC-nin direktoru Rauf Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə ekspert dindirilib.

Vergilər Nazirliyinin auditi Elman Həsənov ifadə verərək Rauf Kərimovun təsisçisi olduğu “Meridian Company” MMC-də aparılan yoxlamaların nəticəsi barədə məlumat verib. Bildirib ki, şirkət tabeliyində olan mühərrikli nəqliyyat vasitələrinə görə yol vergisi ödəməkdən yayınıb.

Rauf Kərimov isə digər sahələrlə bağlı bütün növ vergiləri ödədiklərini, hətta təxminən 600 manat artıq ödədiklərini, buna görə də şirkətin hesabına geri qaytarıldığını bildirib. R.Kərimov məhkəmə protokolu ilə tanış olmaq istədiyini bildirib. Hakim qeyd edib ki, yalnız məhkəmə prosesi başa çatdıqdan sonra bu mümkün ola bilər.

Məhkəmə prosesi fevralın 25-də davam etdiriləcək.

Qeyd edək ki,“Texnikabank”dan qanunsuz yolla 45 milyon manata yaxın kredit götürən şəxslər barəsində daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq zamanı “İnteralyans” MMC-nin təsisçisi Cavidan Hacıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə “Trans-Alyans”, “Qarant-Ko” MMC və digər şirkətlər yaratmaqla onların adına “Bank Technique” ASC-dən müxtəlif vaxtlarda hissə-hissə cəmi 18 milyon 715 min 552 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, Rauf Kərimov özgənin külli miqdarda əmlakını ələ keçirib, dələduzluq edib. Belə ki, o, 2007-ci ildə “Meridian Company” MMC-nin direktoru işləyərkən tanışı Azər Əmiraslanovu birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olacaqlarına inandırıb. Sonuncunun ona olan inamından istifadə edərək onun 1 milyon dollar pulunu alıb və özünün şəxsi ehtiyaclarına sərf edib.

Bundan başqa Rauf Kərimov şəriki Cavidan Hacıyevlə əlbir olub cinayət əlaqəsinə girərək “Texnikabank” ASC-dən 25 dekabr, 2008-ci il tarixli kredit müqavilələri əsasında “Faktum”, “Bəzz” və “Sağlam Rəqabət”, o cümlədən Cavidan Hacıyevin rəhbərlik etdiyi “Transalyans” və “İnteralyans LTD” MMC-lərin adına 30 milyon manat vəsait götürüb. Həmin vəsaitlərin üzərində qanunsuz sahiblik, istifadə və sərəncamvermə hüquqları əldə edib. Bank hesablarına köçürülmüş göstərilən vəsaitləri nağd alıb və aralarında 26 dekabr, 2008-ci il tarixdə bağlanmış sazişə əsasən məbləğin 13 milyonu R.Kərimovun, 12 milyonu isə C.Hacıyevin götürməsi müvafiq qaydada razılaşdırılıb.

Digər təqsirləndirilən Cavidan Hacıyev özgənin əmlakını ələ keçirmək məqsədilə Muşdabə Mövsümxaniyə məxsus Xətai rayonu, Gəncə prospekti, 27 saylı evdə yerləşən mənzili guya rəhbərlik etdiyi “İnteralyans LTD” MMC-yə girov qoymaqla ona aşağı faizlə kredit verəcəyini vəd edərək aldadıb. Həmin mənzili “Atrabank” ASC-də girov kimi rəsmiləşdirməklə “İnteralyans LTD” MMC-nin adına götürdüyü 88 min manat pulun 22200 dollarını 36 ay müddətinə qaytarmaq şərtilə Müşdəba Mövsümxaniyə verib.

Rauf Kərimov bundan öncəki məhkəmə iclasında ifadəsi zamanı Azər Əmiraslanovla aralarında biznes münasibətləri olduğunu, işbirliyi nəticəsində sonuncunun ona Moskva şəhərində 1 milyon dollar verdiyini, həmin vəsaitin qarşılığında 2007-ci ildən başlayaraq 2010-cu ilə qədər ona 1 milyon 600 min dollar ödədiyini, ona borcunun olmadığını göstərib: “Azərin anasının çoxsaylı müraciətlərindən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma başlandı. Həmin dövrdə Azər özü etiraf etdi ki, məndən alacağı yoxdur, özünün problemləri var və 1 milyon pul lazımdır.

Mənə dedilər ki, Azərlə aramızda olan münasibətləri mülkiləşdirmək üçün ona borcum olması barədə sənəd təqdim edim, bunun əsasında material üzrə rədd qərarı qəbul olunsun və müvəqqəti saxlama təcridxanasından buraxılım. Məcbur qalıb Azərə borcum olması barədə sənəd təqdim etdim. Həmin sənəddə guya Azərə 2 milyon 157 min 408 manat dollar borcumun olmasını qeyd etdim. Borcun etirafı ilə bağlı sənədi notarius elə idarədə təsdiq elədi. Azər Əmiraslanova borcum yoxdur. Həmin sənədi təzyiq altında məcbur qalıb imzalamışam”.

Təqsirləndirilən şəxs ifadəsində bizneslə məşğul olduğuna görə ölkə ərazisində fəaliyyət göstərən banklarla işlədiyini, işlə əlaqədar banklardan kredit götürdüyünü və vaxtlı-vaxtında qaytardığını göstərib: “Cavidan Hacıyevi 2008-ci ildə tanımışam. Həmin dövrlərdə Cavidan Azərbaycana sement hazırlanması üçün xammal gətirilməsini həyata keçirirdi. Eyni işlə məşğul olduğuma görə aramızda münasibət yarandı və birgə biznes fəaliyyəti ilə məşğul olduq.

Cavidan əsasən “İnteralyans LTD”-nin təsisiçisi olub. Digər MMC-lər mənim işimlə əlaqədar təsis etdiyim şirkətlərdir. 2008-ci ildə “Texnikabank”a 16 milyon borcum olub. Elə həmin ildə sırf sement və sement istehsalı üçün MMC-lərin adına “Texnikabank”dan 25 milyon kredit götürmüşük.

Cavidanın gətirdiyi sementi satsaq da şirkətlərin borcu qaldığına görə banka krediti ödəyə bilmirdik. Nə Cavidan, nə də mən başqa yerə pul xərcləmişik, işimizlə bağlı sərf etmişik. Bankın o vaxtkı rəhbəri Eibar Əliyevlə görüşdüm, girov kimi bir neçə əmlak təqdim etdim. Etibar Əliyev isə onların içərisində “Bakı” mehmanxanasını seçdi, həmin əmlakı girov qoymağımı istədi. Ona həmin əmlakın üzərində Mərkəzi Bankın və “Atrabank” ASC-nin yüklülüyü olduğunu dedim. Etibar Əliyev dərhal “Atrabank” ASC İdarə Heyətinin sədri Elmixan Nəbiyevlə danışdı və bu məsələni özü həll edəcəyini dedi.

“Bakı Mehmanxanası” ASC-nin səhmləri lazımi sənədləşmə əsasında girov qoyulub, heç bir qanun pozuntusuna yol verilməyib”.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın