Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / “Hər müəllim yanına bir “plitka” qoyub özü üçün isinir…”

“Hər müəllim yanına bir “plitka” qoyub özü üçün isinir…”

“Üçmərtəbəli binadır, bütün qışı uşaqlar siniflərdə əl-ayaqları dona-dona oturdular. Təhsil üçün heç bir şəraiti yox, hər yeri dağılıb tökülür…” Bunları Şirvan sakini Minayə İmamverdiyeva Şirvan şəhər Dövlət Musiqi Məktəbi haqda danışır. Onun sözlərinə görə, uzun illərdir ki, məktəb qəzalı vəziyyətdədir. Rayonda başqa musiqi məktəbi olmadığından, azı, 450 uşaq musiqi təhsilini bu qəzalı məktəbdə almağa məcburdur:

“İllərdir ki, istilik yoxdur. Hər müəllim öz stolunun yanına bir elektrik “plitkası” qoyub, özü üçün isinir. Bir “plitka” o boyda sinfi qızdırası deyil ki… Üstəlik də, bütün siniflərdə “plitka” qoşulur deyə, gündə bir neçə dəfə, məktəbin qəzalı naqilləri davam gətirmir. Nə vaxt uşağın dalınca gediriksə, görürük ki, məktəbdə işıqlar sönüb”.

Minayə xanımın övladı məktəbin 3-cü sinfində oxuyur. Minayə xanım onu musiqi təhsilli görmək istəyir. Ancaq musiqi məktəbindəki şəraitsizlik gələcəyin mükəmməl musiqiçisi ola biləcək balacaların arzusunu ürəyində qoya bilər. Çünki yağış, qar yağanda uşaqlar soyuq siniflərdə xəstələnməsin deyə, məktəbə getmirlər.

Şirvan sakini Aidə Əliyevanın qızı da bu məktəbdə təhsil alır. Aidə xanım deyir, valideynlər dəfələrlə dövlət qurumlarına məktubla müraciət ediblər:“Müəllimlər də bu qəzalı məktəbdə dərs keçməkdən beziblər. Sadəcə, səslərini çıxara bilmirlər. Hansı müəllim istəyər ki, sinfə girib, ayağının altına “plitka” qoysun?.. Hamı normal şəraitli məktəbdə dərs keçmək və dərs oxumaq istəyir”.

Şirvan şəhər İcra Hakimiyyətindən bildirilib ki, uşaq musiqi məktəbi Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Yeddi illik məktəb 1961-ci ildə yaradılıb. Tar, kamança, fortepiano, qarmon, nağara, klarnet, səs, skripka sinifləri fəaliyyət göstərir. Məktəbin 90-a yaxın müəllimi var. Çoxlu uğurları olan məktəbin binasının əsaslı təmiri nəzərdə tutulub.

“Yəqin ki, yaxın vaxtlarda binaya əncam çəkiləcək. Ancaq orda vəziyyət elə də kritik deyil. İşıq var, istilik sistemi əvvəllər olub, sıradan çıxıb. Hər halda, tədbir görüləcək”, –İcra Hakimiyyətindən bildirilib. (“Azadlıq” radiosu)

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın