Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / ““DOST” mərkəzləri tikilən zaman yüz milyonlarla vəsaiti rahat mənimsəmək imkanı əldə etdilər”

““DOST” mərkəzləri tikilən zaman yüz milyonlarla vəsaiti rahat mənimsəmək imkanı əldə etdilər”

Son günlər əlilliyin təyini, bəzi şəxslərin əlillik təyinatlarının ləğvi ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Bununla bağlı çoxsaylı narazılıqlar var. Özü də bu narazılığın miqyası get-gedə genişlənir.

Sözügedən məsələ ilə bağlı problem ondadır ki, əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar 2022-ci ilin iyulundan qüvvəyə minəcəyi halda, indidən əlillik dərəcələri aşağı salınır. Yəni qanun qüvvəyə minməmiş onun tətbiqinə başlayırlar. Şikayətlər də daha çox bununla bağlıdır. Məsələn, 2-ci qrup əlilliyi olanı əsaslı yoxlamalar aparmadan 3-cü qrup təyin edirlər.

Məlumat üçün qeyd edək ki, 2022-ci ilin iyulunda qüvvəyə minəcək yeni qaydalara görə, əlillik orqanizmin funksiyasının itirilmə faizi əsasında müəyyənləşəcək. Bəzi hallarda əlillik yeni meyarlarla daha aşağı dərəcələrlə qiymətləndirilə bilər.

Bütün bu deyilənlərin fonunda maraqlıdır, problemin kökü nədədir? Problem ƏƏSMN-nin işi uğursuz təşkil etməsindədir, yoxsa başqa məsələlərdə?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov hesab edir ki, problem nazirliyin işi düzgün qura bilməməsindədir: “ Son illərdə sosial sahədə əhali arasında böyük narazılıq yaradan səbəblərdən biri əlilliyi olan şəxslərin əlilliklərinin ləğvi və dərəcələrinin aşağı salınmasıdır. Bu isə pandemiya şəraitində onsuz da çətinləşən əhalinin sosial durumunu daha da ağırlaşdırır. ƏƏSMN-nin rəhbərliyi ictimaiyyətə bunu qanunsuz əlilliklərin ləğvi prosesi kimi izah etməyə çalışsa da, reallıq başqadır. Çünki araşdırmalar göstərir ki, əslində məsələnin mahiyyəti başqa səbəblərə, daha doğrusu, maraqlara bağlıdır. Bütün bu qanunsuzluqlar qurulan korrupsiya şəbəkəsinin kölgədə qalmasını təmin etmək üçün edilir. Sahil Babayev nazir təyin olunduqdan sonra ətrafına verdiyi əsas mesaj ondan ibarət oldu ki, bizim əsas yeyinti mənbəyimiz tikintidən olacaq. Ehtiyac oldu-olmadı, bütün respublika üzrə “DOST” mərkəzlərinin tikintisinə başlanıldı. Bu yolla yüz milyonlarla vəsaiti rahat mənimsəmək imkanı əldə etdilər. İnsanların haqq etdiyi əllillikləri kəsmək onlara ona görə lazımdır ki, yuxarılara hər dəfə bəyan etsinlər ki, bəs, filan qədər saxta əlillik aşkarlanıb. Onu ləğv etməklə dövlət büdcəsinə yarım milyard manat fayda vermişik. Yəni biz şəffaf işləyib fayda veririk, bizim tikinti maxinasiyalarımızı təftiş etməyin. Məsələnin ən pis tərəfi də ondan ibarətdir ki, nazirlik həyata keçirdiyi “sosial qətliamı” məşhur lətifədə olduğu kimi icra edir: əvvəlcə qulaqlar kəsilir, sonra sayılacaq vədi verilir. Ancaq sonra heç sayan da olmur. Ona görə olmur ki, qurum pandemiyadır deyib, insanların müraciətlərini araşdırmaqdan yayınır, onları saya almır. Beləcə, haqqı pozulan vətəndaşın harayını belə eşidən olmur. Əlillik dərəcələrinin təyini ilə bağlı gələn ilin ikinci yarısından tətbiqi nəzərdə tutulan qanun da mövcud narazılıqların aradan qaldırılmasına xidmət etməyəcək. Orada əsas məqsəd bir sıra qanunsuzluqlara, necə deyərlər, qanuni don geyindirməkdən ibarətdir. Baxmayaraq bütün bu məsələlər ölkənin ali qanunverici orqanında da deputatlar tərəfindən qaldırılır, bununla bağlı cəmiyyətdə ciddi narazılıqların olması səsləndirilir, amma bunun da heç bir faydası olmur. Bir neçə aydır sosial müavinətin ümidinə qalan əlilliyi olan şəxslər olmazın əziyyət çəkir. Təzədən yoxlama aparılır deyə müavinətləri kəsilib. Halbuki, elə əlilliyi olan şəxslər var ki, onların təkrar müainəsinə ehtiyac yoxdur. Çünki hər şey ortadadır. O zaman onları bir belə əziyyətə salmaq günah deyilmi? Ona görə də sonra gec olmasın deyə ən yüksək səviyyədə bu prosesin qarşısı alınmalıdır. Yoxsa uzun illər bunun fəsadlarını aradan qaldırmaq mümkün olmayacq”.

Ekspert hesab edir ki, əlilliyi olan şəxslərin problemlərinə son dərəcə həssas yanaşmaq lazımdır.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …