Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Amerika banklarını soydular, yüz milyonlarla dolları Azərbaycan banklarında “yudular”

Amerika banklarını soydular, yüz milyonlarla dolları Azərbaycan banklarında “yudular”

ABŞ prokurorluğu məşhur JPMorgan bankı və Dow Jones əmtəə birjası da daxil olmaqla onlarla bankın və şirkətin hesablarından yüz milyonlarla dollar ələ keçirmiş hakerlərə rəsmi ittiham elan edib.

Virtualaz.org xəbər verir ki, söhbət tarixin ən böyük kibercinayətindən və bank soyğunundan gedir. Bu sensasion cinayət işi haqda xəbərləri Amerikanın əksər nüfuzlu KİV-ləri, o cümlədən “The Wall Street Journal” və “Bloomberg” manşetlərdən veriblər. İşin daha da sensasion tərəfi odur ki, kibercinayətkarlar oğurladıqları yüz milyonlarla dolları Azərbaycan bankları üzərindən “yuyublar”.

Bu iş üzrə hələlik üç nəfərə rəsmi ittiham elan edilib. Onlardan ikisi İsrail, biri ABŞ vətəndaşıdır. Onlar onlarla şirkətdən və bankdan 100 milyondan çox müştərinin şəxsi məlumatlarını, hesab nömrələrini ələ keçirməkdə, yüz milyonlarla dollar oğurlamaqda ittiham olunurlar.

Manhetten və Atlanta federal prokurorları bildirir ki, ittiham olunan şəxslər geniş beynəlxalq şəbəkənin tərkibində fəaliyyət göstəriblər, 100 milyondan çox müştərinin şəxsi məlumatlarını ələ keçirərək bunun sayəsində yüz milyonlarla dollar qanunsuz gəlir əldə ediblər.

İş doğrudan da qlobal xarakter daşıyır. Cinayətkarlar Cənubi Afrika Respublikasının və Braziliyanın kompüter şəbəkələrindən istifadə ediblər, oğurlanan pullar Kipr üzərindən yuyulub, kredit kartları üzrə qanunsuz ödənişlər isə Azərbaycan bankları üzərindən həyata keçirilib.

Beynəlxalq cinayətkar qruplaşmanın təşkilatçısı və ilhamvericisi 31 yaşlı İsrail vətəndaşı Ceri Şalondur. Onun İsveçrə və digər ölkələrin banklarında qanunsuz yollarla əldə etdiyi 100 milyon dollara yaxın vəsaiti aşkar edilib. Həmçinin 40 yaşlı İsrail vətəndaşı Ziva Orenşteynə və 31 yaşlı ABŞ vətəndaşı Coşua Erona da ittiham elan edilib. O, Moskvada yaşayır.

Şəxsi məlumatların oğurlanması və qanunsuz yollarla əldə edilmiş pulların yuyulması ilə yanaşı cinayətkarlar bütün dünya üzrə ən azı 12 qanunsuz online-kazino da işlədiblər. İş üzrə dördüncü fiqurantın da adı məlumdur. O, bu ilin əvvəlində lisenziyasız elektron pul birjası açmaqda ittiham olunan Entoni Murxiodur. Hesab edilir ki, əslində onun online ticarət palatası Şalona məxsus idi və bu palata üzərindən oğurluq pullar yuyulurdu.

Gözlənilir ki, şəbəkənin yüzlərlə digər üzvünə qarşı da tezliklə ittihamlar irəli sürüləcək.

Hakerlər JPMorgan bankının kompüter şəbəkəsini ötən il sındırıblar. Onlar müştərilərin adlarını, ünvanlarını, bank hesablarını və digər məlumatlarını ələ keçiriblər. Nəticədə bankın 83 milyon müştərisi zərər çəkib, onlardan 76 milyonu ev təsərrüfatı, qalanları xırda biznes nümayəndələridir. Məlum olub ki, hakerlər bankın kompüter şəbəkəsinə Misirdə yerləşən server üzərindən daxil olublar. Bu məqsədlə onlar Misirdə başqa şəxsin adına server icarə götürüblər, banka haker hücumu haqda ilk xəbər yayılan kimi icarə müqaviləsi 2014-cü ilin avqustunda ləğv edilib.

Hakerlər və onların əlaltıları ondan çox ölkədə fəaliyyət göstəriblər. Onlar 2012-ci ildən 2015-ci ilin ortalarına qədər bank müştərilərini və brokerləri soyaraq pulları saxta adlarla açdıqları hesablara köçürüblər. Prokurorlar bildirir ki, cinayətkarlar pulları yumaq üçün dünyanın hər yerində 75 şirkətdən, bank hesablarından və broker şirkətlərindən istifadə ediblər. Cinayətkarların əməllərinə habelə qiymətli kağızlarla dələduzluq da daxildir.

Şalon və Orenşteyn bu ilin iyul ayında İsraildə həbs olunublar, Eron isə azadlıqdadır. İttiham aktının daha geniş təfərrüatları hələ məlum olmadığından yüz milyonlarla dolları ələ keçirən beynəlxalq şəbəkənin Azərbaycanda hansı bankdan istifadə etdikləri məlum deyil. Bununla belə virtualaz.org ötən il yazmışdı ki, Avstriyanın kompüter təhlükəsizliyi üzrə qurumunun (Computer Emergency Response Teams) rəhbəri Robert Şişka keçirdiyi mətbuat konfransında bütün səylərə baxmayaraq kiber-fırıldaqçıların getdikcə peşəkarlaşdıqlarını və onlara qarşı mübarizənin çətinləşdiyini deyib.

O bildirib ki, spam şəbəkəsi bütün üsullardan istifadə edir, hansısa saxta malları reklam edən məktubları facebook, twitter kimi sosial şəbəkələr, habelə elektron poçt vasitəsilə yayır.

“Kiberfırıldaqçılar üçün hər bir internet istifadəçisi potensial qurbandır” – deyə Robert Şişka sözlərinə əlavə edib.

O, iki il əvvəl ABŞ-ın Kaliforniya Universitetinin apardığı araşdırmanı da xatırladıb. Bildirib ki, spamı alan istifadəçinin kompüteri avtomatik olaraq yoluxur və həmin məktubu on minlərlə İP ünvanına göndərir. R.Şişka dünya üzrə spam ödənişlərinin həyata keçirildiyi üç bankdan birinin Azərbaycanda olduğunu da vurğulayıb. O, qeyd edib ki, spamla mübarizəni də məhz bu banklardan başlamaq lazımdır: “Əgər pul axan kranı bağlasaq, bu qlobal şəbəkə gec-tez çökəcək”.

Söhbət hələ 2011-ci ildə qlobal spam araşdırmasından izi çıxan “Azəriqazbank”dan gedir. ABŞ-ın Kaliforniya Universitetinin aylarla davam edən araşdırması göstərmişdi ki, spam mafiyasına üç bank xidmət edir. Onlardan ikisi Danimarkada, biri Azərbaycandadır. Araşdırma zamanı üzə çıxmışdı ki, dünya üzrə spam ödənişlərinin 60 faizini məhz “Azəriqazbank” qəbul edir. Deməli, bank hər il bu ödənişlərdən faiz olaraq on, bəlkə də yüz milyonlarla dollar gəlir götürür.

Araşdırma onu da üzə çıxarmışdı ki, spam yolu ilə dərman preparatları satışının böyük hissəsi məhz “Azəriqazbank”dakı hesablar vasitəsilə gerçəkləşdirilir.

“Məsələn, Azərbaycanda yerləşən bank vasitəsilə bütün gördüyümüz spamın 60 faizi ödənilir. Spam deyəndə 3 aya təxminən 1 milyard mesajdan danışırıq” – deyə Kaliforniya Universitetinin doktorantı, araşdırmanı aparanlardan biri Andreas Pitsilidis bildirir.

Qeyd edək ki, bu araşdırmanın nəticələri yayılanda “Azəriqazbank” qətiyyən narahat olmadı. Bankın təmsilçisi mətbuata bildirmişdi ki, onlar qanunsuz bir iş görmürlər və 50 mindən çox adam “Azəriqazbank”ın plastik kartlarından istifadə edir. Bu kartların sahibi elektron ticarətlə də məşğul olur. Bank isə müştərinin nə aldığına müdaxilə etmir.

Lakin araşdırma müəllifləri bildirirdi ki, dünyada spam şəbəkəsinə qulluq eləyən çox az bank tapılar, çünki əksər banklar öz reputasiyalarını şübhə altına alıb bu işə girişmək istəməz. “Azəriqazbank” kimi şəbəkəyə xidmət göstərən banklar isə reputasiyalarını riskə atdıqları üçün müştərilərdən yüksək xidmət haqqı alırlar.

Və maraqlıdır ki, “Azəriqazbank”ın sahibi, deputat Çingiz Əsədullayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. Bu fakt beynəlxalq kibercinayətlarların və spam mafiyasının pullarını həmin bank üzərindən dövr etməsinin təsadüfi olmadığını göstərə bilərmi? Yaxud beynəlxalq spam mafiyasına xidmət edən bankın onlarla şirkəti və bankı soyan beynəlxalq hakerlər şəbəkəsinin kredit kartlarına da xidmət etdiyi istisna edilməməlidir. Bu mövzu üzrə araşdırmalarımız davam edir və Ceri Şalonun başçılıq etdiyi beynəlxalq şəbəkənin Azərbaycanda hansı bankdan istifadə etdiyini dəqiqləşdirməyə çalışacağıq.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın