Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Fərman Salmanlı – “Bələdiyyələr tənqiddən nəticə çıxarmalıdır”

Fərman Salmanlı – “Bələdiyyələr tənqiddən nəticə çıxarmalıdır”

Həm zəngin enerji ehtiyatlarına malik olan, həm də sabitlik və demokratiya şəraitində yaşayan ölkələrin sayı barmaqla sayıla biləcək qədərdir.

Belə azsaylı ölkələrdən biri də Azərbaycandır. Yaxın Şərqdə, xüsusən neft ölkələrində baş verən qanlı-qadalı hadisələr, oradakı acınacaqlı durum hər birimizə məlumdur. Buna rəğmən zəngin təbii sərvətlərə malik olan Azərbaycanda höküm sürən sabitliyin, əmin-amanlığın səbəbi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətdir, iqtisadi nailiyyətlərdir.

Aparılan iqtisadi siyasətin nəticəsi olaraq yeni-yeni istehasal sahələri yaradılmış, ölkədə qeyri-neft sektorunun inkişafına nail olunmuş, iqtisadiyyatın neft sektorundan asılılığı aradan qaldırılmışdır. Təbii ki, inkişaf təkcə iqtidasiyyat sahəsi ilə məhdudlaşmır. Abadlıq və quruculuq işləri bu gün ölkəmizin ən ucqar bölgələrində belə hiss edilməkdədir. Şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz günü-gündən gözəlləşir. Müasir tələblərə cavab verən yollar salınır, göz oxşayan binalar, körpülər, keçidlər tikilir.

Bəs ölkəmizdə bu qədər geniş vüsət almış abadlıq və quruculuq işlərində, sosial-iqtisadi inkişaf prosesində bələdiyyələr nə dərəcədə iştirak edə bilirlər? Fikrimizcə bu sahədə durum heç də qənaətbəxş deyil. Ötən ay keçirdiyi müşavirədə prezident İlham Əliyevin də dediyi kimi bələdiyyələrin fəaliyyəti görünmür. Vəziyyət elə bir haldadır ki, yerli özünüidarəetmə sahəsindəki durum dövlət başçısının da tənqidlərinə səbəb olub: “Bələdiyyə bir kənd yolunu tikib? Halbuki bu onun bilavasitə işidir. Bütün kənd yollarını dövlət büdcəsi hesabına, ya da Prezidentin Ehtiyat Fondunun hesabına biz tikirik. Bələdiyyə sadəcə olaraq, bir muzey idarəsidir. Buna son qoyulmalıdır”.

Prezident tərəfindən səslənən bu tənqidi qeyd vaxtında və yerində dilə gətirilmişdir. Çünki 15 ildir ki, fəaliyyət göstərən, vətəndaş cəmiyyətinin vacib strukturlarından biri kimi çıxış edən bələdiyyələr artıq formalaşmış bir qurum olaraq əhaliyə sanballı xidmətlər göstərməlidirlər. Təəssüf olsun ki, bələdiyyələr birbaşa onların funksiyasına aid olan yerli əhəmiyyətli problemlərin həllində aktivlik göstərə bilmirlər. Dövlət tərəfindən yaradılan yüksək səviyyəli şəraitin mövcudluğuna baxmayaraq yerli özünüidarəetmə qurumları onlara olan etimadı doğrulda bilməyiblər. Halbuki bu müddət ərzində daha səmərəli fəaliyyət göstərmək, cəmiyyəti, dövlət başçısını razı sala biləcək çalışmalar həyata keçirmək mümkün idi.

Ötən ilin iyun ayında Prezident Admnistrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də Şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli assosiasiyalarının təşkilatçılığı ilə bələdiyyə sədrlərinin III ümumrespublika toplantısındakı çıxışı zamanı bələdiyyələri haqlı olaraq tənqid etmişdir. Prezident Admnistrasiyasının rəhbəri çıxışı zamanı bələdiyyə sektorundakı çatışmazlıqları bu cür qruplaşdırmışdı: mühüm sosial əhəmiyyətli layihələrin həyata keçirilməməsi, iqtisadi və maliyyə resurslarının aşağı səviyyədə olması, peşəkar kadrların çatışmazlığı. PA rəhbəri haqlı olaraq bildirmişdi ki, ilk illərdə bələdiyyələr torpaq satışından əldə olunmuş gəlirləri gələcək üçün müəyyən davamlı gəlir mənbələri – müəssisələr və ya xidmət sahələri yaratmağa yönəltmədikləri üçün hazırda gəlir əldə etməkdə böyük çətinliklər yaşayırlar.

Dövlətimizin ali siyasi rəhbərliyi tərəfindən səslənən bu haqlı iradları aradan qaldırmaq üçün biz bələdiyyələr daha səmərəli fəaliyyət göstərməli və bizə göstərilən etimadı doğrultmalıyıq. Dövlət başçısının müşavirə zamanı səsləndirdiyi qeydlər bizlərin qarşısına qoyulmuş və tezliklə həll edilməli olan bir vəzifədir. Yerli problemlərin həlli üçün bələdiyyələrə ayrılan dotasiyaların düzgün sərf olunması istiqamətində ciddi proqramlar hazırlanmalı, təcili olaraq onların icrasına başlanılmalıdır. Bələdiyyələrin əsas maliyyə mənbəyi olan vergilərin və ödənişlərin vaxtında, düzgün bir şəkildə toplanması üçün yeni effektiv metodlar tətbiq olunmalıdır. Bələdiyyə maliyyəsi barədə münasibətlər “Bələdiyyələrin maliyyəsinin əsasları” haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Bu qanuna əsasən bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir. Bütün bu imkanlardan düzgün şəkildə istifadə olunmalıdır. Əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilməli, görülən işlərin həcmi və keyfiyyəti elə olmalıdır ki, hər bir kəs bunu öz həyatında hiss etsin. Bələdiyyədə seçkili və təyinatlı vəzifə tutan kadrların bilik və bacarıqlarının artırılması da mühüm məqamlardandır. Bu istiqamətdə də təcili çalışmalar görülməlidir. Çünki, təcrübəyə əsasən yetərincə maliyyə əldə edilərsə belə peşəkar kadrların yoxluğu maliyyədən istifadədə gözlənilən nəticəni verməyəcək. Maliyyədən səmərəli istifadə, yaranmış problemin həlli üzrə effektiv və çevik qərarların qəbulu, eyni zamanda verilmiş qərarların uğurlu icrası bələdiyyə kadrlarının peşəkarlığından, problemin düzgün həllini tapmaq və məsələlərə kreativ yanaşma tərzindən asılıdır.

Sonda qeyd etmək istərdim ki, yerli özünüidarəetmə qurumunun – bələdiyyənin təmsilçiləri olan bizlər dövlət tərəfindən yaradılmış bu qədər geniş imkan və resurslardan bacarıqla istifadə istifadə edərək prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqların öhdəsindən uğurla gəlmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. İqtisadi, maliyyə və kadr problemlərini aradan qaldırmaq, fəaliyyətimizi daha da gücləndirmək, gələcək inkişafı təmin edəcək, yerli əhəmiyyətli məsələlərin həlli üçün möhkəm zəmin yaradacaq addımlar ataraq nöqsanları həll edəcəyik.

Hökməli bələdiyyəsinin sədr müavini

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın