Ana səhifə / Gündəm / DAŞKƏSƏNDƏ TORPAQ DAVASI – VİDEO

DAŞKƏSƏNDƏ TORPAQ DAVASI – VİDEO

«Sahil-M» kiçik müəssisəsinin rəhbəri Nuriyyə Məmmədova: «Təsərrüfatıma ayrılmış 130 hektara yaxın torpaq sahəsindən istifadə edə bilmirəm, çünki torpağım icra başçısı Əhəd Abıyevin rəhbərliyi altında kənar yerlərdən gətirilən qoyun sürülərinin sahiblərinə satılıb»

Redaksiyamıza Daşkəsən rayonu, İ.Qayıbov küçəsi 45, ev 21-də yaşayan. “Sahil-M” kiçik müəssisəsinin rəhbəri Məmmədova Nuriyyə Cəlil qızının dövlət başçısı İlham Əliyevə ünvanlı müraciəti daxil olub. N.Məmmədova ona ayrılmış pay torpağından istifadə edə bilməməsindən şikayətlənir. Şikayətçi ona məxsus torpaq sahəsi üzərində pozulmuş hüquqlarının bərpa olunmasını istəyir.

Müraciətdə bildirilir:
«Hörmətli cənab Prezident!
Azərbaycan dövlətinin demokratik prinsiplərə söykənən qanunları var, lakin çox təəssüf ki, bəzi məmurlar şəxsi maraqlarını qanunlarımızdan və sizin tapşırıqlarınızdan üstün tuturlar. Bu isə xalqın sizə olan inamına kölgə salmaqdan başqa bir şey deyil.
14 ildən çoxdur Azərbycanda aidiyyəti üzrə elə bir dövlət orqanı qalmayıb ki, müraciət etməyim, lakin bəzi məmurlar tutduqları vəzifədən sui-istifadə etdikləri üçün haqsızlıqlarla üz-üzə qalmışam. Hamısı da deyir ki, məkəməyə müracət edim. Məkəmələrdəki ədalətsizliklər, haqsızlıqlar isə həmin məmurların atasına rəhmət oxutdurur.
Daşkəsən rayonuna təyin etdiyiniz icra başcısı Əhəd Abıyevin dilinə düz söz gəlmir, yalnız vətəndaşları aldadaraq şəxsi marağı üçün işləyir və hər hansı iclas olur-olsun, adiyyəti olsa da, olmasa da, məni təhqir edir. İşi-gücü torpaq alveridir. Sanki qanunlarımızın Daşkəsənin icra başçısı Əhəd Abıyevə və onun ətrafındakılara heç bir aidiyyəti yoxdur. Məsələn, icra başçısı Şahbaz Mehdiyev adlı şəxsi vasitəsilə istədiyi qiymətə vətəndaşların mülkiyyətini satdırır. Hüqüqunu tələb edən vətəndaş isə polisin təzyiqi ilə üzləşir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilsə də, Şahbaz Mehdiyev hazırda Daşkəsən rayon Kənd təsərrüfatı idarəsinin rəisi vəzifəsində çalışır və onu müdafiə edən Əhəd Abıyev kimi himayədarı var.
İcra başçısı Əhəd Abıyev beş ilin beş ayını Daşkəsəndə iş yerində olmayıb, keçirdiyi tədbirlərdə və iclaslarda isə ya yarım saat iştirak edir, ya da bir saat. Onda da ya vətəndaşları aldadır, ya da təhqir edir.
Məsələ ondadır ki, 2001-ci ildən bəri Daşkəsənə təyin olunan bütün icra başcıları yalnız şəxsi mənfəətləri üçün işləyiblər.
Hörmətli cənab Prezident!
Mən 1996-cı ildən fermer təsərrüfatı ilə məşğul oluram. Təəssüf ki, təsərrüfatıma ayrılmış 130 hektara yaxın torpaq sahəsindən istifadə edə bilmirəm, çünki torpağım icra başçısı Əhəd Abıyevin rəhbərliyi altında kənar yerlərdən gətirilən qoyun sürülərinin sahiblərinə satılıb. Satış işlərini isə qeyd etdiyim kimi, birbaşa Şahbaz Mehdiyev həyata keçirib. Bəzən otlaq sahələri 3-5 adama satılır. Bu barədə bir çox orqanlara müraciət etmişəm, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin «161 qaynar xətti»nə məlumat vermişəm, lakin bu günə dəqər heç bir xəbər yoxdur.
Mən pozulmuş hüqüqlarımın bərpasını istəyirəm. Ələkbər Abdullayev isə fermer təsərrüfatıma məxsus otlaq sahəsinin bir hissəsini Məsim Bağrova satıb. Halbuki mənin torpağa mülkiyyət hüququna dair dövlət aktım var (JN-0095, KOD: 50607018). Lakin hal-hazırda həmin əkin yerindən istifadə edə bilmirəm.
Bu barədə icra başçısı Əhəd Abıyevə müraciət etsəm də, deyir ki, «get, hara istəyirsən şikayət et, həmin şikayəti bizə göndərirlər, biz də onu zibil kutusuna atırıq».
Hörmətli cənab Prezident!
Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev vətəndaşların şikayətinə belə diqqət ayırır. Odur ki, xahiş edirəm, mənə kömək edəsiniz. Ümidim ancaq sizədir. Bu qədər haqsızlıq olmaz axı. Bu haqsızlıqlar olduğu üçün şikayətlərimə baxılmır, problem həll olunmamış qalır».
***
Şikayətçinin xahişi ilə problemlə yerində tanış olmaq üçün Daşkəsən rayonunda olduq, müraciətdə toxunulan pay torpaq sahələrini gəzdik.
Qəzetmizə video-müsahibə verən Nuriyyə Məmmədova dedi ki, o, maldarlıqla məşğuldur, əkin-biçin sahəsi var, amma problemləri də yox deyil. Bildirdi ki, təsərrüfatla məşğul olmaq üçün ona dövlət tərəfindən torpaq sahəsi ayrılıb, amma bu torpaqlardan istifadə edə bilmir. Onun sözlərinə görə, kənd camaatının pay torpaqları kənar adamlara satılır, onlar da mal-qara, qoyun-quzu sürülərini gətirib onun torpaqlarında otarırlar, haraya müraciət edirsə, baxmırlar, hüququnu tələb edəndə isə polisin təzyiqi ilə üzləşir.
N.Məmmədovanın iddiasına görə, kənardan gətirilən sürülər onun torpaq sahəsinə əsasən Daşkəsən rayon Kənd təsərrüfatı idarəsinin rəisi Şahbaz Mehdiyev tərəfindən yerləşdirilir.
N.Məmmədovanın sözlərinə görə, ötən ay kənd təsərrüfatı nazirinin qəbulunda olarkən təsərrüfatına məxsus pay torpaq sahəsinə müdaxilə olunduğu barədə məlumat verib. Bundan sonra Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin baş məsləhətçisi Zakir Nəbiyevin və rayonun aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə 24 iyun 2016-cı il tarixdə yerində araşdırma aparılıb, lakin bu günlərdə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayevin imzası ilə aldığı məktubda araşdırmanın nəticəsi qərəzli şəkildə saxtalaşdırılıb, guya torpaq sahəsinə müdaxilə olunmadığı müəyyən edilib: «Təəssüf ki, araşdırma aparan nümayəndələrin buradakı danışığı ilə mənə göndərilən məktubda yazılanların heç biri üst-üstə düşmür…»

Şahbaz Mehdiyev: «Əgər deyilən ərazi doğrudan da Nuriyyə Məmmədovanındırsa, qoy bunu təsdiqləyən hər hansı bir sənəd, arayış təqdim etsin»

Məsələ ilə bağlı Daşkəsən rayon İcra Hakimiyyəti rəhbərliyinin mövqeyini öyrənmək cəhdimiz alınmasa da, RİH-dən şikayətdə ünvanına ciddi ittihamlar irəli sürülən rayon Kənd təsərrüfatı idarəsinin rəisi Şahbaz Mehdiyevin telefon nömrəsini əldə edib onunla telefon əlaqəsi saxlaya bildik. Ş.Mehdiyev fermer təsərrüfatı ilə məşğul olduğunu iddia edən Nuriyyə Məmmədovanın “Sahil-M” kiçik müəssisəsinin hazırda fəaliyyət göstərmədiyini bildirdi: «Əgər həmin müəssisə fəaliyyət göstərirsə, bununla bağlı statistik hesabatı olmalıdır. Halbuki Nuriyyə Məmmədovanın adını çəkdiyi fermer təsərrüfatında nə bir baş xırdabuynuzlu heyvanı, nə də iribuynuzlu mal-qarası var. Nuriyyə Məmmədovanın şəxsi mülkiyyətində yalnız 20 hektar torpaq sahəsi var və o da özünün istifadəsindədir. Onun istifadəsində olan torpaq sahəsinə heç kim müdaxilə etməyib. O, iddia edir ki, guya onun torpaq sahəsini satıblar. Dövlət aktı, mülkiyyət hüququ olan mülkiyyətçinin topağını özünün razılığı olmadan kim sata bilər? Düzdür, vaxtilə Nuriyyə Məmmədovaya fermer təsərrüfatının inkişafı üçün torpaq sahəsi ayrılmışdı. Lakin sonralar o, həmin torpaqdan sırf alver məqsədi üçün istifadə edib, kənar yerlərdən gətirtdiyi qoyun sürüləri əhalinin otlaq sahələrinə ziyan vurub. Hətta məhkəmə qərarı ilə həmin zərər onun tərəfindən ödənildi. Əgər onun günahı yox idisə, cəriməni niyə ödəyirdi? Bu gün o, vaxtilə dövlət tərəfindən verilmiş həmin torpaq sahələrinin məhkəmə qərarıyla əlindən alınması ilə barışa bilmir. Ona görə də əsassız şikayətlərlə həmin torpaqların onun adına bərpa olunmasına çalışır. Bu da mümkün olan iş deyil, çünki onun fermer təsərrüfatına aid bir baş da olsun hevanı yoxdur. Əgər deyilən ərazi doğrudan da Nuriyyə Məmmədovanındırsa, buna görə sənəd, arayış təqdim etməlidir».
Adının şikayətdə hallanmasına gəlincə, Ş.Mehdiyev dedi: «Nuriyyə Məmmədovanın mülkiyyətində olan əlavə torpaq sahələri məhkəmə qərarı ilə əlindən alınarkən mən torpaq şöbəsinin müdiri olaraq onun topaq kadastrını təsdiqləmədim, ona görə də o, indi mənimlə prinsip aparır. Əgər ortada məhkəmə qərarı varsa, həmin sənədi necə təsdiqləyə bilərdim? Nuriyyə Məmmədovaya izah etdim ki, istifadəsində olan əlavə torpaq sahəsinin alınması barədə məhkəmə qərar qəbul edib və mənim həmin torpaq kadastrını təsdiqləmək səlahiyyətim yoxdur. Ona görə də hər yerə mənim barəmdə şikayət yazır. Lakin bildirmək istəyirəm ki, barəmdə edilən şikayətlər əsassızdır».
Şikayətdə adı keçən digər şəxsləri də dinləməyə hazırıq.
E.ŞİRİNOV

Həmçinin oxuyun

Elton Məmmədova məxsus şirkətin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın