Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Çovdarovun vəkili kimə belə güvənir?

Çovdarovun vəkili kimə belə güvənir?

Dünən Sabunçu rayon məhkəməsində davam edən Akif Çovdarovun və əlaltılarının məhkəməsində qalmaqal yaşanıb. Generalın vəkili Kamandar Nəsibov şahid qadın Nigar Məmədovanı təhqir edib. Qadının keçmiş əri, zərərçəkən Şahmar Qurbanov yerindən qalxaraq, Kamandar Nəsibova həddini aşmamasını və qadınla normal danışmağının lazım olduğunu xatırladıb.

Məhkəmə zalında olan digər zərərçəkənlərdən biri də vəkil Kamandar Nəsibova iradını bildirdikdə, vəkil bütün etika normalarını unudaraq, zərərçəkənə rusca “А ты засунь…” – deyə təhqiramiz ifadə ilə cavab verib.

Tərəfləri sakitləşdirməyə çalışan hakim Həbib Həsənov katiblərdən vəkilin qaba davranışı barədə protokola qeyd aparmalarını xahiş edib.

Birinci dəfə deyil ki, vəkil Kamandar Nəsibov qalmaqal mərkəzindədir. Bir müddət bundan öncə o, cəzaçəkmə müəssisəsindəki müvəkkilinə alt paltarında “fleşka” keçirmək istəyərkən penitensiar xidmətin əməkdaşları tərəfindən saxlanılmışdı. Təsadüfi deyil ki, vəkil bu gün cəllad-general Akif Çovdarova görə özünü “güllə qabağına atır”. K.Nəsibov həbsxanaya xüsusi vasitələri də elə A.Çovdarovanın tapşırığına əsasən daşıyıb.

Vəkilin bu hərəkəti “Vəkillik fəaliyyəti haqqında” Qanunun 23-cü maddəsini pozur və onun vəkillik fəaliyyətinin dayandırılmasına əsas verir. Ədliyyə Nazirliyi həmin məsələ üzrə cinayət işi də qaldırmışdı.

İş üzrə məhkəmə prosesi Qaradağ rayon məhkəməsində keçirilmişdi. Məhkəmənin hökmü ilə vəkil etikasını pozmaqda təqsirləndirilən K.Nəsibova böyük məbləğdə cərimə cəzası kəsilmişdi.

Amma buna baxmayaraq, K.Nəsibovu Vəkillər Kollegiyasından çıxarmadılar. Bu da Vəkillər Kollegiyasının sədri Azər Tağıyev tərəfindən qanunun tələblərinə etinasızlığının birinci hadisəsi deyil. Onun özünün dəfələrlə keçmiş MTN qulyabaniləri ilə qalmaqallı əlaqələrin mərkəzində olması da sirr deyildi.

Virtualaz.org saytı vəkil səlahiyyətlərinin pozulmasında dəfələrlə adı hallanan Kamandar Nəsibov barəsində hansı ölçülərin götürülməsi ilə bağlı Vəkillər Kollegiyasına müraciət edib. Vəkillər Kollegiyasından bildirilib ki, vəkil Kamandar Nəsibova qarşı Qaradağ Rayon Məhkəməsinin qərarından xəbərsizdilər.

“Bizə vəkil Kamandar Nəsibovla bağlı heç bir şikayətl daxil olmayıb. Onu ziyalı insan kimi tanıyırıq. Hesab edirik ki, məhkəmə zalında söyüş söyməz. Niyə siz onunla maraqlanırsınız? Biz jurnalistlərə fəaliyyətimiz haqqında məlumat vermirik”, – Vəkillər Kollegiyasının işlər müdiri Zərifə Əliyeva deyib.

Vəkillər Kollegiyası əməkdaşı K.Nəsibov barədə əsl həqiqəti gizlətməyə çalışıb və heç bir məlumat verməyib.

Əlbəttə, biz başa düşürük ki, K.Nasibov cəllad generalı külli miqdarda məbləğin qarşılığında müdafiə edir. Biz vicdan və ləyaqət haqqında bayağı və ritorik suallarla vəkilə müraciət etməyəcəyik. Bu, Kamandar Nəsibov üçün yüksək qiymət olardı. Düzdür, o vəkil borcunu yerinə yetirməsi və istənilən cinayətkarı müdafiə edə bilməsi ilə bağlı demoqoqcasına fəndlərini işə sala bilər. Amma nasist cinayətkarları vicdanlı vəkillər müdafiə etməkdən imtina ediblər. Çovdarov Nürnberqdə müttəhimlər kürsüsündə əyləşənlərdən daha pisdir. O öz xalqının göz yaşını töküb, qanını axıdıb. Hərçənd ki, hansı ləyaqətdən, ədəb-ərkandan söz açmaq olar? Ədəb-ərkan hara, Kamandar hara?

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın