Ana səhifə / Aktual / RAUF ARİFOĞLU ÇOVDAROVLARLA BAĞLI İTTİHAMLARA  CAVAB VERDİ: “Bizi Akif Çovdarovla əlaqələndirmək…”

RAUF ARİFOĞLU ÇOVDAROVLARLA BAĞLI İTTİHAMLARA  CAVAB VERDİ: “Bizi Akif Çovdarovla əlaqələndirmək…”

Sevinc Telmanqızının Ruslan Çovdarovla məlum müsahibəni necə çətinliklə, hansı diltökmələrdən sonra almasına mən və bütün kollektiv şahiddir. Ən ağır ittihamlarla mühakimə olunan MTN generalının oğlu hər gün atası ilə bağlı neqativ manşetlər verən qəzetə inanmırdı – inanmırdı ki, onun dedikləri olduğu kimi dərc olunacaq. Üstəlik, reportyorlarımız Çovdarovun kəndindən dönmüşdülər və oradan hazırlanan reportajlar ailəni də, kəndi də razı salmamışdı.

Ruslan Çovdarovla jurnalistimizin günlərlə davam edən dialoqlarının əksəriyyəti də yazışma şəklində olub və Ruslan Çovdarovun bizi necə qəzəblə suçlaması şrift informasiyası şəklində gözümüzdən keçib.

Sevinc xanım peşəkar jurnalist və həm də kökəncə gürcüstanlı olmasaydı, böyük ehtimalla, bu müsahibə alınmayacaqdı. Mən artıq əlimi üzmüşdüm və “olmursa olmasın”, deyə, son rəyimi də bildirmişdim. Lakin Sevinc israr etdi, günlərlə yazışdı, danışdı, inandırdı, onun getdiyi məkana – kitabxanaya getdi, nəhayət, oxuduğunuz müsahibələr ortaya çıxdı. Yəni bu məsələdə çovdarovları danışdırmaq üçün minnət-xahiş edən bizik. Marağımız vardı, Ruslan bir dəfə medaya – Pərviz Həşimliyə danışmışdı və bizim təkrar nəşr etdiyimiz o yazının tirajı onminlərlə İP idi…

İddia edirəm ki, bizim müsahibə də yaxşı alınıb, Sevinc xanımı təbrik edirəm. Çox sərt suallar verib, Çovdarova məhkəmə heyətinin soruşduqlarının bəzilərini oğlundan da soruşub. İstintaqın araşdırmadığı fraqmentə – həmkarımız Elmar Hüseynovun qətlə yetirilməsində Akif Çovdarovun roluna dair sualı isə həm cəsarət, həm də peşəkarlıq nümunəsidir. Adam sadəcə, durub gedə bilərdi və müsahibə alınmazdı…

“Lakin bizi öldüsü-qaldısı məlum olmayan Eldar Mahmudovla və cəza evində nəfəsini oksigen balışından alan Akif Çovdarovla əlaqələndirmək zəkamız və qabiliyyətimizlə məzələnmək kimi bir şeydir. Hanı, bəs biz Eldar Mahmudova və MTN-ə qarşı mübarizə aparan DİN-in qəzeti idik? “

Nəticədə bu müsahibə üst-üstə, saytımıza 60 min unikal İP gətirib. Peşəkar çevrədən çoxlu təqdir almışıq; sosial şəbəkələrdə müzakirə, mübahisə yaradıb. Xəbərimiz özü xəbər olub – ən böyük media uğuru sayılır bu. Sən bir xəbər (janrın fərqi yoxdur) yazırsan və bu, günlərlə müzakirə olunur, proses yaradır… Bax, qəzetin, medianın işi həm də budur.

 

co

Lakin təəssüflə qeyd etməliyəm ki, gözləmədiyimiz halda, bəzi media təmsilçiləri bu məsələdə bizə dil uzadır. Ən ağır cinayətlərdə suçlanan, bitib-getmiş, türmədən sağ çıxmayacağı bəlli olan bir suç generalına işləyirmişik. Nədənmiş əcaba, niyə belə “dərin” tikan batırırlar, bizə. Səbəb işimiz – Çovdarovun oğlundan yaxşı, diqqətçəkən bir müsahibə götürmüşük. Və bu, birilərinə imkan verir ki, bizi suçlasınlar. Qəzetimizi bütün güc nazirliklərinə yaxın olmaqda suçlamaları anladım; bunun bir sakıncası da yoxdur, bəzən faydası da olur. Lakin bizi öldüsü-qaldısı məlum olmayan Eldar Mahmudovla və cəza evində nəfəsini oksigen balışından alan Akif Çovdarovla əlaqələndirmək zəkamız və qabiliyyətimizlə məzələnmək kimi bir şeydir. Hanı, bəs biz Eldar Mahmudova və MTN-ə qarşı mübarizə aparan DİN-in qəzeti idik? (Bu cür yazanlardan birini ermənilərlə əlaqələrə və vətənə xəyanətə görə istintaqa çağırmışdılar, tuturdular; zağır, çox da qorxurdu; mən imkan vermədim, zamin durdum, çünki doğrudan da böhtan idi, adam ermənilərlə beynəlxalq layihələrdə iştirak etməkdən o yana getməmişdi. Lakin indi o hər fürsətdə bizə ünvansız böhtanlar yazmaqda, yaymaqda; Allah kömək olmuş elə yaxşı adamdı ki, pisliyi də mərhəmət doğurur). Mənə nə deyirlər desinlər, qəzetə də; heç bir problem yoxdur. Lakin təşəkkürə layiq bir layihəyə imza atan Sevinc Telmanqızını da hədəfə almağa təşəbbüs göstərmək namərdlikdi. Və bunu zamanında bizimlə bir ofisin havasını udan adam edirsə, üzücüdür…

“Mənə nə deyirlər, desinlər, qəzetə də; heç bir problem yoxdur. Lakin təşəkkürə layiq bir layihəyə imza atan Sevinc Telmanqızını da hədəfə almağa təşəbbüs göstərmək namərdlikdi. Və bunu zamanında bizimlə bir ofisin havasını udan adam edirsə, üzücüdür…”

Hər kəs anlamalıdır ki, qəzetçinin, jurnalistin işi budur: biz kimlərisə danışdırırıq – bunlar siyasətçilər də ola bilər, sadə vətəndaşlar da, müttəhimlər, cinayətkarlar, terrorçular da… Və biz bu adamları özümüz üçün deyil, oxucular, cəmiyyət, tarix üçün danışdırırıq. Burada xoşa gəlməyən məqamlar təbii ki, olacaq; gözünüzün qarşısında böyük cinayətlərdə suçlanan MTN generalının oğlunun cavabları varsa, heç şübhəsiz, mübahisə də, müzakirə də yaranacaq və bu, normaldır. Lakin, jurnalistə təşəkkür etməsəniz də, barı böhtan atmayın…

“Əl Qaida” lideri bin Ladendən müsahibələr alan jurnalistlər yaşayır və həmin müsahibələr hələ də arxivlərdə durur. Bizim müsahib Ruslan Çovdarov isə heç nə ilə suçlanmır, azadlıqdadır, Feysdə yazılar yazır və çoxlu virtual dostları var. Onun tək suçu Çovdarovun oğlu olmaqdırsa, BİZƏ DƏ ONU MƏHZ BU “SUÇU” maraqlı etmişdi. Akif Çovdarovun oğlu olmasaydı, bizim onunla nə işimiz vardı ki? Zamanında Hacı Məmmədovun doğmalarını danışdırdıq, evinə, bağına getdik, reportajlar hazırladıq. İndi ölkədə ən böyük məhkəmə prosesi Çovdarovla bağlıdır. Biz də bu adamın nəyi var, hər şeyini üzə çıxarıb, ictimailəşdiririk, yaxınlarını danışmaq üçün günlərlə dilə tuturuq. Özü, suallarımıza cavab yazsa, onları da dərc edərik. Sabah Eldar Mahmudovu tutacaqlar, onu mühakimə edəcəklər, eyni taktika ona və yaxınlarına tətbiq olunacaq.

“Bizim müsahib Ruslan Çovdarov isə heç nə ilə suçlanmır, azadlıqdadır, Feysdə yazılar yazır və çoxlu virtual dostları var. Onun tək suçu Çovdarovun oğlu olmaqdırsa, BİZƏ DƏ ONU MƏHZ BU “SUÇU” maraqlı etmişdi. Akif Çovdarovun oğlu olmasaydı, bizim onunla nə işimiz vardı ki”

Özümün rəyimə gəldikdə isə, Ruslanın açıqlamaları atası barədə mənim fikirlərimi dəyişdirmədi. Heç birinə inanmadım. Hesab edirəm ki, Akif Çovdarov barəsində məhkəmədə irəli sürülən suçlamalar doğrudur, hələ əskikdir və mən Çovdarovla bağlı araşdırmaçı jurnalist Eynulla Fətullayevin ittiham və məlumatlarını paylaşıram, onlara inanıram. Çünki həmkarım bu barədə Çovdarov həbs olunmamışdan öncə, onun ən güclü zamanlarında dəfələrlə yazmış, danışmış, öz ittihamlarını tarix üçün sübuta çevirmişdi. Ona da inanıram ki, Akif Çovdarov və onun dəstəsi ilə bağlı daha bir mərhələ olacaq və orada Elmar Hüseynovun qətlə yetirilməsi fraqmenti də yer alacaq.

O zaman üçün də jurnalist kimi fəaliyyət və missiyonumuzu davam etdirəcəyik.

Rauf ARİFOĞLU

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın