Bazar , Oktyabr 25 2020
Ana səhifə / Gündəm / Büdcə pullarını əkişdirən 2 manatlıq şirkətlər necə aradan çıxır

Büdcə pullarını əkişdirən 2 manatlıq şirkətlər necə aradan çıxır

Lənkəran və Masallı rayonlarının kəndlərində bir neçə şəxs tərəfindən yaradılan və qeydiyyatdan keçdikləri ünvanlara heç bir bağlılığı olmayan, bütün fəaliyyətləri ancaq büdcə vəsaitləri hesabına keçirilən tenderlərə qatılmaqdan ibarət olan 20 şirkət bağlanmaq üçün Vergilər Nazirliyinə müraciət göndərib. 

Vergilər Nazirliyinə göndərilən sorğuda göstərilir ki, həmin şirkətlərin təsisçiləri onların fəaliyyətinin dayandırılmasına qərar verib.

İlkin araşdırmalar göstərir ki, bu şirkətlərin işi-gücü dövlət satınalmalarında iştirak etmək olub. Onların qalib elan edildiyi satınalma prosedurları üzrə 2010-2014-cü illərdə rəsmi açıqlanan müqavilələrin toplam dəyəri 3,7 milyon manatı aşır. Həmin şirkətlərin nizamnamə kapitalı isə 2-10 manat arasında göstərilib.

Ekspertlər, eləcə də dövlət nəzarət orqanlarının nümayəndələri deyirlər ki, qanunvericilikdəki müəyyən boşluqlar haradan idarə olunduqları məlum olmayan bu cür şirkətlərin əl-ayaq açmasına şərait yaradır.

Lənkəran və Masallı rayonlarının kəndlərində bir neçə şəxs tərəfindən yaradılan və qeydiyyatdan keçdikləri ünvanlara heç bir bağlılığı olmayan bu şirkətlərin maraqlı “uğur hekayələri” var: dövlət qeydiyyatına alındıqdan az sonra dövlət satınalmalarına qatılır və irili-xırdalı, bəzən xarakterinə görə diametral fərqli müsabiqələrin qalibi olurlar.

Söhbət Satınalmalar üzrə Dövlət Agentliyinin (SDA) açıqladığı ən azı 123 kotirovka və tenderdən gedir.Satınalan təşkilatlar əsasən rayon təhsil, səhiyyə, mədəniyyət şöbələri, yerli icra hakimiyyətləri və icra nümayəndəlikləri, xəstəxanalar və Dövlət Sərhəd Xidmətinin hərbi hissələridir.

Bu sifarişləri yerinə yetirmək üçün həmin şirkətlər ölkənin “başından vurub, ayağından çıxmalı” olublar.

Hər halda hesabatlardan belə nəticə hasil etmək olar. Yerinə yetirilən işlər arasında cari və əsaslı təmir işlərindən tutmuş, müxtəlif avadanlıq, inventar və ləvazimatın alınmasınadək müxtəlif işlər var.

Dövlət satınalmalarından başqa adı heç yanda çəkilməyən bu şirkətlərin ləğv edilməsi cəhdini isə mütəxəssislər “izin itirilməsi” istəyi ilə əlaqələndirirlər. Müşahidələr göstərir ki, onların yerini yeniləri tutur.

Azərbaycanda 2012-ci ilin yayından şirkətlərin təsisçilərinin adları və onların təsis payları barədə məlumatlar qanunla konfidensial elan edilib.

Buna görə də sözügedən şirkətlərin əksəriyyətinin təsisçiləri, onların işgüzar reputasiyası haqda heç bir rəsmi və ya qeyri-rəsmi məlumat yoxdur.

“Tural-AH” və “Əhliman” MMC-ni yaratmış Camal İmanov, “Sovqat-M” və “Cənub-2000” MMC-ni ayrı-ayrılıqda təsis etmiş Elnur və Elşad Səfərov qardaşları haqda biznes dairələrində heç nə eşitməzsiniz.

Ləğvinə qərar verilmiş 21 şirkətin yalnız birinin adı (“Dəmirağac” MMC, Masallı rayonu, Qəriblər kəndi) indiyədək KİV-də hallanıb: 3762 manat məbləğində vergi borcuna görə 3410 manatlıq məişət avadanlığı siyahıya alınıb.

“Şəffaflıq-Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin direktoru Rəna Səfərəliyeva “Azadlıq” radiosuna deyib ki, mənşəyi və ixtisas uyğunluğu şübhə doğuran təchizatçıların dövlət satınlamalarına çıxışını əngəlləmək üçün qanunvericilikdə sərt tələblərin müəyyən olunmasına ehtiyac duyulur.

Belə ki, dövlət qurumlarının təchizatçısı statusunu qazanmazdan öncə şirkətlərin bir neçə illik təcrübəsi olmalıdır.

““Dövlət satınalmaları haqqında” qanuna korrupsiya riskini aradan qaldırmağa yönəlik bir sıra düzəlişlər edilməlidir.Məhz bundan sonra dövlət satınalmalarının keyfiyyəti artar, rəqabət mühiti sağlamlaşar” – R.Səfərəliyeva belə hesab edir.

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …

Bir cavab yazın