Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Gündəm / “Baku Steel Company”nin sahibi işsiz qoyduğu işçilərdən 5 milyon tələb edir

“Baku Steel Company”nin sahibi işsiz qoyduğu işçilərdən 5 milyon tələb edir

Ramiz Əhmədov: “Biz prezidentə müraciət ediriksə, Rasim Məmmədov bunu özünə niyə təhqir hesab edir?”
“Baku Steel Company” MMC-nin sahibi Rasim Məmmədov məhkəməyə üz tutub. MMC sahibi cavabdehlər “Bakıelektroştamp” zavodunun icraçı direktoru Ramiz Əhmədov, zavodun meneceri Adilxan Musayev, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərindən 5 milyon manat tələb edir. R.Məmmədov iddia edir ki, ötən il noyabrın 19-da dərc edilən “Zülfüqarlı qardaşlarının zavodlarında çalışanlar prezidentə müraciət etdilər”

(http://musavat.com/news/olke/zulfuqarli-qardashlarinin-zavodlarinda-chalishanlar-prezidente-muraciet-etdiler-video_306104.html) sərlövhəli yazıda yer alan məlumatlar şərəf və ləyaqətini alçaldıb, işgüzar nüfuzunu ləkələyib.

Nizami Rayon Məhkəməsinə ötən ilin dekabrında daxil olan iddia üzrə ilkin baxış iclası fevralın 24-nə təyin olunub. Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən “Bakıelektroştamp” zavodunun icraçı direktoru Ramiz Əhmədov bildirib ki, iddia əsassızdır və onları, mətbuatı susdurmaq cəhdindən başqa məqsədə xidmət etmir: “Prezidentə müraciət etmək nə vaxtdan kiminsə şərəf və ləyaqətinin alçaldılması hesab olunur? Rasim Məmmədov bu gün böyük əmək kollektivlərini işsiz qoyub. Onların normal yaşayış hüququnu məhdudlaşdırıb. İşləmələrinin, ailələrini dolandırmalarının qarşısını almış olub. Bu gün zavodların əmək kollektivləri içi biz qarışıq, işsiz qalmışıq. Bizim haqqımızı kim verəcək? Məgər bu bizlərin şərəf və ləyaqətimizin tapdanması demək deyil? Başqasının əmlakını zəbt etməyin adı nədir? Biz prezidentə müraciət ediriksə, Rasim Məmmədov bunu özünə niyə təhqir hesab edir? Biz üzləşdiyimiz qanunsuzluqlarla bağlı prezidentə müraciət etmişik. Prezident hər bir vətəndaşın qarantıdır. Dediklərimizin üstündə qalırıq”.

Ramiz Əhmədov deyir ki, Rasim Məmmədovun iddia etdiyi videomüraciətdə (https://www.youtube.com/watch?v=kdPximlQYVc ) heç bir təhqir elementi yoxdur: “Prezidentin sahibkarlara qarşı diqqətindən bəhrələnib haqq səsimizi cənab İlham Əliyevə çatdırmaq istəyirik. Sahibkarların əmlaklarının geri qaytarılmasını istəyirik. Rasim Məmmədov törətdiklərini ört-basdır etməyə, bizləri susdurmağa çalışır. Düşünür ki, bizləri məhkəmələrə çəkməklə haqq səsimizi batıracaq. İddiasında yazır ki, Ramiz Əhmədov özünü icraçı direktor kimi qələmə verir. Bu, sadəcə, gülməlidir. Mən zavodun icraçı direktoruyam. Təbii ki, buna görə də zavodun fəhlələri mənə, mən də sahibkarlara müraciət edirəm, əmək kollektivlərinin ağır durumunu çatdırıram. Zavodların sahibləri bu gün Rasim Məmmədovun hədələri nəticəsində mühacir həyatı yaşayırlar. Rasim Məmmədov bilir ki, gec-tez bizim haqq səsimiz prezidentə çatacaq və bizim zavodlar öz qanuni sahiblərinə qaytarılacaq.

Ona görə də bunun qarşısını almaq üçün hər vasitəyə əl atır, məhkəmələri əsassız iddialar verməklə öz məqsədlərinə çatmaq üçün ədalət qurumlarından istifadə etməyə çalışır. Rasim Məmmədov iş yerləri açmaq əvəzinə zavodları sahiblərindən alıb viranə qoydu. Əmək kollektivlərini işsiz qoydu. Həmin zavodları bizlər böyük zəhmət, investisiyalar hesabına qurub yaratmışdıq. Dövlətimizə vergi ödəyib vətəndaşlarımızı işlə təmin edirdik. Aldılar və məhv etdilər. Məhkəmədə tələb edəcəyik ki, gedib zavodlara yerli baxış keçirilsin, qoy hakimlərin özləri də görsünlər ki, iddiaçı bu xalqa, dövlətə qarşı hansı iqtisadi sabotajı həyata keçirib”.

R.Əhmədov bildirdi ki, 2010-cu ilin dekabrında Rasim Məmmədov “Bakıpoladtökmə” zavoduna gələrək sahibkarı hədələyib: “O, zavoda gələndə orada 800 nəfər çalışırdı. Deyir ki, guya biz zavoda basqın etdiyini deməklə ona böhtan atırıq. Amma bunun şahidləri var. Rasim Məmmədov zavoda gəlib və sahibkar Loğman Zülfüqarlını hədələyib. Zavodu adına dövr etdikləri çoban Gəray Məmmədov ümumiyyətlə o zavodda olmayıb.

Rasim Məmmədov devalvasiyalar zamanı yoxsullaşıbsa, ona məsləhət görürəm ki, çoxmilyonluq avtomobil kolleksiyasından 1 maşını satsın. İşğal etdikləri zavodları sahiblərinə qaytarıb, iqtisadi sabotajdan əl çəksinlər”.

Qeyd edək ki, iddianın əsaslandığı müraciətdə Ramiz Əhmədov bildirirdi ki, böyük zəhmət və sərmayə hesabına işləri bərpa edilən və ixracyönlü uğurlu fəaliyyətə başlayan “Bakı Poladtökmə”, “Bakı Elektroştamp” zavodları bu gün işlərini tamamilə dayandırıb.

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …

Bir cavab yazın