Bazar ertəsi , May 27 2019
Ana səhifə / Gündəm / AXCP-dəki döyülmə faktının şok pərdəarxası… – FOTOLAR

AXCP-dəki döyülmə faktının şok pərdəarxası… – FOTOLAR

Sabiq şöbə müdirinin döyülməsinə səbəb nədir? Ağaşirin Tanrıverdioğlu “Yeni Müsavat”a sensasion faktlar açıqladı; Sahib Kərimli etdiyi zorakılığa aydınlıq gətirdi

Ağaşirin Tanrıverdioğlu: “Döyməyə başladılar…”
 
Sahib Kərimli: “Vurduğum şillənin hüquqi qiymət alması vacibdir”
AXCP-nin Nərimanov təşkilatının sabiq şöbə müdiri, partiyadan qovulan Ağaşirin Tanrıverdioğlu iyulun 1-də axşam saatlarında döyülüb. Mətbuata açıqlamasında sabiq şöbə müdiri keçmiş partiyadaşı, qurumun Rəyasət Heyətinin üzvü Sahib Kərimli tərəfindən fiziki təzyiqlərə məruz qaldığını bildirib.
Qeyd edək ki, bu Azərbaycanda Feysbukla bağlı nadir siyasi cinayətlərdən biridir.
“Yeni Müsavat”a açıqlamasında A.Tanrıverdioğlu başına gələnləri belə nəql etdi: “Mən Razi Nurullayevlə görüşdüm. Mənə dedi ki, Sahib Kərimli səndən narazıdır, nə məsələdir? Dedim ki, səbəbini bilmirəm, nə lazımdısa ona etdim. Sadəcə o, mənə biganəlik etdi. Bildirdim ki, onunla heç bir problemim yoxdur. Razi bəy ondan danışmamağımı xahiş etdi. Söhbət bir həftə əvvəldən olub. Bundan sonra Rafiq Daşdəmirli məni cəbhəçilər olmayan gizli bir yerə çağırdı. Söhbət etdik. O da mənə dedi ki, Sahibin sənə qarşı olan aqressiyasından mən də xəbərdaram. Planlarımızın pozulmaması üçün susmağımı xahiş etdi. Açıq şəkildə dedim ki, Sahib kafedən bayıra çıxmır, narazı elektorat artıq onu qəbul etmir. Ona görə qəbul etmir ki, o, özündən arxayındır. Yalandan deyir ki, filan yerdə 200, nə bilim 300 adamım var. Onun bu qədər gücü olsa, mən də ona yetərincə yardımımı edərəm. Arzuman Məcidlidən başqa o partiyada onun adamı yoxdur. Kiməsə pul verməklə, pivə almaqla nəticə qazanan deyil. Bunları Rafiq bəyə də dedim. Bununla söhbət qapandı. Facebookda satirik status yazdım. Razi, Rafiq və Arzuman bəyin də adı hallanırdı. Arzuman bəy mənə dedi ki, bu söhbət sənə baha başa gələcək. Əhəmiyyət vermədim”.
Sabiq şöbə müdiri döyülmə səbəblərindən də danışdı: “Baş verənlərdən sonra qərar verdim ki, narazı elektoratı toplayıb, təşkilat yaradaq. Müsavatda da bu cür insanlar var. Xalq gəncləşmə görür, gəncliyi istəyir. Gənc olmasam da, qoca da deyiləm. Cəmiyyətin yeni təşkilat görməsini istədim. Artıq işlərin Sahiblik olmadığını anladım. Bunlar da eləməzlər tənbəllik, hamısını Sahibə çatdırarlar. Sadiq dost hesab etdiklərim Razi Nurullayev, Rafiq Daşdəmirli Sahibə xəbər verərlər. O da zəifləyəcəyini duyub, oturduğum kafedə mənə hücum etdi. Yanında 25 yaşında idmançıya oxşar şəxs də var idi. Salamsız-kəlamsız Sahib mənə dedi ki, Ağaşirin sən mənə neyləyə bilərsən? Çaya dəvət etdim. Gördüm ki, yanında olan şəxs də üstümə gəlir. Ayağa qalxmaq istəyəndə, başıma zərbə endirdi. Döyməyə başladılar. Ara-sıra cavablarını verirdim. Amma iki nəfər idilər. Camaat aralayandan sonra Sahib açıq şəkildə dedi ki, səni məhv edəcəm. Sonradan kafeyə gələn Arzuman da onu müdafiə etdi”.
Ağaşirin Tanrıverdioğlu
A.Tanrıverdioğlu polisə şikayət etdiyini söylədi: “Qanun çərçivəsində 18-ci polis bölməsinə şikayət etdim.  Tibbi ekspertizadan keçdim. Məcbur olub, kirayə qaldığım yeri də dəyişdim. Çünki Sahib çinli məmurlarla sıx iş əlaqəsindədir. Xəsarət yetirə bilərlər. Sizin qəzetiniz vasitəsilə Ramil Usubov, Eldar Mahmudova müraciət edirəm ki, təhlükəsizliyimə təminat versinlər. Sahib və dəstəsi məni öldürə bilərlər. Onun partiya sədri olmaq şansları itdiyindən bu yola əl atıb. DİN və MTN-nə teleqram vuracam. Çünki AXCP Rəyasət Heyətində ölümümə qərar verilib. Bunu da yerinə yetirəcək şəxs Sahib Kərimlidir. Başıma bir iş gəlsə, hakimiyyətdə görəcəklər. Amma bilin ki, belə deyil. Bu işin arxasında partiya rəhbərliyinin dayandığını deyə bilmərəm. Ən azından insanlıq buna imkan verməz. Bu işlərin arxasında Sahib, Rafiq, Arzuman və Razi Nurullayev durur. Bunlar hər an mənə qəsd edə bilərlər. Sizin qəzetdən bu barədə kömək istəyirəm. Sahib dövlət məmurları tərəfindən zənginləşib. O, hər şeyi edə, qan da batıra bilər. O, belə işlərdə çox səriştəlidir. Onu bu gün tanımıram. Həbsdə olarkən kreditlərini bağladığımız şəxs indi cangüdənlə gəzir. Maliyyə mənbəyi dövlət dairələrindən qaynaqlanır. Mənə qarşı terror olduğu üçün, siyasi hadisə olduğundan sizə geniş müsahibə verirəm. Güc nazirliklərindən xahiş edirəm ki, təhlükəsizliyimə təminat versinlər. Məni polis bölməsinin müavini qəbul etdi. Ona da dedim ki, Sahibin arxasında hansısa çinli məmur dayanır. Söz verdilər ki, kimin durmasından asılı olmayaraq, məsələ araşdırılacaq”.
Sabiq şöbə müdiri yaxın günlərdə açıqlayacağı faktların anonsunu da verdi: “Gələn həftə mətbuat və cəmiyyətə real faktlar açıqlayacam. Suraxanıdan üç gənc qovularkən Sahib Kərimli mənə nə dedi? Ondan bir gün sonra AXCP-nin Rəyasət Heyətinin toplantısı keçiriləcək Həsən Kərimovun evinin qarşısında mən tərəfdən aksiya olmalı idi. Niyə pozuldu? Arzuman Məcidli Sahib Kərimlinin yanında hansı işləri yerinə yetirir? Arzuman bəyin Əli Kərimliyə, Həsən Kərimova, Gözəl Bayramlıya olan nifrəti haradan qaynaqlanır? Onu Sahibə bağlayan nələrdir? Rafiq mənimlə partiyanın bir fraksiyasını əlinə keçməsi üçün hansı söhbətləri edib? Hansı rayonları aramızda bölüşdürmüşük? İki Rəyasət Heyəti üzvünün Razi Nurullayev və Əli Kərimli ilə olan əlaqələri, onların iç üzünü bazar ertəsi açıqlayacam”.
Sahib Kərimli də öz növbəsində iyulun 1-də baş verən hadisələrlə bağlı facebookda status paylaşıb:“Ağaşirin Tanrıverdioğlu illərlə tanıdığım cəbhəçidir, bu yaxınlarda o partiyadan xaric edilib. Bundan sonra qəzet və saytlara partiya rəhbərliyi haqqında müsahibələr verməyə başlayıb.
İlkin olaraq bildirirəm ki, mən ona şilləni partiya mənafeyini qorumaq üçün və ya fərqli siyasi baxışlarına görə vurmamışam.
Tənqidə dözümlə yanaşmağı daim təbliğ edən bir siyasi xəttim olub, özüm də bəzən çox sərt tənqidlər etmişəm. Ümumiyyətlə zora qarşıyam, vurduğum şillənin hüquqi qiymət alması vacibdir, bunu mən özüm tələb edirəm.
Son dövrlər ölkə siyasətində, ictimai sektorda bir-birini təhqir etmə geniş yayılıb. Söyüş, təhqir, aşağılanma və dəyərsizləşdirilmədən demək olar ki, bütün fəal və seçkin fərdlər əziyyət çəkir.
Hüquq ictimai əxlaqın tənzimləyə bilmədiyi məsələyə müdaxilə edərkən siyasi amilləri nəzərə almamalıdır. Siyasi mövqeyimə görə mənə münasibətdə ifrata varırlarsa, qarşı tərəfin aşağıda açıqlayacağım əməlləri nəzərə alınmazsa, deməli bu ölkədə söyüşdən əziyyət çəkən iradə sahibləri hallarından məmnundular”.
AXCP funksioneri gəlirləri barədə də məlumat verib: “Bildirmək istəyirəm ki, 17 illik siyasi fəaliyyətim dövründəki gəlirlərim barədə şəffaf hesabat verə bilərəm. Bir neçə biznes sahələrində fəaliyyət göstərmişəm. 1999 – 2004 cü illər ərzində çap məhsullarının istehsalı və satışı ilə məşğul olmuşam. 2006 – 2011 -ci illər ərzində Mingəçevir şəhərində mobil telefon alış – satışı ilə məşğul olan şərikli biznesim olub. 11 saylı Ərazi Vergilər İdarəsində nümunəvi vergi ödəyicisi olmuşuq. 2011 – ci ildə məlum 2 aprel hadisələrinə görə həbs edilmişəm, həbsdə olduğum müddətdə biznesim dayandırılıb, ciddi ktedit borcum yaranıb. Bütün əmlakımı ( ev, maşın və s ) sataraq, həbsdən sonra borc öhdəliklərimi qaytarmışam. Hal – hazırda kreditlə bir avtomobilim var və kirayədə yaşayıram. Təqribən 8 aya yaxındır ki, yaxın qohumumla birlikdə, Bakı şəhərində kafe icarəyə götürmüşük. Kafenin zirzəmisindən şəxsi ofis kimi istifadə edirəm, oranın işlədilməsi qohumumun üzərindədir “.
Sahib Kərimli sabiq şöbə müdirinə etdiyi köməkdən də danışıb: “Ağaşirin Tanrıverdioğlu dəfələrlə mənə maddi köməklə bağlı müraciət edib və mən ona köməklik etmişəm. Və bu zaman bunu çox təbii qəbul etmişəm, çünki mən özüm də işləmədiyim ( xüsusilə həbsdən yeni çıxdığım dönəm ) vaxtlarda müxtəlif yaxın adamlardan borc və ya kömək istəmişəm. Təbii ki , problemi həll etdikdən sonra öhdəliklərimi yerinə yetirmək şərtilə. Partiya rəhbərliyi haqqında müxtəlif ifadələr səsləndirməyə , müxtəlif qüvvələrin onu istiqamətləndirməyə başladığı dövrdən sonra, Ağaşirin Tarıverdioğlu tez-tez maddi köməklə bağlı müraciət etməyə başladı. Son vaxtlar isə bunu tələb kimi səsləndirirdi.
Bir neçə dəfə kafeyə gələrək pulsuz yeyib – içiblər. Əvvəlcədən mənə zəng edib, kafeni işlədən qohumumun onlardan pul almamasını xahiş edib. Son dönəmlər isə, xüsusilə qəzetlərə müsahibələr verdikdən sonra tələbləri şantaj xarakterli idi. Kafeni işlədən qohumum mənə zəng edib bildirdi ki, Ağaşirin və yanındakılar yeyib – içiblər və hesabı ödəməkdən imtina edirlər. Mən Ağaşirin və dostlarına bundan sonra heç bir güzəşt edilməməsi ilə bağlı tapşırıq verdim və telefon zənginə cavab vermədim. Aşağıdakı fotolarda onun müxtəlif nömrələrdən göndərdiyi mesajlar yer alıb.
Bundan sonra Ağaşirin Tanrıverdioğlu müxtəlif yerlərdə haqqımda aşağılayıcı ifadələr işlədib, ictimai nüfuzuma zərbə vurmağa çalışdı. İrəli gedərək guya mənim hakimiyyətlə əlaqələrimi bilir və mənim ona haqq vermək öhdəliyim var. Bütün bunlardan sonra mən yenə də müəyyən şəxslər vasitəsilə onu sayğılı olmağa dəvət etdim. Təəssüf ki, məni təhqir etməyə davam etdi. FB – də yazdığı təhqiramiz statusdan sonra (aşağıda fotolarda ) mən yenə dostlardan xahiş etdim ki, onunla danışsınlar.
O isə heç kimə məhəl qoymadan daha da irəli getdi və mənim şəxsiyyətimi alçaldan ifadələr işlətdi. Dünən təsadüfən Nərimanov rayonunun ərazisindəki parkda gəzişərkən Ağaşirini gördüm, ona yaxınlaşıb əməllərindən çəkilməsini məsləhət bildim. “Əcəb edirəm” dedikdən sonra ona bir şillə vurmuşam. Ona xəsarət yetirmək niyyətim olmayıb, bu şillə Ağaşirin bəy üçün əslində faydalı olacaq. Ondan istifadə edirdilər, yəqin ki, düşünməyə məcbur olacaq.
İctimaiyyətə isə demək istəyirəm ki, münasibətlərin sivil və hüquqi yollarla tənzimlənməsindən yanayam, məsuliyyətimi dərk edirəm, hər kəsin xəta törətmək şansı var.
İnanıram ki, bu hadisə ictimai sektorda təhqir elementlərinin azalmasına səbəb olan müzakirələrə yol açacaq. Heç kim bu hadisənin məsuliyyətindən yayınmamalıdır və sui  – istifadə etməməlidir. Daha təmkinli ola bilərdim, ancaq təhqir elementlərinin ağır olması məni məcbur etdi ki, bu inzibati xətanı törədim”.

Həmçinin oxuyun

REKTORUN 200 MİNLİK YENİ AVTOMOBİLİ – “Bir neçə aydır bu lüks maşından istifadə edir” (FOTO)

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva özünə lüks avtomobil alıb. Bakupost.az-ın əldə etdiyi məlumata görə, …

Bir cavab yazın