Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Gündəm / Atalar niyə aliment ödəmək istəmir? – ARAŞDIRMA

Atalar niyə aliment ödəmək istəmir? – ARAŞDIRMA

Azərbaycanda alimentlə bağlı məhkəmə qərarlarının icrasında ciddi problemlərin olduğu bildirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə son on ildə 30 minə yaxın müraciət, 7 796 şikayət daxil olub. Şikayətlərdən 2107-si məhkəmə qərarlarının icra olunmaması, 1593-ü məişət zorakılığı, 1284-ü inzibati orqanların fəaliyyəti ilə bağlı olub”. Bu fikirləri dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasının 10-cu ildönümündə sözügedən qurumun şöbə müdiri Taliyyə İbrahimova deyib. Şöbə müdiri bildirib ki, bu gün Azərbaycanda alimentlə bağlı məhkəmə qərarlarının icrasında ciddi problemlər var: “Dövlət Komitəsinə alimentlə bağlı məhkəmə qərarlarının icrasında yaranan problemlər¬lə bağlı daha çox müraciət daxil olur. İkinci sırada isə məiş¬ət zorakılığı ilə bağlı müraciətlər gəli¬r”.
Məsələyə münasibət bildirən “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da qeyd edib ki, hazırda ölkədə, təxminən, 65-70 faiz boşanan qadınlar aliment ala bilmir: «Bəzən icraçılar bu məsələdə passiv olurlar, çox vaxt kişilər bundan yayınaraq ölkəni tərk edirlər və yaxud da çox cüzi əməkhaqqı ilə bağlı arayış təqdim edirlər. Yəni, kişilər aliment verməmək üçün hər yola əl atırlar. Digər tərəfdən, işsiz ata Məşğulluq Mərkəzindən həqiqətən işsiz olduğunu təsdiq edən arayış təqdim etməlidir və idarədə qeydiyyata düşməlidir. Belədə ödəmə müddəti uzadıla bilər. Amma bu da müəyyən vaxtadək mümkündür. Əgər ata təyin olunmuş məbləğdə alimenti ödəmirsə, 2 dəfə xəbərdarlıqdan sonra məsuliyyətə cəlb olunur. Ata hələ işə düzəlmədiyini əsas gətirib, aliment ödəməkdən imtina da edə bilər. Bu zaman məcburi işə cəlbetmə reallaşa bilər. Amma bu da istismar xarakteri daşıdığından buna gedilmir. Məsələ burasındadır ki, insan yaşayırsa, deməli, haradansa gəliri var. Kimsə ona əl tutur, kömək edir, ailədə yaşayırsa, ailənin digər üzvlərinin gəliri var və s. Prosesi məhkəmə qərarlarının icrasına məsul olanlar daim diqqətdə saxlamalıdır. Atanın gəlir mənbəyi müəyyən edilməli və o, aliment ödəməyə məcbur edilməlidir. Bu isə çox zaman baş vermir və zərərçəkən də ana və körpə olur. Aliment ödənməsi problemində ən yaxşı üsul Aliment Fondunun yaradılması olardı. Bir ara bu məsələ gündəmə gəldi, amma nədənsə, sonra arxa plana keçdi. Aliment Fondunun yaradılması o baxımdan müsbət olardı ki, alimentdən yayınma halları olanda dövlət işə qarışacaq. Aliment ödənmədikcə borclar yığılıb qalır. Bu zaman hökumət strukturları fəaliyyətə keçir. “Qaçaq ata”nı axtarıb-tapırlar və ondan dövlətə olan borcların ödənilməsi tələb edilir». Onun sözlərinə görə, alimentin ödənməsi həm də mənəvi bir məsələdir: «Ata, ilk növbədə, övladını düşünüb, onun heç olmasa, minimum yaşayışını təmin etməyə borcludur. Bir halda ki, atadan hökumət güclə aliment alır, onun özünü ata adlandırmağa mənəvi haqqı çatmır. Ancaq vəziyyət belə kritikdirsə və “atalar” get-gedə uşaqlarına çörək pulu verməkdən yayınırlarsa, Aliment Fondunun yaradılması aktuallaşır və dövlət strukturlarının məsələyə ciddi müdaxilə etməsi zərurəti artır. Ümid edirik ki, Aliment Fondunun yaradılması tezliklə reallaşar».
M.Zeynalova alimetin ödənilməməsi ilə bağlı onlara da kifayət qədər müraciət daxil olduğunu bildirib: «Təbii ki, bizə də kifayət qədər müraciətlər olunur. Baxmayaraq ki, bu məsələ ilə də bağlı cinayət təqibi nəzərdə tutulur. Əslində, insanlar bəzi hallarda alimenti ödəməyi qadına görə etmək istəmir. Mən pulumu o qadına vermərəm kimi fikirlərlə öz əməllərini əsaslandırırlar. Bu, kökündən yanlış fikirdir. Aliment uşaq üçün ayrılmış vəsaitdir. Bəzən həmin vəsait heç də uşağın tam ehtiyaclarını ödəməyə çatmır. Odur ki, belə qisas vasitəsindən istifadə edən atalar ilk növbədə uşaqlarından qisas almış olur. Alimentdən yayınmaq üçün hətta yaşayış yerini dəyişən, miqrasiya edib ölkədən gedənlər var. Düzdür, bəzən qadınlar tərəfindən də alimentdən imtina halları olur. Lakin bu fikir də yanlışdır. Çünki bu vəsait qadın üçün yox, uşağın normal inkişafı üçün ayrılıb. Qadın uşağının inkişafında yaranacaq çətinlikləri süni şəkildə artırmamalıdır».
Məsələyə münasibət bildirən “AZE-Hüquq Servis” MMC hüquq şirkətinin təsisçisi Zaur Quliyev isə deyib ki, Ailə Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayan uşaqlar ata və anaları tərəfindən saxlanılmağa borcludur: «Eyni zamanda, nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər, atalar və ya analar uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə pul ödəməlidirlər. Həmin pul və məbləğ aliment adlanır. Belə ki, alimentin ödənilməsi notarial qaydada ata və ananın birgə razılığı əsasında saziş olaraq da bağlanıla bilər. Lakin elə valideynlər var ki, uşaqlarından ayrı yaşasalar da, uşaqlarının saxlanılması üçün könüllü olaraq aliment ödəməkdən yayınırlar. Bu halda, tərəflərdən birinin məhkəməyə alimentin tutulması ilə bağlı iddia ərizəsi ilə müraciət edərək məhkəmə əsasında alimentin tutulmasını müəyyənləşdirə bilər. Eyni zamanda, onu da qeyd edim ki, tərəflərdən heç biri alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmirsə, yerli icra hakimiyyətinin müvafiq şöbəsinin məhkəməyə müraciəti əsasında uşaqdan ayrı yaşayan valideynlərdən aliment tutulması mümkündür. Onu da demək istərdim ki, yetkinlik yaşına çatmış, amma əmək qabiliyyətini itirmiş övladların saxlanılması üçün də məhkəmə qaydasında valideynlərdən aliment alınması nəzərdə tutulub».
Ekspert həmçinin vurğulayıb ki, İnzibati Xətalar Məcəlləsinin 313-cü maddəsinə əsasən, alimenti gecikdirən və ya ödəməyən tərəf 500 manatdan 1000 manata qədər cərimələnə bilər: «Bundan başqa, vətəndaş alimentin icrasını qəsdən və qərəzli şəkildə icra etməkdən yayınarsa, Cinayət Məcəlləsinə əsasən, vətəndaş 500 manatdan 1000 manata qədər cərimə olunmaqla yanaşı, 120 saatdan 260 saata qədər ictimai işlərlə cəzalana və yaxud da 3 ilədək azadlıqdan məhrum edilir. Amma əfsuslar olsun ki, müasir dövrdə əlillik dərəcələri olan və yaxud da işləməyən valideynlər bunları əsas gətirərək aliment ödəməkdən yayınırlar. Lakin alimentin ödənilməsi mütləq mənada həyata keçirilməlidir.
Notarial qaydada tərəflərin qarşılıqlı razılaşmasına əsasən aliment ödənilməsindən yaranmış aliment borcları azaldıla və ya tamamilə silinə bilər. Bundan əlavə, məhkəmə qaydasında aliment ödəməli olan şəxsin iradəsindən asılı olmayaraq, onun xəstəliyi və ya ailə mənafeyinin çətinliyindən irəli gələrək, yaranmış aliment borcları məhkəmə qaydasında azaldıla və ya tamamilə silinə bilər. Bir məsələni də qeyd edim ki, aliment başqa ödənişlərə hesablaşma vasitəsi kimi cəlb oluna bilməz. Aliment yalan əqdlər üzərində bağlanmış sazişlərə əsasən müəyyən edilmişsə və ya aliment ödəyən tərəfə hədə-qorxular nəticəsində müəyyən olunmuşsa, eyni zamanda, məhkəmə qətnaməsinin icra vərəqəsinin aliment haqqında bağlanmış sazişin saxtakarlıq yolu ilə məhkəməyə təqdim edilməsi hallarında təyin olunmuşsa, ödənilmiş aliment aliment ödəyən tərəfə geri qaytarılmalıdır».
Mütəxəssis öz açıqlamasında həmçinin bildirib ki, notarial qaydada aliment ödənilməsi ilə bağlı qəbul olunmuş sazişin müddəti bitdikdə, tərəflərdən biri vəfat etdikdə və ya şəxs yetkinlik yaşına çatdıqda alimentin ödənilməsinə xitam verilə bilər: «Yəni, məhkəmə qaydasında müəyyən olunmuş aliment ödənişlərində tərəflərdən biri vəfat etdikdə, aliment alan və ya aliment ödəyən tərəf vəfat etdikdə, şəxs yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmış, amma əmək qabiliyyəti olmayan şəxsin məhkəmə qaydasında əmək qabiliyyətli olması müəyyən edildikdə, eyni zamanda, yetkinlik yaşına çatmış şəxs və ya aliment alan tərəf digər şəxslər tərəfindən övladlığa götürüldükdə, bundan əlavə, aliment alan ər və ya arvadın yeni nikaha daxil olduğu anlarda aliment ödənilməsinə xitam verilə bilər. Aliment ödəməli olan şəxs xarici ölkəyə daimi yaşamaq üçün getdiyi zaman aliment ödəməli olan tərəf ya alimentin miqdarını tam ödəməyə borcludur və yaxud qarşı tərəfin ehtiyacına əsasən həmin məbləği hər hansı bir əmlak verməklə əvəzləşdirə bilər və ya qarşılıqlı sazişə əsasən, o, alimenti ödəməyə davam edə bilər». Hafta.az

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …

Bir cavab yazın