Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Ailə qurmaq istəyən 97 cütlükdə talassemiya aşkarlandı

Ailə qurmaq istəyən 97 cütlükdə talassemiya aşkarlandı

Talassemiya Azərbaycanda geniş yayılmış xəstəliklərdəndir. Bu ilin aprelinədək Respublika Talassemiya Mərkəzində 2959 xəstə qeydiyyata alınıb. Onlar vəziyyətlərindən asılı olaraq ümumi, müvafiq və yaxud xüsusi, spesifik müalicə alırlar, dərman preparatları ilə təmin olunurlar.

Virtualaz.org saytı xəbər verir ki, bunu Mərkəzin direktoru Ceyhun Məmmədov Beynəlxalq Talassemiya Günü ilə bağlı bu gün keçirilən tədbirdə bildirib.

C.Məmmədovun sözlərinə görə, Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür. “Bu ilin 3 ayında mərkəzə 6273 müraciət daxil olub. İlk dəfə müraciət etmiş 603 nəfərin 72-si disponser qeydiyyatına götürülüb. Mərkəzin Hemotologiya şöbəsində 105 xəstə stasionar müalicə alıb”, – Mərkəz direktoru qeyd edib.

Tədbirdə qeyd edilib ki, dispanser qeydiyyatda olan 2959 xəstənin 2/3-si uşaqlardır: “Uşaq dünyaya gəldikdən qısa müddət sonra qan azlığının ağır forması olan anemiya müşahidə edilir. Dəqiq diaqnozun qoyulması 1 yaşdan sonra mümkün olur. Ümumiyyətlə, müraciət edənlər arasında müxtəlif yaş qruplarından olan xəstələr var”.

C.Məmmədov əlavə edib ki, Azərbaycanın bütün bölgələrində talassemiya müşahidə olunur. Lakin Aran bölgəsi, Ağdaş, Göyçay, Şəki, Qəbələ və cənub zonasında talassemiya xəstələrinin sayı daha çoxdur.

“Bu il Sümük İliyi Transplantasiya şöbəsində 9 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib. Ümumilikdə şöbənin fəaliyyətə başladığı 2014-cü ildən indiyədək 51 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib”, -C.Məmmədov əlavə edib.

Direktor onu da qeyd edib ki, ailə quran cütlüklərdən nikahdan öncə müayinə aparılması talassemiya daşıyıcılarının vaxtında aşkarlanmasına səbəb olub: “Bu müayinələrin aparılmasında məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. İndiyə qədər 258521 nəfər müayinədən keçib. 11215 nəfərdə talassemiya daşıyıcılıq aşkarlanıb, 97 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb. Daşıyıcı olan 54 cütlük prenatal disaqnostika olunması üçün qeydiyyata götürülüb”.

“2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicəsi və profilaktikası üzrə” Dövlət Proqramı həyata keçirilir.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın